AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Konstitusiya Məhkəməsinin parlamentə “vergi tutulmalıdır, ya yox” müraciəti – ŞƏRH

  • + A
  • - A
  • 8-09-2020, 14:10

    Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Konstitusiya Məhkəməsinin parlamentə müraciətini şərh edib.

    V.Bayramov Oxu.Az-a deyib ki, Konstitusiya Məhkəməsinin müraciətində ipoteka predmeti olan evlərin satılması zamanı verginin ödənilib-ödənilməsi ilə bağlı məsələyə aydınlıq gətirilməsini istəyib.

    Deputat bildirib ki, vətəndaş ipoteka kreditini geri qaytara bilmirsə, ona məxsus əmlak hərraca çıxarılır, satılır və banka dəyən ziyan ödənilir.


    “Mövcud qaydalara əsasən, girov birinci hərracda satılmırsa, ikinci hərracda mənzil 15 faiz ucuz qiymətə təklif olunur. Üçüncü halda isə mənzil 25 faiz ucuz qiymətə təklif edilir. Bu zaman mənzili yalnız bank, hərrac olmadan ala bilir”,-deyə V.Bayramov əlavə edib.

    Millət vəkili söyləyib ki, qanunvericiliyə əsasən, protokolu təsdiq olunmuş ixtisaslaşdırılmış təşkilatlar vergi agenti olaraq ödəmə mənbəyindən vergi tuturlar:

    “Ancaq əmlak bankın sərəncamına keçən zaman hərrac olmur və hərrac protokolu tərtib edilmir. Konstitusiya Məhkəməsinin sualı bundan ibarətdir ki, həmin zaman vergi ödənilməlidirmi? Bankların mövqeyi belədir ki, bu halda vergi ödənilməməlidir. Çünki bank məcburən həmin əmlaka yiyələnir”.

    V.Bayramov təklif edib ki, Vergi Məcəlləsinə dəyişiklik olunmaqla mübahisəli məsələlər həllini tapsın.

    Onun sözlərinə görə, bank nə qədər xərc çəkirsə, nəticə etibarilə kredit faizlərini artırır.

    “Buna görə də, təklifim bundan ibarətdir ki, yaranan xərc bankların mənfəətindən azaldılsın. Bu, banklara əlavə xərcin yaranmaması deməkdir”,-deyə V.Bayramov bildirib.

    Millət vəkilinin fikrincə, ümumilikdə ipotekada olan mənzillərin hərracı ilə bağlı sistem təkmilləşdirilməlidir:

    “Təsəvvür edin, girov kimi hərraca çıxarılan ipoteka predmeti olan evlərin cəmi 2 faizini vətəndaşlar alır. Digər 98 faizi isə bankların mülkiyyətinə keçir. Vətəndaşların əlçatanlığı baxımından bu hərracların səmərəliliyinin artırılmasına ehtiyac var. Vətəndaşların hərraclarda iştirak imkanlarının genişləndirilməsi və hərraca çıxarılan mənzillərə öncədən baxış imkanlarının yaradılması məsələləri işçi qrup tərəfindən müzakirə ediləcək”.

    Qeyd edək ki, Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2020-ci il tarixli qərarına əsasən, ipoteka saxlayanın məhkəmə qaydasında təmin olunmuş tələbi əsasında keçirilmiş təkrar hərrac baş tutmamış elan edilə bilər.

    Bu halda ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydalarının hüquqi mövqelər nəzərə alınmaqla tənzimlənməsi Milli Məclisə tövsiyə olunub.

    Bununla bağlı sentyabrın 7-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində iclas keçirilib.

    Konstitusiya Məhkəməsinin müraciəti əsasında komitə Mülki və Vergi məcəllələrinin, “İpoteka haqqında” və “İcra haqqında” qanunların bəzi müddəalarının tənzimlənməsi məqsədi ilə işçi qrupu yaradıb. İşçi qrupa V.Bayramov da daxildir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR