Türk dövlətlərini bir-birinə əsrlər boyu mövcud olan tarixi, etnik və dini bağlar bağlayır. Dünyada 200 milyona yaxın türk mənşəli insan yaşayır. Dünya sivilizasiyasına böyük töhfələr vermiş, çoxlu dövlətlər, imperiyalar yaratmış Türk xalqları bəşəriyyətə dahi alimlər, mütəfəkkirlər də bəxş edib. Dünyada gedən qloballaşma fonunda Türk xalqlarının öz mədəniyyətini qoruması və etnik köklərini unutmaması çox vacibdir.
Türk dünyası ölkələrinin güclənməsi, nüfuzunun artması Türk dövlətlərinin bir təşkilat altında birləşməsini labüd edirdi. Məhz bu səbəbdən Türk ölkələrinin dövlət başçılarının 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə görüşündə Türkdilli dövlətlər xalqları arasındakı tarixi bağlara, ümumi dil, mədəniyyət və ənənələrə əsaslanaraq, hərtərəfli əməkdaşlığın dərinləşməsinə səy göstərərək, siyasi çoxqütblülük, iqtisadi və informasiya qlobalizasiyası proseslərinin inkişafı şəraitində regionda sülhün möhkəmləndirilməsi, təhlükəsizlik və sabitliyin təmin edilməsinə birgə töhfə verilməsini arzulayaraq, ümumi qurum çərçivəsində qarşılıqlı əlaqənin dövlətlər və onların xalqları arasında xoş qonşuluq, vahidləşmə və əməkdaşlıq üçün geniş potensialdan faydalanmağa şərait yaratdığını hesab edərək, “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi”ni imzalanıb və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması üzrə razılığa gəlinib.
Türk ölkələri arasında bağlanan müqavilələrə əsasən 4 təsisçi ölkələrdən biri olan Azərbaycan yarandığı ilk tarixdən etibarən bu təşkilatla sıx əməkdaşlıq edir.
Türk Dövlətləri Təşkilatının üçüncü Zirvə Görüşü rotasiya prinsiplərinə uyğun olaraq 16 avqust 2013-cü il tarixində Qəbələ şəhərində keçirilib. Azərbaycanın ev sahibliyi etdiyi Zirvə Görüşündə Prezident İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Türkiyə Prezidenti Abdullah Gül, Qırğızıstan Prezidenti Almazbek Atambayev və Türkmənistan Baş nazirinin müavini Sapardurdu Toyliyev iştirak ediblər. Ana mövzusu “Nəqliyyat və bağlantı” olan Zirvə Görüşü çərçivəsində “Türk Şurasına üzv dövlətlərinin xarici işlər nazirləri arasında əməkdaşlıq Protokolu” imzalanıb, TÜRKSOY təşkilatının 20 illik yubileyi geniş konsert proqramı ilə qeyd edilib. Görüşün sonunda dövlət başçıları tərəfindən “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Üçüncü Zirvə Toplantısının Bəyannaməsi” imzalanıb. Bununla yanaşı, Azərbaycan Zirvə Görüşündən sonra növbəti bir il ərzində təşkilata sədrlik edib. Azərbaycanın sədrliyi dövründə Naxçıvan sazişində müəyyən edilmiş müxtəlif prioritet sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi üçün bir sıra tədbirlər həyata keçirilib, yeni təkliflər irəli sürülüb.
Təşkilatın təsis edildiyi tarixdən bu günə qədər iqtisadi əməkdaşlıq çərçivəsində bir sıra tədbirlər, iqtisadiyyat, gömrük və nəqliyyat nazirlərinin görüşləri keçirilib. 2011-ci ildə Astanada keçirilmiş iqtisadiyyat nazirlərinin birinci iclasında investisiya mühitinin yaxşılaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi və sahibkarlıq üzrə işçi qruplarının yaradılması haqqında qərar qəbul edilmiş və bu işçi qruplarının mütəmadi olaraq iclasları keçirilməkdədir. 19 fevral 2014-cü ildə İstanbulda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə iş adamlarının iştirakı ilə Biznes Forum təşkil edilib. 2014-cü ilin 19-20 iyun tarixlərində İssuk-Kulda TDT-nın iqtisadiyyat üzrə işçi qrupları və iqtisadiyyat nazirlərinin növbəti iclasları keçirilib. TDT çərçivəsindəki növbəti Biznes Forum 2014-cü ilin oktyabr ayında Naxçıvanda təşkil edilib.
Bundan başqa üzv dövlətlər arasında ticarət-iqtisadi münasibətləri inkişaf etdirmək məqsədilə nəqliyyat və gömrük sahəsində əməkdaşlığa xüsusi əhəmiyyət verilmişdir. TDT-na üzv ölkələrin nəqliyyat nazirlərinin ilk iclası 2013-cü ilin iyul ayında Bakıda keçirilib. Üzv dövlətlərin ərazilərindən keçən Mərkəzi Nəqliyyat Dəhlizi boyunca səmərəli nəqliyyat əməliyyatlarının davamlı, mərkəzləşmiş və asan keçidinə əngəl yaradan mövcud maneələrin aradan qaldırılması istiqamətində səylər davam etməkdədir. Xəzər dənizi və Qara dəniz limanları arasında əlaqələrin inkişafı, regionun multimodal nəqliyyat potensialının artırılması və Xəzər dəniz keçidinin nizamlanması üzv dövlətlərin nəqliyyat və gömrük sahəsi üzrə görüşlərinin gündəliyində xüsusi yer tutur. Samsun, Bakı və Aktau limanları arasında qardaş limanlar əlaqələrinin yaradılması bu istiqamətdə atılmış addımdır
Türk birlikləri arasında birliklərin möhkəmləndirilməsi bu gün aktual və vacib məsələdir. Ölkə başçımız Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı qeyd etdi ki, “Bizi tarix, etnik köklər birləşdirir. Dillərimiz arasında oxşarlıqlar var, mədəniyyətlərimiz, adət-ənənələrimiz kifayət qədər oxşardır”, - deyən dövlətimizin başçısı əlavə edib: “İstərdik ki, bu təşkilat daha güclü olsun və nəticələrə köklənsin. Bu baxımdan Azərbaycan hər zaman əlindən gələni edib. O ki qaldı, üzv dövlətlər arasında qarşılıqlı əlaqələrə, bizim aramızda çox yaxşı mühit var.
Bəli Azərbaycanın həm iqtisadi, həm də siyasi mühiti tam imkan verir ki, Türk birlikləri arasında öz mövqeyimizi tam nümayiş etdirək.
Dilgüşə Məmmədova
Masallı Tarix-Diyarşünaslıq Muzeyinin elmi işçisi