AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakı Xoreoqrafiya Akademiyasının bir qrup üzvü özbaşınalıq, hərc-mərclikdən şikayət edir

  • + A
  • - A
  • 19-10-2021, 11:37

    Bakı Xoreoqrafiya Akademiyasının bir qrup üzvü özbaşınalıq, hərc-mərclikdən şikayət edir

    Bakı Xoreoqrafiya Akademiyasının bir qrup əməkdaşı Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimova AÇIQ MƏKTUB ünvanlayıb.

    Azadmedia.az-ın redaksiyasına daxil olan məktubda akademiyanın əməkdaşları bir neçə aydır ki, adıçəkilən təhsil ocağındakı inzibati özbaşınalıq, hərc-mərclikdən şikayət ediblər. Məktubda bildirilir ki, akademiyada Azərbaycan Respublikasının Əmək və Mülki Məcəllələrinin müvafiq maddələrinə zidd qanunsuz hərəkətlər hökm sürür.

    Məktubu olduğu kimi təqdim edirik:

    Hörmətli Anar müəllim,

    Biz, aşağıda imza edən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı Xoreoqrafiya Akademiyası kollektivinin bir qrup nümayəndəsi Sizə son ümidimiz kimi müraciət edərək bildiririk ki, Bakı Xoreoqrafiya Akademiyasında bir neçə aydır ki, inzibati özbaşınalıq, hərc-mərclik, Azərbaycan Respublikasının Əmək və Mülki Məcəllələrinin müvafiq maddələrinə zidd qanunsuz hərəkətlər hökm sürür.

    İlk növbədə qeyd etməliyik ki, əvvəlcə Bakı Xoreoqrafiya Akademiyasının bədii rəhbəri, sonra isə rektor vəzifələrini müvəqqəti icra etmək üçün təyin etdiyiniz Azərbaycan Respublikasının Əməkdar artisti Nailə Məmmədzadənin elementar olaraq ana dilində səlis danışa bilməməsi, magistr təhsili olmaması, ali təhsilin səviyyələri üzrə tədrisin təşkilindən, idarəçilikdən xəbəri olmaması, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin Nailə Məmmədzadənin rektor təyin edilməsi barədə müvafiq sərəncamın olmamasına baxmayaraq, akademiyanın saytında özünü rektor kimi təqdim etməsi hallarının olması şəraitində onun rektor vəzifələrini icra etməsi nə qədər məqsədəuyğundur?

    Bununla yanaşı, Nailə Məmmədzadənin birbaşa rəhbərliyi, onunla əlbir olaraq heç bir idarəçilik təcrübəsi olmayan akademiyanın digər rəhbər işçiləri, o cümlədən akademiyanın dekanı, ibtidai, orta və ali xoreoqrafiya təhsili olmayan və özfəaliyyətin yetirməsi olan Əməkdar artist Sənan Hüseynli, bir vaxtlar Bakı Musiqi Akademiyasının uğursuz kadrlarından olan indi xoreoqrafiya akademiyasının tədris şöbəsinin müdiri Yeganə Tapdıqova, kollecin direktoru Əməkdar artist Tahir Eynullayev və daha bir neçə əməkdaşın iştirakı ilə akademiyanın professor-müəllim, inzibati və texniki-köməkçi heyətlərinin bir sıra nümayəndəsinə qərəzli, insan hüquq və azadlıqlarına zidd, etika və əxlaqdan kənar rəftar və münasibət davamlı olaraq açıq-açığına nümayiş etdirilir.

    Mütəmadi olaraq iclas adı ilə toplantılara çağrılan əməkdaşların üstünə hücum çəkilir, öncəki rəhbərliklə çalışan əməkdaşlar Nailə Məmmədzadənin rektor seçildiyi gün əsassız olaraq Əmək Məcəlləsinin ən xoşagəlməz maddələri ilə işdən azad olunacaqları ilə hədələnir.

    Bununla yanaşı, illər boyu əməkdaşların onsuz da kiçik olan əmək haqları bir az da azaldılaraq, rəhbərlikdə təmsil olunan şəxslərin rəfiqə, qohum və dostları qismində yeni təyin olunananların məvaciblərinə ikiqat, üç və hətta dördqat həcmdə əlavə olunur.

    Ədalət prinsipini pozaraq, indiki rəhbərlik xüsusi maraq çərçivəsində illərlə təhsilə və sənətə can qoyan müəllimlərin dərs saatlarını kəsərək, onları yenicə ali təhsil müəssələrini bitirmiş akademiyanın laborant və operatorları arasında bölüşdürür. Beləliklə, akademiyanın indiki rəhbərliyi uzun illər boyunca çalışan əməkdaşları işdən çıxmağa vadar edir, buna nail olmadıqda isə hər hansı bir əsassız bəhanə ilə əmək müqavilələrinə xitam verir. Ümumiyyətlə, əməkdaşlar hər gün əmək müqavilələri üzrə kadrlar şöbəsinə çağırılaraq, onların ixtisası, peşəsi və nailiyyətləri nəzərə alınmadan, onlar Nailə Məmmədzadənin xoşuna gəlməmələri səbəbindən işdən çıxmaq ərizələri yazmağa sövq edilir.

    Üstəlik, hər bir əməkdaşın haqqı olan həmkarlar komitəsinə ayrılan pul vəsaitləri Nailə Məmmədzadənin şəxsi maraqları üçün kabinetinin interyerinə və qabqacağına xərclənmişdir.

    Əmək Məcəlləsində nəzərdə tutulmuş 8 saatlıq iş günü çərçivəsində laborant və operatorlara şişirdilmiş dərs yüklərinin verilməsi və bundan irəli gələn maliyyə pozuntuları, eyni zamanda tədris şöbəsinin müdiri Yeganə Tapdıqova, eləcə də kollecin direktoru Tahir Eynullayevin iş günü ərzində akademiyada cəmi 2-3 saat olması və başqa müəssisə və təşkilatlarda digər işlərlə məşğul olmaları Bakı Xoreoqrafiya Akademiyasında təlim-tərbiyə və tədris prosesinin kobudcasına pozulmasına gətirib çıxarıb. İkili standartlar işlədib, akademiyada uzun illər çalışan adlı-sanlı professor-müəllim heyətinin gediş-gəlişini dəqiqəbədəqiqə izləyən və yoxlayan şöbə müdiri başda olmaqla bəzi “seçilmiş” əməkdaşların işə istədikləri vaxt gəlib-getməsi nə qədər düzgündür?

    Təlim-tərbiyə və tədris prosesi ikinci plana keçərək, bugünkü akademiya qladiator döyüş meydanlarını xatırladır. Özünü rektor və bədii rəhbər adlandıran şəxs digər əməkdaşlara təkəbbürcəsinə yuxarıdan aşağı baxır və imkan yarandıqca onları hədələyib təhqir edir.

    Akademiya gəlirlərinin qeyri-bərabər bölünməsi, fəxri adlardan sui-istifadə halları, bundan əlavə rüşvət müqabilində yeni təyinatlar, o cümlədən illər boyu elm və təhsil sahəsində müvəffəqiyyətlə çalışan və elmi katib kimi böyük uğurlara imza atan fəlsəfə doktoru, dosent Yeganə Əliyevanın güya öz xahişi ilə, lakin məcburən işdən çıxarılıb, yerinə Bakı Musiqi Akademiyasının dissertasiya şurasının ən uğursuz keçmiş elmi katibinin təyin olunması ən böyük ədalətsizlikdir.

    Bununla yanaşı, akademiyanın elm və yaradıcılıq işləri üzrə preorektoru Elmira Pənahovanın Elmi Şurada və tələbələrlə görüşdə səsləndirdiyi “bizə elm lazım deyil” sözləri yalnız heyrət doğurur.

    Cari ilin may ayında ciddi komissiya nəzarəti altında akademiyaya qəbul olunan şagirdlərin güya çəki alması bəhanəsi ilə onların valideynlərindən gimnastika üzrə hazırlıqlara 50 manat məbləğində pulun tələb edilməsi, ən dəhşətlisi isə sinif yoldaşları qarşısında uşaqların “əyrisən”, “deffektlisən” və buna bənzər sözlərlə təhqir edilməsi XXI əsrdə, dövlətin hər vətəndaşa verdiyi yüksək dəyərlər şəraitində yolverilməzidir.

    Bakalavr pilləsində təhsil alan, həm tələbə-şagird kontingeti, həm də bütün akademiyaya üçün təhlükə yaradan 2 kurs tələbəsinin şizofrenik-manyakal hərəkətlərinin ört-bastır edilməsi də xüsusi olaraq naraharlıq yaradır. Tələbələr və valideynlər tərəfindən rektorluğa və dekanlığa dəfələrlə məlumat verilsə də, məsələ açıq və nəticəsiz qalmışdır.

    Ümumiyyətlə, tələbə kontingentinin incidilməsi faktları hər gün daha çox geniş vüsət alır. Dekanalıqda çalışan tyutorların rüşvətxor fəaliyyətinə də göz yumulur.

    Digər tərəfdən, təhsil və mədəniyyətdə çoxillik təcrübəsi olan fəxri adlara layiq görülmüş və elmi dərəcələri olan kafedra müdirləri öz xoşu ilə işdən azad olunmaları barədə ərizə yazıb, işdən getmələri üçün bu gün daha kəskin şəkildə incidilir və hədələnir. Bu ona dəlalət edir ki, kafedra müdirlərinin yerləri artıq satılıb və öz yeni “sahiblərini” gözləyir.

    Akademiyaya anbardar vəzifəsinə gətirilən 20 yaşlı musiqi müəlliminə dərs yükünün verilməsi isə biabırçılıqdan başqa bir şey deyil.

    Nəhayət Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına zidd olaraq, rəhbərliyin qəbul günlərinin olmaması və inzibati, professor-müəllim və şagird-tələbə heyəti nümayəndələrinin rəhbərlik tərəfindən qəbul edilməməsi, hətta qapıdan qovulması kimi faktlar bizi, təkcə Azərbaycan vətəndaşı kimi, narahat etməyə bilməz. Hər bir rəhbər işçi ayrı-seçkilik etmədən rəhbərlik etdiyi müəssisənin bütün əməkdaşlarını qəbul edib, işlə bağlı bütün problemlərlə bilavasitə maraqlanmalıdır. Lakin Nailə Məmmədzadə buna nəinki əməl etmir, hətta qəbuluna yazılanları belə əlaltıları vasitəsilə qorxudub hədələyir.

    Biz sivil cəmiyyət, hüquqi və demokratik dövlət şəraitində yaşayırıq. Yuxarıda qeyd olunan qanunsuz və heç bir əxlaqa sığmayan hərəkətlər Azərbaycan Respublikasında uğurla həyata keçirilən təhsil və mədəniyyət siyasətinə kölgə salır və bu sahədə inkişafa mənfi təsir göstərir.

    Biz, bu məsələlərin öncə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi səviyyəsində, nəticə əldə olunmadığı halda Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarını rəhbər tutaraq, daha yüksək instansiyalarda, Azərbaycan Respublikasının müvafiq hüquq-mühafizə orqanları, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabineti və Azərbaycan Respublikası Prezident Administrasiyası səviyyəsində həll olunması üçün müraciətlər edəcəyik. Eyni zamanda, məsələnin kütləvi informasiya vasitələri və sosial mediada işıqlandırılması da nəzərdə tutulur.

    Hörmətli Anar müəllim,

    Müraciətimiz əsasında regionda və müsəlman Şərqində akademiya statusuna malik ilk və yeganə təhsil müəssisəsi olan Bakı Xoreoqrafiya Akademiyasında qanuna zidd hərəkətlərin aradan qaldırılması, hökm sürən özbaşınalıq və hərc-mərcliyə son qoymaq məqsədilə ölçü götürülməsini, müvafiq yoxlamaların aparılmasını, günahkarların cəzalandırılmasını və yüksək mədəni keyfiyyətlərə sahib, elm, təshil və mədəniyyət sahəsində kifayət qədər böyük uğur və nailiyyətləri olmuş bir ziyalının Bakı Xoreoqrafiya Akademiyasına rektor təyin etməyinizi Sizdən çox xahiş edirik.

    Öncədən təşəkkür edir və akademiyanın gələcək taleyinə biganə qalmayacağınızı ümid edirik.

    Dərin hörmətlə,

    Bakı Xoreoqrafiya Akademiyasının

    Bir qrup əməkdaşı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR