AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

15 yaşlı qız “Mercedes”lə “avtoşluq” edir, polisləri vurur və oğurluğa görə… – VİDEO, FOTOLAR

  • + A
  • - A
  • 24-12-2018, 09:54

    15 yaşlı qız “Mercedes”lə “avtoşluq” edir, polisləri vurur və oğurluğa görə… – VİDEO, FOTOLAR















    Rusiyanın Çelyabinsk şəhər sakini, 15 yaşlı məktəbli Darya Juravlyova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Adıçəkilən “nüfuzlu” məktəbli sərxoş vəziyyətdə idarə etdiyi avtomobili Dövlət Yol Polisi müfəttişinin üzərinə sürsə də, başqa bir cinayətə görə – oğurluq etdiyi üçün cəzalandırılıb. Bəs görəsən kim və hansı səbəbdən məktəbli qızın bu cinayətini ört-basdır edib?

    Bu il noyabrın 17-də səhər saat 6 radələrində Darya Juravlyova həmyaşıdı Sergeylə atasına məxsus “Mercedes-Benz E-Class” markalı avtomobillə şəhərə gəzintiyə çıxıb. Yol polisi maşının işıqlarının söndürüldüyünü görüncə Daryadan avtomobili saxlamasını tələb edib. Məktəbli isə avtomobili saxlamaq əvəzinə sürəti daha da artırıb və polisin üzərinə sürüb.

    Yol polisi Anton Baranov 15 yaşlı Daryanın bu hərəkətindən çaş-baş qalıb. Maşının qəflətən onun üzərinə doğru hərəkət etdiyini polis əməkdaşı belə xatırlayır: “Zərbə hiss etdim, qaçmağa imkan tapmadım, bir də gördüm ki, yerə yıxılmışam”.

    Hadisənin şahidi olan digər polis əməkdaşı Rəşid Sadıqov deyir ki, həmin gecə Anton Baranovla birgə növbədə olublar. Bu zaman qara rəngli avtomobili işıqları sönmüş vəziyyətdə idarə edən sükan arxasındakı gənc qız onların diqqətinə çəkib: “Mən dayanma əmri verdim, bir qədər sürəti azaltdı. Amma qəflətən qaza basdı və məlum hadisə baş verdi”.



    Kamera görüntülərində Anton Baranovun zərbədən necə havaya qalxması açıq-aydın görünür. Yol polisi möcüzə nəticəsində avtomobilin təkərləri altına düşməyib. Bir neçə dəqiqə sonra 15 yaşlı Darya həmyaşıdı Sergeylə birgə maşından düşərək qaçmağa başlayıblar.

    “Hər ikisi maşının yaxınlığında saxlanıldılar. Həm sürücü, həm də maşında olan oğlan yeniyetmə idilər. Sükan arxasında əyləşən qızın içkili olması açıq-aydın hiss edilirdi. Onu polis bölməsinə apardılar”, – Rəşid Sadıqov “Prestupnaya Rossiya” nəşrinə açıqlamasında belə deyib.

    Baş vermiş yol-nəqliyyat hadisəsi barədə yalnız dekabr ayında – hadisədən bir ay sonra məlumat yayılıb. Qızın ailəsinin şəhərin bəzi nüfuzlu şəxsləri ilə əlaqələri olmasını hər kəs inkar edir. Belə olan halda polis müfəttişinə qarşı törədilən bu cinayət üç həftə necə gizlədilib, ört-basdır edilib?

    “Yol-nəqliyyat hadisəsi baş verən an Dövlət Yol Polisi tərəfindən qeydiyyata alınır. Görünür, bu fakt Dövlət Yol Hərəkəti Təhlükəsizliyi müfəttişliyinin rəhbərliyi tərəfindən gizlədilib. Həmçinin, güman edirik ki, Daxili İşlər Şöbəsini də burada əli var”,- Çelyabinsk şəhər prokuroru Roman Samoylov belə deyib.

    İşi müvəffəqiyyətlə “bacarıblar”. Prokurorun sözlərinə görə, heç bir sənəd tərtib edilməyib. Yol müfəttişi xəstəxanaya getməkdən imtina edib. Sonradan özü mülki geyimdə xəstəxanaya yollanıb və polis işçisi olduğunu gizlədib.

    15 yaşlı qız “Mercedes”lə “avtoşluq” edir, polisləri vurur və oğurluğa görə… – VİDEO, FOTOLAR











    Müfəttiş Anton Baranov isə yol-nəqliyyat hadisəsini gizlətmək niyyətində olmadığını, iş vaxtının sonunda özü travmotologiya şöbəsinə müayinəyə getdiyini açıqlayıb. Görünür, kiçik leytenant müdiriyyətin göstərişini yerinə yetirib.

    Hadisə yerində ona yaxın polis-patrul maşınlarının olması video görüntülərdə əksini tapıb. Yalnız mətbuatda bu barədə yazıldıqdan sonra faktın gizlədilməsində yol polisinin rolu olduğu bildirilib. Araşdırmalar zamanı Dövlət Avtomobil Müfəttişliyinin rəhbərliyinin vəzifəli şəxslərindən biri tutduğu vəzifədən kənarlaşdırılıb.

    Baş verənlərə podpolkovnik Mixail Savenko qiymət verməlidir. Çünki o, 2013-cü ildənÇelyabinsk Dövlət Yol Hərəkət Təhlükəsizlik müfəttişliyinə rəhbərlik edir. Mütəmadi olaraq özü cinayətkarları saxlayır, vaxtaşırı qəza hadisələri baş verən yerlərə gedir, gecə reydlərinə çıxır.

    “Bu cür kobud yol hərəkəti qaydalarının pozulmaları zamanı məlum olur ki, sürücü avtomobili idarə edərkən içkili vəziyyətdə olub. Belə sürücülər sürücülük vəsiqəsindən məhrum edilir. Bəzən isə çoxunun sürücülük vəsiqələri də olmur”, – bir müddət əvvəl Mixail Savenko belə deyib.

    Hazırda Mixail Savenkonun harada olması məlum deyil. Onun vəzifəsini müvəqqəti icra edən Aleksey Qorşkov vəziyyəti bu cür şərh edib: “Bu hadisədə əli olanlar barədə rəhbərliyə təcili məlumat vermək lazımdır”.

    Faktla bağlı artıq cinayət işi başlanılıb.

    “Araşdırmalar zamanı baş verənlərə qanunla müəyyən edilmiş qaydada hüquqi qiymət veriləcək və qərar qəbul olunacaq”, – Çelyabisk İstintaq Komitəsinin əməkdaşı Vladimir Şişkov belə deyib.

    Yerli mətbuatda öncə hadisəni törədən yeniyetmənin atası Vladimir Juravlyovun nüfuzlu biznesmen, “avtoritet” və sabiq məmur olması barədə xəbərlər yer alıb. Sonradan məlum olub ki, əslində, V.Juravlyov üç firmanın – “Sokol”, “Sokolov dəyirmanı” və “Sokolov mərmər”in təsisçisi və direktorudur. Hazırda həmin müəssisələrin üçü də işləyir. Ötən il ərzində ona məxsus şirkətlərdən birinin gəliri 58,4 milyon rubl təşkil edib. 2012-ci ildə Juravlyov “Uysk rayonu qarşısında xidmətlərə görə” mükafatlandırılıb. Söhbətin hansı xidmətlərdən getməsi dəqiqləşdirməyib. Bu xidmətlərə baxmayaraq, Juravlovun adı bir neçə dəfə ortaq biznes əlaqəsi qurduğu şəxslərin pullarını mənimsəməkdə hallandırılıb. 2017-ci ildə isə sərxoş vəziyyətdə küçədə dava salan Juravlov xuliqanlığa görə mühakimə edilib.

    “Heç bir səbəb olmadan zərərçəkmişin başına travmatik tapança dirəyərək onun şəxsiyyətini müəyyənləşdirməyə başlayıb”, – Çelyabinsk vilayəti Lenin rayonunun prokuror köməkçisi Olesya Xlızova açıqlamasında deyib.

    Həmin vaxt ərazidə mülki geyimdə “gizli patrul xidməti” aparan polis əməkdaşı Eduard Samsetdinov Juravlyovdan zərərçəkmişi buraxmasını tələb edib. Lakin Juravlyov ona atəş açıb. Şübhəli şəxslə polis əməkdaşı bir-birlərinin ayaq nahiyələrinə güllə atıblar. Hər ikisi yaralanıb. Faktla bağlı cinayət işi başlanılıb. Juravlyova Rusiya Federasiyası Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham irəli sürülüb. O, 2 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə prosesində V.Juravlyovun anası da iştirak edib. Yerli mətbuatın məlumatına görə, Juravlyovun anası da əvvəllər məhkumluq həyatı yaşayıb. Yeri gəlmişkən, məktəbli qızın nənəsi məhkəmə zalında oğlunun qoluna qandal vuran polis əməkdaşlarını təhqir etdiyinə görə məsuliyyətə cəlb edilməkdən birtəhər canını qurtara bilib.

    Göründüyü kimi, Juravlyovun qızı da özünü kriminal yolda təsdiqləyə bilib. Hələ yol-nəqliyyat hadisəsinə qədər o da məlum olub ki, Darya Juravlyova öz sinif yoldaşlarının pullarını və qızıl zinət əşyaları əllərindən alırmış.

    “İstintaqın gəldiyi nəticəyə görə, bu ilin mayında Darya onunla eyni məktəbdə oxuyan şagirdlərdən birinin 1000 rubl pulunu əlindən alıb. Bundan bir neçə gün sonra isə həmin qızı və onun rəfiqəsini hədələyərək qızıl sırğalarını çıxarıb. Qızlara deyib ki, onları asfalta yapışdıracaq və ayaqlarını öpməyə məcbur edəcək”, – Çelyabinsk vilayəti Lenin rayonunun prokuror köməkçisi Olesya Xlızova açıqlamasında bildirib.

    Darya Juravlyovaya yaxşı bələd olan məktəbli qızlar öz bəzək əşyalarını ona veriblər. Darya isə həmin qızılları lombarda qoyub. Bir müddət sonra məktəbli qızlardan birinin nənəsi nəvəsindən sırğasının harada olduğunu soruşub. Nəvə isə başına gələnləri nənəsinə danışıb. Məhz bundan sonra məktəblinin ailə üzvləri polisə müraciət edib.

    15 yaşlı Darya barəsində Rusiya Cinayət Məcəlləsinin soyğun və hədə-qorxu ilə pul tələb etmə maddələri ilə cinayət işi qaldırılıb. Məhkəmə prosesi noyabrda baş tutub. Bir neçə gün sonrasa “sərxoş” məktəbli daha bir cinayətə “imza atıb”. Artıq fakt üzrə üçüncü cinayət işi də başlanılıb. Hələlik isə Juravlyovlar ailəsi baş vermiş qəzaya görə inspektorla 500 rubl cərimə ödəyiblər.

    Hüquq-mühafizə orqanlarının əməkdaşları ötən gün Juravlovlara məxsus mənzildə axtarış aparıblar. Uşaq otağında silah və patronlar aşkar edilərək götürülüb. (Virtualaz.org)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR