Həyatda hər kəsin yerini və taleyini tarix müəyyən edir
Mehriban Əliyeva
Birinci xanımın şəxsiyyətinə böyük rəğbət
Ötən əsrdə dünyanın siyasi terminologiyasına daxil olan “First Lady”-“birinci xanım” titulu barədə Amerikada belə fikir aforizmə çevrilmişdir: “Birinci xanım prezident üçün ən yaxşı partiyadır.” ABŞ tarixində 1933- 1944-cü illərdə birinci xanım Eleonora Ruzveltin İkinci Dünya müharibəsi illərində hərbi hissələrə baş çəkdiyi, eyni zamanda, ölkəsinin mülki müdafiə idarəsi rəisinin birinci müavini vəzifəsini icra etdiyi bildirilir. E. Ruzveltin BMT-nin yaradılmasında da xidmətləri böyük olub və o, “Ümumdünya insan hüquqları bəyannaməsi”ni hazırlayan komitəyə sədrlik edib. Birinci ledi statusunda olduğu illərdə 6 min tədbirdə iştirak edən, 2 minə yaxın çıxışı ilə tanınan və 300 mindən artıq müxtəlif məzmunlu məktublar alan bu xanım haqqında İngiltərənin baş naziri Uinston Çörçill belə deyirdi: “Eleonora Ruzveltin gəzdiyi yerlərdə qızıl izlər qalır..." ABŞ-ın Franklin Ruzveltdən sonrakı prezidenti Harri Trumen isə Eleonora Ruzvelti “dünyanın birinci ledisi” adlandırırdı. 1998-ci ildə “Time” jurnalı tərəfindən adı 20-ci əsrin ən nüfuzlu 100 şəxsi siyahısına salınan Eleonora Ruzvelt ABŞ-ın yeganə birnci ledisidir ki, Nyu-Yorkda onun abidəsi uçaldılıb.
...XXI əsrdə belə xanımlar sırasında Mehriban xanım Əliyevanın da işıqlı obrazı var. Bu gün Azərbaycanın birinci ledisi olaraq onun adı dünyada ən gözəl hesab olunan birinci xanımların siyahısında yer alır. İctimai-siyasi fəaliyyətinin və xeyirxah əməllərinin xoş sorağı dünyanın hər bir səmtindən eşidilir. Mehriban xanım Əliyevanın tarixi abidələrin, müqəddəs dini məkanların bərpası, abadlaşdırılması üzrə həyata keçirdiyi layihələr, başqa-başqa ölkələrdə inşa etdirdiyi məktəblər, ehtiyacı olan icmalara uzatdığı kömək əli, UNESCO və İCESCO-nun sülhməramlı səfiri qismində yerinə yetirdiyi missiya insanlarda həm də Azərbaycan qadınının şəxsiyyətinə böyük rəğbət yaradır...
44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin zəfər müjdələrini ilk olaraq sosial şəbəkə hesabında paylaşması, dövlət başçısı ilə birlikdə hospitallarda müalicə olunan hərbçiləri ziyarət etməsi, tarixi Qələbəmizdən sonra dəfələrlə işğaldan azad olmuş rayonlara səfəri Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətənpərvər, cəsarətli, güclü, eyni zamanda, mərhəmətli və şəfqətli obrazını tam doğunluğu ilə göz önündə canlandırdı.
Millətə layiqli xidmət və bəşəri sevgi
Getdikcə qlobal faciələrin, dövlətlərarası münasibətlərin gərginləşdiyi dünyamızda insan ruhunun ərazisini qorumaq çox müqəddəs bir missiyadır. Hələ ötən əsrin 90-cı illərinin ortalarından üzü bəri davam edən ictimai fəaliyyətini nəzərdən keçirdikcə Mehriban xanımın cəmiyyətimizin konkret dönəmlərdəki inkişaf ehtiyaclarını necə qanunauyğunluqla izlədiyinə, dövrün ruhunu dəqiqliklə əks etdirdiyinə şahid oluruq. 2004-cü ildə Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Cənubi Qafqazın ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondu yaradıldı. Həmin dövürdən başlayaraq fond milli-mənəvi dəyərlərin, multikulturalizm ənənələrimizin, mədəni irsimizin qorunmasında və dünyada təbliğində mühüm rol oynadı, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafına töhfə verən bir sıra böyük layihələri gerçəkləşdirdi.
Müsahibələrinin birində birinci xanım olmağın məsuliyyəti haqqında Mehriban xanım belə fikir söyləyir: “Hər şey bu və ya digər insanın öz vəzifələrinə nə dərəcədə ciddi yanaşmasından asılıdır. Aydın şəkildə dərk etmək lazımdır ki, müəyyən anda sən fərdi şəxsdən ictimai şəxsiyyətə çevrilirsən. Sən artıq təkcə özünü və ya öz ailəni yox, öz ölkəni təmsil edirsən. Bu barədə özünə hesabat verməli, sözlərində, qərarlarında, hərəkətlərində daha təmkinli olmalısan. Bu, çox məsuliyyətli yükdür...”
Mehriban xanımın təşkilatçılığı ilə Bakıda “Eurovision” mahnı Müsabiqəsi, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Dünya gənclərinin IV məşğulluq sammiti (YES) və digər beynəlxalq tədbirlər yüksək səviyyədə keçirildi.
İctimai-siyasi fəaliyyəti dövründə Azərbaycanda bir çox ilklərə imza atan Mehriban xanım Əliyevanın humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn əzmkar və çoxşaxəli fəaliyyətinin təməlində millətə layiqli xidmət və bəşəri sevgi dayanır. Xeyirxah əməllər isə heç zaman cavabsız qalmır.
Birinci vitse-prezident təyin edildikdən sonra Mehriban xanım Əliyeva Azərbaycanın müxtəlif istiqamətləri üzrə dövlət siyasətinin daha müvəffəqiyyətlə həyata keçirilməsinə öz töhfələrini verdi.
“Gəlin ocağa çəkər...”
Bir fakti qeyd etmək yerinə düşər ki, Azərbaycan-türk xanımının öz nəcib əməlləri, Vətən sevgisi ilə birinci kimi önə çıxması ənənəsi ana kitabımız “Kitabi- Dədə Qorqud”dakı qadın obrazlarında görünür. Oğuz elinin başçısı Qazan xanın zövcəsini öyərkən dastanda işlənən “Boyu uzun Burla xatun” ifadəsi onun boyunun ucalığına deyil, birinci xanım olmasına dəlalət edir.
Tariximizin bütün mərhələlərində Azərbaycan qadının adı böyük şərəflə keçir. Azərbaycan xanımı qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir olaraq ad-san qazanmışdır. Məsələn, Naxçıvanda Əbubəkr Əcəmi tərəfindən şərəfinə türbə ucalmış Möminə xatun Azərbaycan Atabəyləri ilə aparılan ara müharibələrinin qarşısını almaqla, bütün Şərqdə tanınan Məhsəti Gəncəvi dərin hikmətli rübailəri ilə xalqına tövsiyələrini bildirməklə, ilk səfir qadınlarımız Uzun Həsənin anası Sara xatun və gəlini Dəspinə xatun ilə birlikdə öz sülpərvər missiyalarını ləyaqətlə yerinə yetirməklə, Fətəli xanın həyat yoldaşı Tutibikə Fətəli xan Dərbənddə olarkən qalanın müdafiəsinə qalxaraq qələbə çalması ilə, Xan qızı Natəvan həm apadığı suyasətlə, həm də xeyirxah əməlləri və lirik şeirləri ilə xalqın sevimlisi olmuşlar.
...Ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı akademik Zərifə Əliyeva ötən əsrdə əsl Azərbaycan qadınına xas ideal keyfiyyətləri, ziyalılığı, insanlara sevgisi ilə böyük nüfuz qazanmışdı. Bu fikirlər isə 80-ci illərdə Heydər Əliyevin şəxsi mühafizəsinin rəisi işləmiş Aleksandr İvanova aiddir: “Çox sonralar mən Zərifə xanımın bir çox məziyyətlərini Mehriban xanımın timsalında gördüm. Düz deyiblər ki, gəlin ocağa çəkər.”
Xoşbəxtlik yaradanın xoşbəxtliyi ikiqat xoşbəxtlikdir
Yaradan bütün yer üzündəki gözəlliklərin cəmidir. Vaxtilə fransız yazıçısı Andre Morua yazırdı ki, insanın həyatdakı məqsədi özünə əbədi şöhrət qazanmaqda deyil, ömrün hər gününü kiçik bir əbədiyyətə çevirməkdədir. Xəstə bir körpəyə şəfqət bəxş etmək, onun valideynlərinə xoşbəxtlik hissini yaşatmaq əbədiyyət qazanmaqdır. “İstər ictimai xadim ol, istərsə də dövlət qulluğunda işləyən adam. İnsanlıq hissini qoruyub saxlamaq lazımdır” deyən və biganəlik və laqeydliyi ən dəhşətli xüsusiyyət adlandıran Mehriban xanım Əliyeva müsahibələrinin birində qeyd edir ki, ölkənin Birinci vitse-prezidenti təyin olunmağım barədə qərar Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü idi. “Əlbəttə, mənim artıq uzun illər Prezidentin təkcə həyat yoldaşı deyil, deyə bilərəm ki, həmməsləki olmağım yəqin ki, öz rolunu oynayıb. Lakin düşünürəm ki, onun belə qərara gəlməsinin səbəbi bu deyildi. Əsas budur ki, rəhbər vəzifədə - Azərbaycan Respublikasının Prezidenti kimi İlham Əliyev ilk növbədə ölkənin və Azərbaycan xalqının maraqlarına istinad edir. Düşünürəm ki, bu qərarı da o, bu prinsiplərə istinad edərək qəbul etmişdir. Buna görə də, əlbəttə, üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam. Mən də buna nail olmağa çalışacağam.”
Əlbəttə, Mehriban Əliyevanın Birinci vitse-prezident təyinatı heç də təsadüfü olmayıb. Çünki Mehriban xanım həmişə yerinə yetirdiyi bütün vəzifələrdə öz potensialını, yüksək məsuliyyət hissini, təşkilatçılıq məharətini ortaya qoyduğu nəticələrlə təsdiqləyib.
Mehriban xanımın zyalı ocağına mənsub olduğu – babası Mir Cəlal Paşayevin, ana babası Nəsir İmanquliyevin, anası Aida xanım İmanquliyevanın, atası Arif Paşayevin Azərbaycan cəmiyyəti qarşısında sanballı xidmətləri heç kimə sirr deyil. Gəlin getdiyi ocaqda Heydər Əliyev kimi müdrik siyasətçinin, gözəl oftolmoloq alim, akademik Zərifə xanım Əliyevanın dəyərli məsləhətlərini dinləyib. Hər iki ocaqda gördüklərini, öyrəndiklərini qəlbinin yaddaşına köçürüb...
Bu gün xeyirxahlığı, mərhəməti, insanlara sevgisi qəlbində dolub-daşan birinci xanım sönmüş ümidlərə işıq salır. Müdük insanların birindən soruşurlar: “Əfv etmək yaxşıdır, yoxsa cəsarət?” Müdrik insan cavabında deyir: “Əfv etmək, çünki əfv etməyi bacaranın cəsarətə etiyacı yoxdur!” Mehriban xanımın təşəbbüsü ilə gerçəkləşən amnistiya aktları nəticəsində minlərlə məhbus azadlığa buraxılıb. Əlbəttə, belə nəcib təşəbbüslərdən çox misal çəkmək olar.
Haqqında çəkilən filmin kadrlarında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva qızları Leyla Əliyeva və Arzu Əliyeva ilə Yeni il şənliyini Bakının Nərimanov rayonunda “Birgə və Sağlam” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən autizm sindromlu uşaqlar üçün Reabilitasiya Mərkəzində keçirir.
Mehriban xanım Mərkəzin nəzdində fəaliyyət göstərən xor kollektivi ilə birgə mahnı ifa edir. Daha sonra Birinci vitse-prezident autizmli uşaqlarla birgə bişirdikləri tortu çay süfrəsi arxasında dadırlar.
Mehriban xanım Əliyevanın doğum günü münasibəti ilə qələmə aldığım yazımı dövlətimizin başçısı İlham Əliyevin Birinci vitse-prezident kimi onun fəaliyyəti barədə xarici jurnalistə söylədiyi dəyərli fikirlə tamamlamaq istəyirəm: “Onun azərbaycanlılar arasında güclü dəstəyi var. Siz küçədə istənilən şəxsdən soruşa və vətəndaşların onu necə sevdiyini və dəstəklədiyini görə bilərsiniz...O, tamamilə sosial və humanitar məsələlərlə məşğuldur və on minlərlə insana yardım edir. Lakin o, bunu hər hansı bir piarsız, reklamsız və elansız edir. Beləliklə, o, xalqımızın qürur duyduğu bir şəxsdir.”
Nurəddin Muğanlı,