24 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurası və Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrasına dair təlim keçirilmişdir. Təlimə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin, Bakı şəhəri Narkoloji Mərkəzinin təmsilçiləri və 15-dən çox media qurumunun nümayəndələri dəvət edilmişdir.
Tədbiri giriş sözü ilə açan Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nemət Cavadov Dövlət Proqramının icra vəziyyəti ilə bağlı məlumat vermiş, adıçəkilən tədbirin hər il silsilə olaraq keçirilməsinin əhəmiyyət və təsirlərindən danışmışdır. N.Cavadov bildirmişdir ki, bu cür tədbirlər yalnız ölkə miqyasında deyil, ümumdünya təşkilat və qabaqcıl dövlətlər tərəfindən də mütəmadi olaraq keçirilməkdədir.
Daha sonra Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini Tanriverdi Aydınov çıxışı zamanı təlimin əhəmiyyətindən bəhs etmişdir. Qeyd etmişdir ki, cəmiyyətin maarifləndirilməsində və məlumatların əlçatanlığında medianın müstəsna rolu var.
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun rəhbəri Nəcəf Aydınoğlu təkcə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizədə yox, qanunsuzluğa aparan bütün istiqamətlər üzrə düzgün və mütəmadi təbliğatın əhəmiyyətindən bəhs etmiş, məlumatlara inamın artırılması istiqamətində işlər görülməsinin vacibliyini təlim iştiraçılarının diqqətinə çatdırmışdır.
Çıxışı zamanı Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin psixoloqu Ramin Allahverdiyev psixotrop maddələrdən asılılığın mütləq əksəriyyətinin uşaqlıq travmaları ilə əlaqəli olduğunu, bunun üçün məktəb və universitetlərdə tələbə və şagirdlərlə fərdi, o cümlədən vaildeynləri ilə də maarifləndirici görüşlərin əhəmiyyətindən bəhs etmişdir.
Daha sonra Bakı şəhəri Narkoloji Mərkəzinin həkim-narkoloqu Afət Məmmədova çıxış etmiş, həmin insanlarda genetik ötürücülükdən daha çox qazanılmış vərdişlərin fəsadları olduğunu vurğulamışdır. A.Məmmədova bu cür hallarda toplumun onlara yanaşmasının dəyişməli olduğunu, dəstək göstərilməsinin prosesə müsbət təsir göstərəcəyini vurğulamışdır.
Təlim zamanı Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Ayxan Sadıqlı mövzu ilə bağlı geniş təqdimat etmiş, mediada dərc olunan informasiyaların qanunvericiliyin tələbləri ilə mütənasibliyi, prosesin nəzarət və tənzimləmə mexanizmi və mümkün cəza tədbirlərindən danışmış, beynəlxalq praktikada diqqətə alınan metodlardan bəhs etmişdir.
Təlim media nümayəndələrini maraqlandıran sualların cavablandırılması və mövzu ilə bağlı müzakirələrlə davam etmişdir.
Xatırladaq ki, adıçəkilən mövzuda görülən tədbirlərin gücləndirilməsi və koordinasiyası məqsədi ilə yaradılmış Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu ilə Audiovizual Şuranın mütəmadi olaraq əməkdaşlıq etməkdədir.