AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kənd təsərrüfatının siyahıyaalınması aqrar siyasətin formalaşmasında əsas məlumat mənbəyidir.

  • + A
  • - A
  • Bu gün, 12:53

    Kənd təsərrüfatının siyahıyaalınması aqrar siyasətin formalaşmasında əsas məlumat mənbəyidir.


    Dünyada statistik informasiyanın rolu durmadan artmaqdadır. Çünki sosial-iqtisadi proseslərin effektiv idarə edilməsi müfəssəl və keyfiyyətli informasiya bazasının mövcudluğuna əsaslanır. Belə informasiya bazasının formalaşdırılmasında isə müxtəlif sahələrdə aparılan siyahıyaalmalar və müayinələr mühüm rol oynayır.
    Azərbaycanda əsas iqtisadi fəaliyyət sahələrindən hesab olunan aqrar sahəyə dair dəqiq informasiya bazasının formalaşmasında , aktual məsələlərin həll olunmasında kənd təsərrüfatının siyahıyaalınmasının keçirilməsi vacib məsələ hesab olunur.
    Müasir dövrdə kənd təsərrüfatı yalnız ərzaq istehsal edən bir sahə deyil, eyni zamanda sosial, iqtisadi və ekoloji proseslərin mərkəzində dayanan mühüm sektordur. Bu sahənin davamlı və səmərəli inkişafını təmin etmək üçün isə əsaslı və dolğun statistik məlumatlara ehtiyac vardır. Məhz bu səbəbdən kənd təsərrüfatının siyahıyaalınması dövlət idarəçiliyi, elmi tədqiqatlar və biznes qərarları baxımından əvəzolunmaz əhəmiyyət daşıyır.
    Kənd təsərrüfatı siyahıyaalması torpaq sahələrinin bölgüsü, əkin və heyvandarlıq strukturu, kənd təsərrüfatı texnikalarının mövcudluğu, suvarma sistemləri və insan resursları kimi sahələr üzrə geniş və əhatəli məlumatların toplanması prosesidir. Bu məlumatlar dövlət orqanlarına kənd yerlərində hansı dəstək tədbirlərinin görülməli olduğunu müəyyənləşdirməyə imkan verir. Məsələn, müəyyən bölgədə suvarma sistemi çatışmazlığı varsa, bu fakt siyahıyaalma nəticəsində üzə çıxır və müvafiq tədbirlərin görülməsi planlaşdırıla bilər.
    Digər tərəfdən, kənd təsərrüfatı siyahıyaalması ərzaq təhlükəsizliyi ilə bağlı strateji qərarların qəbulunda mühüm rol oynayır. Əgər dövlət illik məhsul istehsalı barədə dəqiq məlumata sahib deyilsə, ərzaq idxalı və ixracatı ilə bağlı düzgün planlama aparmaq mümkün olmur. Beləliklə, siyahıyaalma həm daxili bazarın tənzimlənməsi, həm də beynəlxalq ticarət əlaqələrinin düzgün qurulması baxımından zəruridir.
    Siyahıyaalma eyni zamanda elmi araşdırmalar üçün də baza rolunu oynayır. Aqrar sektorun inkişaf meyillərini, məhsuldarlığın dəyişməsini və kənd yerlərində sosial-iqtisadi vəziyyəti təhlil etmək istəyən tədqiqatçılar üçün bu məlumatlar mühüm mənbədir. Bu baxımdan, kənd təsərrüfatının siyahıyaalınması elmi biliklərin inkişafına da töhfə verir.
    Nəhayət, bu proses fermerlərin özləri üçün də əhəmiyyətlidir. Siyahıyaalma nəticəsində formalaşan kənd təsərrüfatı reyestrləri, fermerlərin dövlət dəstəyi proqramlarından, subsidiyalardan və güzəştli kreditlərdən istifadə etməsini asanlaşdırır.
    Bütün bu səbəbləri nəzərə alaraq demək olar ki, kənd təsərrüfatının siyahıyaalınması yalnız statistik bir tədbir deyil, həm də strateji inkişafın, ərzaq təhlükəsizliyinin və sosial rifahın təminatıdır. Bu prosesi mütəmadi və dəqiq şəkildə həyata keçirmək, gələcəyə inamla addımlamaq üçün vacib şərtlərdəndir.
    Bunları nəzərə alaraq Dövlət Statistika Komitəsi tərəfindən 2025-ci ilin 15 iyul-15 avqust tarixlərində ölkə üzrə kənd təsərrüfatının siyahıyaalınması keçirilmişdir. Ümumiyyətlə, ölkəmizdə belə mühüm tədbirin həyata keçirilməsinin zəngin tarixi var. Belə ki, kənd təsərrüfatının siyahıyaalınması Azərbaycanda ilk dəfə 1921-ci ildə keçirilmişdir. Sonrakı illərdə kənd təsərrüfatının ayrı-ayrı sahələrinə dair sorğu keçirilmiş, uçotlar aparılmışdır. 1932-ci ildən sonra kolxoz və sovxozlar kimi iri təsərrüfatlar meydana gəldiyindən genişmiqyaslı kənd təsərrüfatı siyahıyaalınmasının keçirilməsinə ehtiyac qalmamış, əhalinin şəxsi yardımçı təsərrüfatları üzrə məlumatlar müəyyən seçmə müşahidə və başdanbaşa uçot məlumatları əsasında toplanmışdır. Bununla belə, kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə uçot və siyahıyaalmaların keçirilməsi davam etdirilmişdir. Bunlara misal olaraq hər il yanvarın 1-i vəziyyətinə mal-qaranın uçot və ya siyahıyaalınmasının keçirilməsini, əhali təsərrüfatlarında kənd təsərrüfatı bitkilərinin əkin sahələrinə dair mütəmadi keçirilən başdanbaşa uçotları nümunədir.
    Keçən əsrin 90-cı illərində ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə kənd təsərrüfatı siyahıyaalınması 2005-ci ilin iyun ayının 1-dən 30-dək olan dövrdə keçirilmişdir. Cari ildə isə müstəqil Azərbaycan Respublikasının tarixində üçüncü dəfə kənd təsərrüfatının siyahıyaalınması keçirilmişdir. Siyahıyaalma prosesi ilk dəfə olaraq müstəqillikdən sonrakı tarixdə işğaldan azad olunmuş ərazilərdədə keçirilmişdir.

    Respublika üzrə kənd təsərrüfatının ümumi siyahıyaalınmasının həyata keçirilməsi zamanı əldə edilmiş nəticələr ölkə üzrə kənd təsərrüfatının inkişaf meyillərinin düzgün qiymətləndirilməsində və bu sahədə qərarların qəbul edilməsində əhəmiyyətli rola malik olacaqdır.
    Kənd təsərrüfatının siyahıyaalınması (və ya kənd təsərrüfatı siyahıyaalması) bir ölkədə və ya bölgədə kənd təsərrüfatı fəaliyyətləri barədə sistemli, dəqiq və əhatəli məlumatların toplanması prosesidir. Bu prosesin vacibliyi bir neçə əsas səbəbdən irəli gəlir:
    Dövlətin kənd təsərrüfatı siyasətini düzgün planlaması və icra etməsi üçün real statistik məlumatlara ehtiyacı var. Siyahıyaalma aşağıdakı göstəriciləri təqdim edir:
    • Torpaq sahələrinin istifadəsi
    • Əkin və heyvandarlıq sahələri
    • Fermer və ailə təsərrüfatlarının sayı
    • İstehsal həcmi və məhsuldarlıq
    Kənd təsərrüfatı ilə məşğul olanların dəqiq sayı və ehtiyacları məlum olduqda aşağıdakı məsələlər daha səmərəli planlaşdırıla və tətbiq oluna bilər :
    • Subsidiyalar
    • Texniki dəstək
    • Kənd infrastruktur layihələri
    Kənd təsərrüfatı məlumatları müəyyən məsələləri izləməyə və vaxtında tədbir görməyə imkan verir:
    • Ərzaq ehtiyatlarını
    • Məhsul dövriyyəsini
    • Quraqlıq, su çatışmazlığı və digər riskləri
    Dəqiq statistika həm yerli, həm də xarici investorlar üçün:
    • Hansı sahələrin inkişaf etdiyini
    • Hansı məhsulların daha rentabelli olduğunu
    Siyahıyaalma aşağıdakı sosial aspektləridə əhatə edir:
    • Fermerlərin yaşı, cinsi, təhsili
    • Əmək şəraiti və gəlir səviyyəsi
    Kənd təsərrüfatı siyahıyaalması, ölkənin ərzaq təhlükəsizliyi, iqtisadi sabitliyi və sosial rifahı üçün strateji əhəmiyyətə malikdir. Bu proses sayəsində hökumət, tədqiqatçılar və investorlar daha əsaslı və düzgün qərarlar qəbul edirlər.
    Qərarın qəbul edilməsi ilə təsərrüfatların fəaliyyəti, kənd təsərrüfatı məhsullarının istehsalı, torpaqlardan istifadə və onların suvarılması vəziyyəti, istifadə edilən toxumların mənbəyi, gübrə və pestisidlərdən istifadə, cinslər üzrə heyvan və quşların sayı, istifadə olunan yemin növləri, akvakultura, kənd təsərrüfatı təyinatlı tikililər və texnika, işçi qüvvəsi və s. barədə aktual məlumatların əldə edilməsinə həmçinin cari statistik uçot məlumatlarının dəqiqləşdirilməsi həyata keçiriləcək.
    Kənd təsərrüfatında baş verən proseslərin qiymətləndirilməsi və son siyahıyaalmadan ötən dövr ərzində baş vermiş struktur dəyişikliklərin təhlilinə, aqrar bölmədə həyata keçirilən dövlət siyasətinin informasiya təminatının yaxşılaşdırılmasına və bu sahənin gələcək inkişafı ilə bağlı qərarların qəbul edilməsi üçün statistik məlumat istifadəçilərinin keyfiyyətli məlumatlarla təmin edilməsinə imkan yaranacaq.
    Füzuli Rayon Statistika İdarəsinin
    aparıcı məsləhətçisi; Anar Əlizadə





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR