Eyforiya dövrü bitdi, ermənilər məyusluq içində — “Üç stol” siyasətinin fiaskosu
Ermənistanda Nikol Paşinyanın liderliyi ilə baş verən məxməri inqilabdan bir il ötür. 2018-ci ilin aprel ayının bu günlərində hərbi-xunta rejiminin cinayətkar əməllərindən bezən xalq küçələrə çıxaraq Serj Sərkisyan hakimiyyətini devirmək üçün Nikol Paşinyanın başlatdığı hərəkata dəstək verdi.
Nikol Paşinyan qısa zamanda gözlədiyi qələbəni əldə etdi. Aprelin son günlərində Sərkisyan rejimi istefa vermək məcburiyyətində qaldı və Paşinyan mayın 8-də Ermənistanın baş nazir seçildi. Xalq hesab edirdi ki, hərbi-xunta rejimindən xilas olduqdan sonra onları xoş bir gələcək gözləyir. Çünki uzun müddət hərbi-xunta rejiminin cinayətkar fəaliyyəti altında inləyən erməni cəmiyyəti Paşinyanın pafoslu, gurultulu bəyanatlarına və verdiyi vədlərə inanmaqdan başqa yolu yox idi. Ən azından ümid edirdilər ki, ölkədə korrupsiya, rüşvətxorluq azalacaq, ölkə əhalisinin azacıq da olsa sosial-iqtisadi durumu yaxşılaşacaq. Lakin xalq gözlədiyinin əksinin, ölkədə mövcud böhranın daha da ağırlaşdığını müşahidə etməyə başladı.
“Üç stol” siyasətinin fiaskosu
Qərbin xeyir-duası ilə hakimiyyətə gələn Paşinyan Avropanın ən azından Ermənistana üzləşdiyi ağır sosial-iqtisadi durumdan çıxamasına azacıq da olsa yardım edəcəyinə ümid edirdi. O, eyni zamanda Amerikadakı və digər Qərb ölkələrindəki erməni lobbisinə böyük ümidlər bəsləyiridi. Bütün bunlarla yanaşı, Rusiyanın Ermənistana olan böyük təsir imkanlarını bildiyindən Moskva ilə də oynayaraq mümkün təsirlərindən yayınmağa çalışırdı. Həm Qərb, həm Moskva, həm də erməni lobbisi Paşinyanın bu “üç stol” siyasətinin nə ilə nəticələnəcəyini gördüyündən onunla ehtiyatla davranmağa üstünlük verdilər. Qərb və erməni lobbisi bundan öncə Serj Sərkisyan rejiminin “iki stol” siyasətinin hansı acı sonluqla bitdiyinin şahidlik etmişdi.
Eyforiya dövrü bitdi, ermənilər məyusluq içində
Digər tərəfdən isə Paşinyan verdiyi vədlərə əməl etmədi. Ona görə də nə Avropa, nə də ki, Qərbdəki erməni lobbisi ona istədiyi dəstəyi vermədi. İndi isə Paşinyan “üç stol” siyasətinin acısını yaşamaqdadır. Paşinyan bunu anlasa da artıq hər şey gecdir. Necə deyərlər, qatar gedib və onu geri döndərmək mümkün deyil. Bu müddət ərzində Paşinyan verdiyi ciddi vədlərin heç birini yerinə yetirə bilməyib. Bu müddət ərzində nə əhalinin maddi-rifah halı, nə də iqtisadi vəziyyət yaxşılaşmayıb. Əksinə, daha pis duruma düşüb. Əhali ölkəni sürətlə tərk etməyə başlayıb. İnsanların Ermənistanın gələcəyinə ümidi olmadığından nəinki gənclər və imkansızla,r eyni zamanda imkanlılar belə ölkəni tərk etməyə başlayıblar. Ermənistanın rəsmi məlumatına görə, Paşinyanın hakimiyyətə gəldiyi 2018-ci ildə 1 milyard 200 milyon dollar ölkədən çıxarılıb. Bura digər qiymətli əşyalar daxil deyil. Qeyri-rəsmi məlumatlara əsasən bu rəqəm deyildiyindən qat-qat artıqdır.
Artıq erməni ekspetlər də Paşinyan hakimiyyətinin iflasa uğradığını açıqca dilə gətirməyə başlayıblar. Ermənistan Politoloqlar Assosiasiyasının rəhbəri Amayak Ovanisyan “1in.am”-a açıqlamasında deyib ki, artıq Paşinyan hakimiyyətini eyforiya dövrü bitib və onu qarşıda daha ciddi sınaqlar gözləyir. Çünki bu müddət ərzində Paşinyan qarşıya qoyulan heç bir vədi yerinə yetirə bilməyib.
İflasa doğru
Artıq kriminal oliqarxiya Paşinyan hakimiyyətini gözdən salmaq üçün əks hücuma keçib. A. Ovanisyan onu da əlavə edib ki, Paşinyan komandasının ölkəni üzləşdiyi durumdan çıxarmaq , doğru istiqamətə yönəltmək üçün aydın bir proqramı və ideologiyası yoxdur. Bu ölkənin üzləşdiyi durumu daha da mürəkkəbləşdirir. Əksinə, onun dövlət idarəçiliyindən faydalanan və indiyədək xalqın varidatını talayan “iş adamları” yaranmış situasiyadan Paşinyan hakimiyyətinə qarşı istifadə edərək, əks-təbliğat kampaniyasını həyata keçirirlər.
Artıq Ermənistan hakimiyyəti böhrana doğru gedir. Bunu Paşinyan komandasında təmsil olunan bir çox şəxslər və deputatlar görməkdədir. Komandada monolotliyin olmaması artıq sürətli parçalanmaya yol açıb. Bunu nəticəsidir ki, hakim komanda da Paşinyana və onun yürütdüyü siyasətə qarşı çıxırlar. Bu proses günbəgün artmaqda və hakimiyyət böhranı dərinləşməkdədir.
Rusiyanın gözlədiyi məqam və əks-hücum taktikası
Paşinyan hakimiyyətə gəldiyi ilk günlərdən Moskva ilə münasibətləri hamar olmadı. Ötən bir il müddətində Moskva-İrəvan münasibətlərindəki gərginlik yüksələn xətt üzrə inkişaf etdi. Bu münasibətlər müəyyən mərhələlərdə daha kəskin xarakter alıb. Son günlərdə də Moskav-İrəvan münasibətlərinin gərginləşməsi ye ni mərəhələyə qədəm qoyub. Rusiya bu ölkəyə satdığı qazın qiymətini qaldırmaq və “Qazprom Ermənistan”-da kütləvi ixtisarlar aparacağını dilə gətirib. Hazırda bu istiqamətdə qızğın müzakirələr gedir.
Moskva ilə İrəvan arasındakı “qaz müharibəsi”nə mövqeyini açqılayan erməni iqtisadi ekspert Vardan Bostancyan bunu Rusiyanın Ermənistana siyasi təzyiqi kimi dəyərləndirib.
“Rusiya Ermənistanı öz etibarlı tərəfdaşı görmək niyyətindədir. Ona görə də belə bir taktikaya əl atıb. Əgər İrəvan öz sədaqətini sübut edərsə, o zaman Rusiya bu məsələdə güzəştə gedə bilər. Əks təqdirdə qazın bahalaşması ehtimalı və ixtisarlar ehtimalı böyükdür”,- deyə, Bostancyan bildirib.
O, eyni zamanda əlavə edib ki, bu gün Ermənistanın qaz təchizatında digər alternativi də yoxdur:
“Ermənistanın İrandan qaz alması və bu ölkəni qaz təminatında alterntiv ölkə kimi seçməsi siyasəti hələlik öz müsbət nəticəsini vermir. Bu uzun vaxt aparan məsələdir. Odur ki, Ermənistanın alternativ qaz təchizatı istiqamətdəki səylərinin hər hansı böyük uğur gətirəcəyinə inanmıram”.
Erməni ekspert əlavə edib ki, xalqın artıq Paşinyan hakimiyyətinə ümidləri itdiyindən, xalq məyusluq və qeyri-müəyyənlik içindədir, onlarda gələcəyə inamsızlıq yaranıb.
Burada xüsusi bir məqam da ondan ibarətdir ki, Moskva müttəfiqlərindən istifadə etməklə Paşinyan hakimiyyətinə qarşı əks hücuma keçərək, müxalifətin revanşına təkan verməyə başlayıb. Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin hazırda həbsdə olan sabiq prezident Robert Köçəryana müraciətini bu prizmadan dəyələndirmək lazımdır.
Belə desək, Moskva Paşinyan hakimiyyətini iflasa uğratmaq istiqamətində genişmiqyaslı hərəkətə başlayıb və bu prosesin daha yaxın gələcəkdə daha da kəskin xarakter alacağı gözlənilir. Odur ki, qarşıdakı dönəmdə biz müxalifətin revanşının və əks-inqilabı proseslərin sürətlənəcəyinin şahidi olacağıq.
Səbəb- işğal siyasəti
Ermənistanın üzləşdiyi bu ağır sosial-iqtisadi böhranın bir səbəbi var. Bu da Ermənistanın qonşularına qarşı ərazi iddiaları və işğalçılıq siyasətidir. Bu məsələdə Paşinyan da əvvəlki sələflərinin səhv siyasətini davam etdirməyə üstünlük verdi.
Paşinyan hakimiyyət gələndən sonra ermənilər təkcə ölkədəki sosial-iqtisadi durumun yaxşılaması ilə yanaşı, Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi addımların atılacağını gözləyirdi. Lakin Paşinyan ümidləri doğrultmadı və erməni cəmiyyəti tədricən apatiya, ümidsizlik vəziyyətinə düşməyə başladı. Bütün bunların bir səbəbi var, o da Ermənistanın qonşu ölkələrə ərazi iddiası, işğalçılıq siyasətidir. Ermənistan nə qədər ki, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiasından, “soyqırım siyasəti”ndən və Azərbaycana qarşı işğalçılıq siyasətindən əl çəkib, bu ölkələrlə normal münasibət qurmayıb, İrəvanı qarşıda hələ daha ağır günlər gözləyir. İşğal siyasətindən daha çox əziyyət çəkən məhz Ermənistan dövləti və erməni xalqıdır. Bu aksiomadır və ermənilər bunu nə qədər tez başa düşüb, bu siyasətlərindən əl çəkərlərlsə, bir o qədər də üzləşdiyi böhrandan qurtula bilərlər.