Aprelin 29-da Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində 19 saylı məktəbin idman zalında 2016-cı il təvəllüdlü Fərid Bakarova ağır xəsarətlər yetirərək ölümünə səbəb olan 1994-cü il təvəllüdlü Mehman Xəlilov barəsində Sumqayıt Şəhər Məhkəməsi qərar qəbul edib.
Onun barəsində istintaq müddəti üçün 4ay müddətinə həbs-qətimkan tədbiri seçib. Hazırda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə açılmış işin istintaqı davam etdirilir.
İlkin araşdırmalar zamanı məlum olub ki, Mehman Xəlilov hadisədən dərhal sonra 7 yaşlı Fəridin yaxınlarına onun yıxılması nəticəsində xəsarət aldığını bildirib. Lakin qısa vaxt sonra onun sambo idman növü üzrə keçirdiyi məşqdə azyaşlılara qarşı qəddar rəftar göstərməsi üzə çıxıb və müşahidə kamerasının çəkdiyi görüntülər istintaq orqanı tərəfindən götürülüb.
Yaxınlarının bildirdiyinə görə, məşqçi hadisə baş verəndən sonra ailəyə məlumat vermədən uşağı xəstəxanaya aparıb. İlkin məlumata əsasən, orada müəllimə uşağı ixtisaslaşmış xəstəxanaya aparmaq tövsiyə edilsə də, o, Fəridi evlərinə aparıb. Uşağın ailə üzvləri onun vəziyyətinin yaxşı olmadığını görərək yenidən xəstəxanaya çatdırıblar, amma azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Hazırda idman zalında çəkilmiş digər görüntülər də araşdırılır. Mehman Xəlilovun məşqlərində iştirak etmiş digər uşaqlara qarşı da eyni rəftarın göstərildiyi istisna edilmir. Məşqlərdə iştirak edən digər şagirdlərin valideynlərinin şikayəti və əzab verməni sübut edə biləcək görüntülər əsasında M.Xəlilov barəsində açılmış cinayət işinə Cinayət Məcəlləsinin digər maddələrinin də əlavə edilməsi mümkündür.
Hazırda görüntülərin araşdırılması, şahidlərin dindirilməsi və digər zəruri istintaq hərəkətləri həyata keçirilir.
Qeyd: Xəbər jurnalist Əzizə İsmayılovanın səhifəsindən götürülüb
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.