Azərbaycanda plastik qabların məhdudlaşdırılması ilə bağlı qanun qüvvəyə minib. Belə ki, ölkədə iyulun 1-dən etibarən plastik qabların istehsalı və istifadəsi qadağan olunub. Son illər plastik qabların istifadəsinin geniş vüsət alması ətraf mühitə və sosial sahəyə böyük zərər vurub. İnkişaf etmiş ölkələrdə də plastik qablardan mərhələlərlə imtina olunur.
Statistikaya görə, hər il dünyada 500 milyon ton plastik məhsul istehsal edilir. Plastik və polietilen məhsulların təbiətdə tam parçalanması üçün əsrlər tələb olunur. Belə ki, onların torpağa tam qarışması üçün quru şəraitdə 800 il, dəniz-göl şəraitində isə 400 il vaxta ehtiyac var.
Plastik qablar və paketlər istifadə üçün çox asan və əlverişli olsa da, onların tullantıları yalnız insanlar üçün deyil, bütün canlıların həyatına təhlükə yaradır. Plastik tullantılar həm quruda, həm də suda flora və faunanın məhvinə gətirir.
Artıq ABŞ-ın bir neçə ştatında plastik qabda məhsullar satılmır. Həmin məhsullar kağızdan və dəmirdən hazırlanmış qablarda təqdim olunur. Plastik qabların idarə edilməsi və utillizasiya problemi Azərbaycanda da ciddidir. Dənizkənarı Bulvarlarda, çimərliklərdə və meşələrdə plastik qabların tullantısı kütləvi xarakter daşıyır. Bəzi hallarda onların bir yerə toplanıb yandırılmasını da görürük. Təbii ki, bu, çıxış yolu deyil, onu yandırmaqla ətraf mühit və sosial sahəyə başqa bir zərəri dəyir.
“Qafqazinfo” Azərbaycanda ekologiya və ətraf mühitin mühafizəsinin necə qorunması ilə maraqlanıb.
Azərbaycan Prezidentinin 2019-cu il 7 fevral tarixli 935 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycanda plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı” hazırlanıb.
Azərbaycanda mövcud problemlə bağlı hansı tədbirlər nəzərdə tutulub?
Həmin tədbirlər planı üzrə görülmüş işlər haqqında bəzi məlumatları diqqətinizə çatdırmaq istərdik.
Tədbirlər Planının qəbulundan sonra plastik qablaşdırma tullantılarının idarə olunmasında müsbət dəyişikliklər müşahidə olunur. İlkin olaraq Sumqayıt şəhərində həyata keçirilən “Təmiz Sumqayıt” pilot layihəsinin məqsədi qablaşdırma tullantılarının çeşidlənməsi və düzgün idarə olunmasında əhalinin yaxından iştirakı, çeşidlənmiş tullantıların təkrar emala çatdırılmasıdır.
Plastik qablaşdırma tullantılarının selektiv qaydada toplanmasının təşviqi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə 250-dən artıq xüsusi konteynerlər hazırlanaraq, 37 şəhər və rayonun ərazisində yerləşdirilib. Bu təşəbbüsə digər maraqlı tərəflər, o cümlədən, yerli idarəetmə orqanları və sahibkarlar da qoşulub.
Bütün qanunların icrasında olduğu kimi, burada da maarifləndirmənin rolu mühümdür. Plastik qabların məhdudlaşdırılmasına dair qanun qüvvəyə minsə də, onun tam tətbiqindən danışmaq tezdir. Həmin qanunun necə işlədiyini hər birimiz ətrafa baxıb müşahidə etməklə müəyyən edə biləcəyik. Ümid edək ki, bu qanun “Tütün məhsullarının ictimai yerlərdə məhdudlaşdırılması” haqqında qanunun aqibətini yaşamayacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev “Qafqazinfo”ya açıqlamasında bildirdi ki, birdəfəlik istifadə olunan plastik məhsulların qadağa olunmasında məqsəd onların yerinə ucuz və daha keyfiyyətli məhsulları ölkə bazarına gətirməkdir:
“Çünki birdəfəlik istifadə olunan plastik qablar ekologiyaya və cəmiyyətə kifayət qədər zərər verir. Həmçinin, plastik məhsulların təkrar emalı yoxdur”.
Neyman İsmayıl
Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə dərc olunub.