AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əli Rzazadə - “Kədərin portreti” - ÖZƏL

  • + A
  • - A
  • 15-12-2021, 08:44



    Kədərin portreti
    Əli RZAZADƏ


    ​Yeni dərs ili təzə başlamışdı. Sinif nümayəndəsi dərs cədvəlini bəzəkli hərflərlə yazıb sinfimizin divarına vurmuşdu. Riyaziyyat dərsindən sonra hamı dərs cədvəlini köçürmək üçün divarın dibinə toplaşmışdı. Bir-birimizin boyunun üstündən boylanır, cədvəli vərəqə köçürürdük.


    ​Hərəmiz öz sıramızda oturub riyaziyyat müəlliminin hələ lövhədən silinməyən izahatına baxır, gah sıra yoldaşımızdan, gah da riyazi biliyi ilə bizdən bir addım öndə olan sinif nümayəndəsindən qarışıq tənlik haqqında daha nəsə öyrənməyə çalışırdıq. Düzdü, məktəbdə sinfimiz “riyaziyyatçılar” deyə ad çıxarmışdı, amma indi-ilin əvvəlində qarışıq tənliklə üz-üzə yaman çətinə düşmüşdük. Tənəffüsdə eşiyə çıxmamağımızın səbəbi cədvəldən çox, bəlkə də, bu idi.

    ​Zəng içəri vurulanda da riyaziyyat dəftərlərimiz qarşımızda idi. Elə dəftəri örtüb çantadan coğrafiya kitabımı çıxarırdım ki, sinfin qapısı açıldı. Yaşı altmışa çatmış, orta boylu, dolu bədənli bir kişi sinif otağına girdi. Əynində nimdaş plaşı, başındakı “panama”sı ilə bizə tamamilə yad obraz idi. İnstinktiv olaraq, hamılıqla ayağa qalxdıq. Ciddi duruşu, zabitanə yerişiylə bu yad adamın müəllim olduğunu çox tez anladıq.
    -Salam, uşaqlar! –müəllimin səsi, sanki çox uzaqdan gəlirdi.

    -Salam!-hamımız bir ağızdan dilləndik.
    ​Müəllim qovluğunu masaya qoyanda, elə bil, yaddaşımın hansısa açıq qapısından bir külək əsib keçdi. Bu qara qovluğu mən hardansa tanıyırdım. Və birdən xatırladım ki, atamın da eynilə buna bənzər qara qovluğu var. Nə vaxt, haradan aldığını bilmədiyimiz bu qovluq daim atamın əlində olardı. Mən onu atamın ən sevimli əşyası sanırdım, çünki atam başqa əşyalarından daha çox onunla ömür keçirirdi. Hərdən o qovluğa “iş yoldaşım”, hərdən də “yol yoldaşım” deyirdi. Evə gələndə isə onu daim iş masasının üstünə elə bu cür-yeni müəllimin qoyduğu kimi dik qoyurdu.

    ​Müəllimin səsi təkrar eşidiləndə gözümü qovluqdan çəkdim.
    -Bir daha salam, uşaqlar... Adım İsa müəllimdir, sizin yeni coğrafiya müəlliminizəm. Bu məktəbə təzə gəlmişəm... –müəllim susdu, bir anlığa fikrə getdi, sonra daha asta və kədərli səslə əlavə etdi:- Sizin kəndə təzə köçmüşəm...
    ​Başını aşağı saldı, gözlərini çarpazladığı əllərinə dikdi. Sanki ağır bir yük götürübmüş kimi, çiyinlərini bükdü... Bu duruşuyla o, iztirabın portretinə bənzəyirdi. Sinifə çökən sükut hamımıza sirayət eləmişdi, uşaqlardan heç birinin qələmini belə şaqqıldatmağa ürəyi gəlmirdi.
    ​Sükutun təntənəsi tez sona çatdı. Bir neçə dəqiqəlik sükutdan sonra siması yenidən əvvəlki vəziyyətinə qayıtı, gözlərini qaldırıb sinifdə gəzdirdi, yanaqlarına təbəssüm qondu. Amma hiss etmək çətin deyildi ki, onun bu təbəssümünün mənbəyi daxilindən gəlmirdi, buz kimi soyuq idi təbəssümü. Sanki, bizim kefimizi pozmamaq, dərdini üstümüzə tökməmək üçün özünü təbəssüm edirmiş kimi göstərməyə çalışırdı. Bizim üçün özünü təbəssümə məcbur edirdi. Amma buna baxmayaraq özü olmamağı bacarmırdı, özünü, öz daxili aləminin dərdini gizlədə bilmirdi.

    -Deməli, uşaqlar, coğrafiyadan ilk dərsimizi təkrara həsr edək. Görək, keçən dərs ilindən yadınızda nə qalıb?
    ​Yenə ilk əlini qaldıran Hüsniyyə oldu, yenə sinif nümayəndəsi dil-dil ötdü...İsa müəllim o qədər səlis və axıcı danışırdı ki, zəng vurulanda tənəffüs vaxtının tez çatdığını düşündük. İsa müəllim qovluğunu və panamasını götürüb bizimlə sağollaşdı, qapıya çataçatda geri dönüb yenə gülümsədi. Bu dəfə təbəssümü daha isti təsir bağışladı.
    ​Elə ki, dəhlizdə səs-küy artdı, sinif nümayəndəsi hamımızın ürəyindən keçən sualı dilə gətirdi:
    -Görəsən, bizim kəndə hardan köçüb?
    ​Hüsniyyənin sualı bizi daha dərin axtarışlara sövq etmişdi ki, sinif divarlarında əks-səda verdi:
    -Bəs niyə köçüb?
    ​Deyəsən, sinfin ən duyğusalı mən idim:
    -Yaman qəmgin və dərdli görünürdü...elə deyilmi?-dedim.
    ​İsa müəllimin coğrafiya dərsi bitmişdi, amma bizim beynimizdə onunla bağlı hələ cavab tapmadığımız suallar bir-birinin ardınca doğulurdu. Yeni müəllim bizdə qəribə və anlaşılmaz bir maraq yaratmışdı.

    ​***

    ​Həmin gün dərsdən sonra sinif yoldaşım Məhəmmədlə yolüstü dükana döndük, keçən həftədən tapşırdığımız üstü şəkilli dəftərlərin hələ gəlmədiyini görüb pərt olduq. Pərtliyimizin üstünə su səpmək yenə Məhəmmədin boynuna düşdü; onunla birgə evlərinə gedib şahmat oynamağı təklif elədi.
    ​Şahmatda iki oyunu udub, bir oyunu da Məhəmmədə uduzduqdan sonra evimizin yolunu tutdum. Bu saatlarda atamla anam artıq işdən gəlmiş olmalıydılar. Dəhlizə girib ayaqqabımı çıxardım, nazik gödəkçəmi asılqandan asmaq istəyəndə, asılqandan asılmış nimdaş plaş və yerdəki yad ayaqqabı gözümə sataşdı. Əlimi geri çəkib plaşa diqqətlə baxdım; İsa müəllimin plaşıına oxşayırdı. Gödəkçəmi asıb ehtiyatla qonaq otağının yarıaçıq qapısına yaxınlaşdım. Yanılmamışım, içəridəki İsa müəllim idi. O, atamla üzbəüz əyləşib astadan nəsə danışırdı. Mənsə içəri keçməyə utanırdım. Atam məktəbimizdə direktor müavini oldğundan mənə dərs deyən müəllimlər bəzən bizə gələr, atamla söhbət edərdilər. Mən müəllmlərimi evimizdə görəndə utanardım, onlarla bir süfrədə əyləşməkdən çəkinərdim. Yenə də utana-utana içəri girib salam verdim, təəccübümü gizlətməyə nə qədər nail olmuşdum, bilmirəm, amma İsa müəllimin mənə yönələn baxışlarından qayğıkeşlik yağırdı. Atamla yeni müəllimimizin söhbətinə daha çox mane olmamaq üçün, sakitcə mətbəxə-anamın yanına keçdim... Qonaq otağına bir də İsa müəllim gedəndən sonra qayıtdım. Atam masanın yanında ayaq üstə durub fikrə getmişdi.
    ​Keçib stulda oturdum və atama baxdım. Atam dərindən köks ötürüb sözə başladı:
    -Bu gün İsa müəllimin dərsi necə keçdi?
    -Yaxşı...
    -Necə müəllimdi, səncə?
    -Yaxşı...
    -Uşaqlar nə dedi?
    -Şey... –niyə duruxduğumu heç özüm də bilmədim, amma İsa müəllim haqqda bir-birimizə ünvanladığımız suallar yadıma düşdü.
    -Hamımız maraqlandıq ki, görəsən, hardan gəlib bizim kəndə? –deyə davam etdim.
    ​Atam sağ tərəfimdəki stulu çəkib oturdu, əlini kürəyimə vurub dedi:
    -Uşaq da olsanız, ölkəmizin başının üstündən qara buludlar keçdiyini dərk etdiyinizdən əminəm. Bu buludlardan biri də keçən ay Cəbrayıl rayonunu bürüdü... Bunu da bilirsiniz.

    ​Atam zənnlə üzümə baxdı.
    -Hə...Hə! Cəbrayıl keçən ay ermənilər tərəfindən işğal edildi.
    ​Heç ağlıma da gəlməzdi ki, “işğal” sözünü belə əminliklə dilə gətirə bilərdim. Amma o anlarda atama, həqiqətən, hər şeyi dərk etdiyimi, heç nədən bixəbər olmadığımı göstərmək istəyirdim... Deyəsən, atam məndən elə bu cavabı gözləyirdi, səs tonuma etina etmədən dedi:
    -İsa müəllim Cəbrayıldan, Süleymanlı kəndindən gəlib bura. Evini-eşiyini, bağını-bağatını, lap elə, əyin-başını, ununu-çörəyini də orda qoyub, ailəsini götürüb gecəylə çıxıb. Kəndin qırağındakı kiçik hərbi şəhərcikdə birtəhər yerləşiblər. Heç nələri yoxdu, demək olar ki... Heç nəsiz gəliblər...

    ​Ürəyimdə İsa müəllimə yazığım gəldi. Qəhərləndiyimi hiss etdirmək istmədim.... Ayağa durub sakitcə çölə çıxdım. Ayaqqabılarımı geyinib həyətə düşmək istəyəndə arxadan atam dilləndi:
    - Qara dərili qovluğumu da İsa müəllimə verdim. Heç kimin yanında demə ha...
    ​***

    ​Həftənin üç günü görürdük İsa müəllimi: çərşənbə axşamı, cümə axşamı və şənbə günü sonuncu dərsimiz coğrafiya idi. Bu fənni bizə o qədər sevdirmişdi ki, özümüzü macəraaxtaran sayırdıq. İsa müəllim ixtisasca tarix və coğrafiya müəllimi olsa da dərs əsnasında ədəbiyyata da baş vururdu. “Başsız atlı”nı, “Dəfinələr adası”nı, “Kapitan Qrantın uşaqları”nı oxuyurduq, obrazları müzakirə edirdik, əsərlərdən tanıdığımız coğrafi məkanların xəritəsini çəkirdik... Və bütün bu qayğılı məktəbli romantikasının müəllifindən-İsa müəllimdən “afərin” eşitmək üçün bir-birimizlə bəhsə girirdik.
    ​İsa müəllimlə bütün dünyanı “gəzirdik”; okeanlardan keçir, Magellanın izinə düşürdük, Kolumbun heyətinə “qatılırdıq”, amma heç vaxt yolumuzu Cəbrayıldan salmırdıq. Çünki bu ad onun ən dərin göynəyi idi... O qədər dərin idi ki, Cəbrayıl sözünün üstünü “ata yurdum”, “doğma yurdum”, “elimiz”, “elatımız” kimi bir çox sözlə örtür, örtür, yenə ürəyi isinmirdi. Zamanla Cəbrayıldan bəhs edərkən biz də “İsa müəllimin eli” deyimini dilə gətirdik. İstəmirdik İsa müəllim daha çox qəmgin olsun...
    ​...Dərslərin birində Dağ Tuması yada salırdı, o birində Diri kəndindəki Qız qalasından bəhs edirdi. Bir dəfə də Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyindən danışdı bizə. Muzeyin təbiət bölməsindəki eksponatlarla-rayonun bitki örtüyü və heyvanat aləmi haqda məlumat verən nümunələrlə qiyabi tanış olurduq. Bir gün İsa müəllim rayonun fəxri olan çinarlardan danışanda Səbuhi yenə tezsovluq edib düşünmədən soruşdu:
    -Görən, ermənilər Cəbrayıldakı o çinarları kəsməz ki?

    ​Üzü xəritəyə duran İsa müəllimin səsi qəfil kəsildi. Hamımz çevrilib Səbuhiyə qınaq baxışlarımızı zillədik. O isə təəccüblə bizə baxırdı, hələ səhvini başa düşməmişdi. Onda gördük biz İsa müəllimin ağlamağını... Ayaqları sözünə baxmadı, yıxılmasın deyə tez oturdu. Başını ovuclarına söykəyib boğuq səslə “bağşılayın” dedi, güclə toxtadı. Vətən itkisi, köçkünlük həyatı, qəribçilik və bir də üstəlik sinifdə şagirdlər qarşısında yıxılmaq dərdi. Dərd üstündə dərd yüklənmişdi boynuna, çəkməyə çətinlik çəkirdi. O gün şagird olaraq bir müəllimin ağlamağını ilk onda gördüm.

    ​***

    ​Şənbə günü idi. Riyaziyyat müəllimi yenicə çıxmışdı sinifdən. Hamımız coğrafiya kitabımızı açmışdıq. Koridordan iti addım səsləri eşidilməyə başlayır və getdikcə səs bizə daha da yaxınlaşır. Sinifin qapısı açılır, amma sinifə daxil olan İsa müəllim yox, riyaziyyat müəllimimizdir. Qaş-qabaqla dedi:
    -Uşaqlar, İsa müəllim bu gün gəlməyəcək, çantanızı götürün, gedin evinizə.
    ​Hamı bir-birinə baxdı, sinif nümayəndəsi məsuliyyətli bir işin ilk etapındaymış kimi ciddiyyətlə soruşdu:
    -Niyə?
    ​Riyaziyyat müəllimi duruxdu, baxışlarını ayaqlarının ucuna dikdi. Hiss olunurdu ki, düşüncələrini düyünləyən tərəddüdün əlindən yaxa qurtarmağa çalışır.

    -Uşaqlar... riyaziyyat müəllimi səsləndi:- Uşaqlar, İsa müəllimin bayaq müəllimlər otağında ürəyi tutdu, xəstəxanaya apardılar...
    ​Hamı məyusluqla gah müəllimə, gah da lövhənin sağından asılan xəritəyə baxırdı. Riyaziyyat müəllimi də başını qaldırıb xəritəyə baxdı, baxdı...Kədərli–kədərli başını yelləyib dəhlizə çıxdı. Onun ağır addımlarının səsi uzaqlaşandan sonra Məhəmməd dedi:
    -Bu dəqiqə gəlirəm.
    ​Heç kim ondan hara getdiyini soruşmadı; bilirdik ki, təsərrüfat müdiri olan əmisindən ətraflı məlumat almağa tələsir.
    ​***
    ​Məhəmməd o bəd xəbəri gətirəndən bir xeyli sonra yığmışdıq çantamızı... Səssiz-səmirsiz, yanaqlarımızdan yaş axa-axa xəritənin qarşısında dayanıb eləcə baxmışdıq... O biri uşaqları bilmirəm, amma mənim ürəyimdən keçmişdi ki, bu boyda xəritədə bir yer tapmadı ömrünə İsa müəllim... Onun yanğısı, göynəyi, Cəbrayıl həsrəti sığmadı bu dünya xəritəsinə... tüpürdü bu ədalətsiz dünyaya və özü üçün yeni dünya tapdı, Cəbrayıldan qəfil köçdüyü kimi bu dünyadan da qəfil köçdü və bir dəfləlik bu dünyanın qapısını çırpıb getdi.
    ​Gözümün yaşı qurumurdu. Evə doğru atdığım hər addımla İsa müəllimin kədərinin bizə miras qaldığını dərk edirdim. O kədər ki, yalnız Cəbrayılın azadlığıyla sevincə təslim ola bilərdi...
    ​İndi- 44 günlük Vətən müharibəmizdə azad edilən Cəbrayıla getməli olduğumu bilirəm. Özü də qucaq dolusu sevinclə. Bunu İsa müəllimin kəndimizin qəbristanlığındakı məzarına söz vermişəm. Yoxsa, İsa müəllimin Vətən həsrətinə dözməyib gözlərini yumduğu o gündəki kədər boğazıma yapışar, əl çəkməz... Və mən yenə o kədərin əlindən qaçmağa yer tapmaram. Yaxşı yadımdadır, həmin gün o kədəri evimizə belə apara bilməmişdim, Məhəmmədgilin döngəsinə çataçatda dayanmış, Məhəmmədə demişdim:
    -Olar, sizə gəlim?

    ​Susmuşdu Məhəmməd...Handan-hana başıyla razılığını bildirmişdi. Ardınca da demişdi:
    -Cəbrayıla da bir yerdə gedərik...
    ​...Xatirələrimin sarı vərəqlərinin arasından Məhəmmədin telefon nömrəsini axtarıram. Gərək, Cəbrayıla, Süleymanlıya gedək, İsa müəllimin evinin divarından bir xəritə asaq və o xəritədə Cəbrayılın adını yaşıl qələmlə işarələyək. Yaşıl-yenilik, bolluq-bərəkətdir axı...


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR