İradə Gülməmmədovanın yaxın qohumu vətəndaşın evini uçurtdurdu
Abşeronda ölkə qanunları işləmir
Rayonda bütün sahələr İcra başçısının yaxınlarının nəzarətindədir
"Burada, əlbəttə ki, məmur-vətəndaş münasibətləri xüsusi yer tutur. Mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi demişəm, bu gün də deyirəm.
Hər kəs bilsin, eşitsin və nəticə çıxarsın: məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir, yekəxanalıq etməməlidir, hansısa qanunsuz tələb irəli sürməməlidir, özünü təvazökar aparmalıdır - özü də, ailə üzvləri də, nümunə olmalıdır, rüşvətxorluqla məşğul olmamalıdır, soyğunçuluqla məşğul olmamalıdır. Məmur bax belə, dediyim kimi olmalıdır.
Mən hər bir dövlət məmurunu təyin edəndə və ya icra başçısını başqa vəzifəyə qəbul edəndə də göstərişlər verirəm ki, get, insanlara qulluq elə, xidmət elə, dövlətə xidmət elə, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar və onların da cəzası verilir və veriləcəkdir. Biz bütün bu işləri görürük ki, Azərbaycanda inkişaf hərtərəfli və sürətli olsun, xoşagəlməz hallara son qoyulmalıdır".
Özünü xalqın birinci xidmətçisi sayan və bütün məmurlardan da bunu tələb edən cənab prezident insanlarla ədalətli rəftar edilməsini, harınlıq etməmələrini, vəzifə səlahiyyətlərindən istifadə edərək qohumlarının, övladlarının xüsusi statuslu şəxslər kimi hərəkət etməmələrini bütün səlahiyyət sahiblərinin qarşısında şərt kimi qoyub və bunlara məhəl qoymayanların sərt cəzalandırılacağını bildirib. Lakin, özünü prezidentin yürütdüyü suyasi kursun “sadiq əsgəri” hesab edən bir sıra məmurlar nəinki bu tələblərə məhəl qoymurlar, özləri və ailə üzvləri rəhbərlik etdikləri ərazilərdə şəriksiz hökmranlıq edirlər.
Yuxarıda sadaladığımız bütün neqativ hallarla respublikada “lider” mövqelərini qoruyub saxlayan Abşeron rayonu bir qrup şəxsin, konkret olaraq icra başçısı İradə Gülməmmədovanın və yaxınlarının əlində əsir vəziyyətdədir. Bu gün Abşeron rayonunda qanunlar məhz bu insanların maraqlarına tabe edilib. Respublikanın ən böyük rayonlarından biri şəxsi obyekt kimi idarə edilir.
Iradə Gülməmmədovanın yaxın qohumları qeri-rəsmi olaraq rayonda ən səlahiyyətli şəxslər hesab olunur. Onların icazəsi olmadan rayonda daşı daş üstə qoymaq, hansısa sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qeyri mümkündür.
Ümumiyyətlə rayonda ən gəlirli sahələrdən biri “tikinti biznesi” hesab olunur və bu sahəyə rəhbərlik icra başçısının bacısı oğlu Babək Zalıyevin əlində cəmlənib. Onun razılığı olmadan rayonda heç toyuq hini də tikmək mümkün deyil. Ümumiyyətlə rayonda əksər sahələrdə həlledici mövqelər icra başçısının qohumlarının əlindədir. Rəsmi və ya qeyri-rəsmi mövqelərindən istifadə edərək bütün sahələrdə nəzarəti ələ keçirən başçının qohumları iş adamlarını, sahibkarları sxışdırır, onların normal fəaliyyətinə maneçilik törədirlər.
İradə Gülməmmədovun qardaşı İlhamın vətəndaşlardan müxtəlif adlar altında böyük məbləğdə pul aldığı haqqında isə medyada kifayət qədər məlumatlar yayılıb.Belə ki,
"Titanik" adlı böyük bir obyektin sahibi olan İlham güya icra başçısının əli ilə kimlərəsə iş düzəltmək adı ilə əhalidən küllü miqdarda pul alır, əvəzində isə heç bir işlə təmin eləmir. Həmçinin onun H. Əliyev prospektində fəaliyyət göstərən tikinti obyektində işçilərə əmək haqqının vermədiyi də bildirilir. İcra başçısının qardaşının torpaq sahələrini satmaq adı ilə vətəndaşlardan külli miqdarda pul aldığı da verilən xəbərlər sırasındadır. Bu səbəbdən də aldadılan vətəndaşlar günlərlə Abşeron icra hakimiyyətinə get-gələ düşüblər. İradə Gülməmmədovanın bacısı oğlu Babək Zalıyevin zalımlığından öz nəsibini almış Mustafayev Ceyhun Bəybala oğlu redaksiyamıza üz tutaraq Azərbaycanın birinci vitse prezidenti Mehriban xanım Əliyevaya müraciət edərək kömək istəyir. Babək zalıyevin və İcra hakimiyyəti Memarlıq və tikinti şöbəsinin müdiri Akif Əliyev tərəfindən aldadılan C. Mustafayevdən ev tikməsi üçün qanunsuz pul alınıb və tikintiyə icazə verilib. “Haqq-hesabı” şatdırandan sonra tikinti işləri aparılıb və ev tikilib. Lakin, sonradan rüşvətin az olduğunu fikirləşən “tikinti bossları”- B. Zalıyev və A. Əliyev daha yüksək məbləğ tələb etməyə başlayıblar. İstənilən məbləği verməyə imkanı olmayan C. Mustafayevə təzyiqlər başlanılıb və sonda onun min-bir əziyyətlə tikdiyi evi başına uçurulub.
Beləcə, özbaşnalıqları sərhədd tanımayan İ. Gülməmmədovanın yaxınları sadə bir vətəndaşın evini uçurublar, çünki o, tələb olunan rüşvəti verə bilməyib. Bu artıq birbaşa dövlət başçısının tələblərinə sayğısızlıqdır. Ceyhun Mustafayev birinci vitse prezidentən kömək istəyir :
“ Hörmətli Mehriban xanım! Artıq Abşeron rayonunda mənim problemlərini həll edəcək bir dövlət təşkilatı qalmayıb. Çünki, burada hər şey bir qrupun-icra başçısının qohum-əqrəbasının maraqlarına hesablanıb. Babək Zalıyev və Akif Əliyev istədikləri rüşvəti verə bilmədiyim üçün mənim evimi uçurdular. Sizdən xahiş edirəm ki, bu işdə günahkar olanların cəzalandırılmasını təmin edəsiniz. Ev dağıtmaq heç zaman xalqımız tərəfindən yaxşı qarşılanmayıb. Siz bizim milli adət-ənələrimizi bütün dünyada təmsil və təbliğ edirsiniz. Mənim min bir əziyyətlə tikdiyim evimi uçuranların cəzalandırılmasına kömək etmənizi xahiş edirəm”.