Prof. İbrahim Cəfərov
Bitki mühafizə və Texniki bitkilər Elmi-Tədqiqat İnstitutunun rəhbəri,
AMEA-nın müxbir üzvü
Bakı, 21 iyul — Azadmedia.az
"Əkinçi" qəzeti Azərbaycan xalqının milli oyanışında, eyni zamanda milli birliyinin möhkəmləməsində böyük rol oynadı.
Nəhayət, Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabi böyük çətinliklərdən sonra Bakıda Azərbaycan dilində "Əkinçi" qəzetinin çap olunmasına nail oldu və qəzetin ilk sayı 1875-ci ilin iyulun 22-də işıq üzü gördü. Elə bununla da Azərbaycan milli mətbuatının əsası qoyuldu.
Cənab Prezident İlham Əliyev belə qeyd edir - “Əlbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm.”
Xüsusilə maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” qəzeti qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşdı. Ancaq “Əkinçi”nin ömrü uzun sürmədi. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başladı və sonda qəzetin nəşrini dayandırdı. Bütün bunlara baxmayaraq, o dövrün görkəmli maarifçiləri "Əkinçi" qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərdilər.
Azərbaycan Milli mətbuatı cəmiyyətin inkişafına töhfələr verdi. Bəli, 1875-ci ildən sonra çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr verərək, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərdi.
Qeyd edim ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün ölkədə yüzlərlə mətbu orqanı qəzet və jurnal fəaliyyət göstərir.
Əlbətdə ki, dayanıqlı inkişafa səbəb olmuş islahatlar sayəsində, ölkəmizdə müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yaranmışdır. 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür. Sözsüz ki, 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu və bu, milli mətbuatın inkişafına ciddi təkan verdi.
Beləliklə, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əkinçi" qəzetinin nəşrə başlandığı gün – 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur.
Elə həmin vaxtdan müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan milli mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. Bu gün Azərbaycan mətbuatı qlobal informasiya şəbəkəsinin bir hissəsidir.
Ümummilli Liderimizin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı onun layiqli varisi ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublikamızda söz və mətbuat azadlığı tam təmin olunub, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, həmçinin internet qəzetçilik də inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bu gün müstəqillik yolu ilə inamla irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması istiqamətində ciddi addımlar atılır, bu sahənin inkişafı ilə bağlı bir sıra uğurlu layihələr həyata keçirilir.
Ən ümdəsi onu bildirməliyəm ki, ölkə mediası həm I, həm də II Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub. Hər bir halda, hər vaxt Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımızın 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə dövründə də bu işi layiqincə davam etdirdi. Azərbaycan milli mediası bu gün də dövlətimizin başçısı, cənab Ali Baş Komandan İlham Əliyevin artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı. 44 gün davam edən Vətən müharibəsində və müharibədən sonrakı dövrdə həqiqətlərin dünyaya çatdırılmasında jurnalistlərin fəaliyyəti böyük oldu. Xüsusilə nümayiş olunan peşəkarlıq, fədakarlıq və çeviklik sayəsində dünya ictimaiyyətinə müharibə ilə əlaqədar, o cümlədən Ermənistanın törətdiyi müharibə cinayətləri haqqında dolğun məlumatların çatdırılması mümkün oldu. Bu işlərin həyata keçirilməsində ən böyük missiyanı Prezident İlham Əliyevin özü reallaşdırdı. Məhz onun Vətən müharibəsi dövründə 30-dan çox beynəlxalq media qurumlarına geniş müsahibələri bu reallıqların dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Elə bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə hər daim fərqlənirlər.
Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti, bu gün, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Jurnalistikamızda söz, fikir azadlığının yaradılmasını, demokratiyanın inkişafını özündə əks etdirən bu uğurlu siyasət nəticəsində, Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınır!