Naxçıvan Muxtar Respublikasna səyahəti çoxdan arzulamışam, 2000-ci ildən. Amma mənə əlçatmaz görünüb. Ona görə yox ki, yol pulu tapa bilməmişəm. Təyyarənin İran və Ermənistan üzərindən uçması məni qorxudub. Orda rejimin ağırlığı da məni qorxudan səbəblər idi. Həm də ərazi haqqında o qədər də müfəssəl biliyə malik olmamışam...
2023-cü ilin son həftəsi mənim üçün möcüzə sayılan məkana səfərim Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə baş tutdu. Naxçıvana təyyarə gündüzlər Ermənistan üzərindən uçur. 50 dəqiqə çəkir uçuş. Axşamlar isə İran üzərindən.
1 saata mənzil başına çatırsan. Gedişimiz və gəlişimiz qaranlıqda olduğundan biz Ermənistan üzərindən uçmadıq. Əvəzində ecazkar Bakımızın qaranlıqda göydən necə cazibəli, həyat dolu olmasını gördük.
... Aeroport şəhər mərkəzindən uzaq deyil.
Naxçıvanı gəzmək üçün ən az 5 gün lazım. Ərazi başdan-başa tarixdi, müqəddəs yerlərdi. Şəhərə gedən yolda rəmzi İlandağ maketi hazırlayıblar. Yaşayış binalarının restavrasiyası da Bakıdan fərqlidir.
Parklar, küçələr təmizliyi ilə göz oxşayır. Sanki payız və xəzəli bu ərazidən yan keçib. İnsanları mehribandı, amma illərdir ordakı xan üsuli-idarəetmə sistemi yerli əhalinin psixologiyasında kifayət qədər rol oynayıb. İnsanlar evdə oturmağa daha çox üstünlük verir, nəinki çıxıb təmiz hava qəbul edib, təmiz parklarda, bağlarda gəzməyə...
Söz soruşanda çalışırlar cavab verməsinlər, cavab verənlərin də gözləri 4 olur, sanki kimsə bunlara göz qoyurmuş kimi...
Vasif Talıbovun kadrları tam təmizlənməyib. Hələ də atamanlıq edənlər var. İnşallah yol görünər onlara, ya da başa salınar ki, vəzifə məsuliyyətdir, imtiyaz deyil.
Biz Prezidentin səlahiyyətli nümayəndəsi Fuad müəllimlə də görüşüb səmimi ortamda söhbət etdik. Vaxtında quş quşluğu ilə Ali Məclisə qanad sala bilməyib. Hazırda binanın qapıları qəbul günləri sakinlərin üzünə açıqdır. Fuad müəllim özü də Naxçıvanda doğulub boya-başa çatıb. Çoxları kimi təriflər üzərində qurulmadı görüş.
Fuad müəllim çox səmimi idi, problemlərdən söz açsa da, nikbin görünürdü. Onun proqnozlarına görə 3 ilə Naxçıvan və orda yaşayan əhali, onların yaşayışı, düşüncəsi tam fərqlənəcək.
Naxçıvanda su problemi var. Belə başa düşdüm ki, su anbarlarında yığılan sulardan istifadə edilir. Araz çayının suyu məlum səbəblərdən içmək üçün istifadə edilmir. Gələcəkdə Araz çayının üzərində Naxçıvan üçün SES-lər tikiləcək. Hazırda Araz üzərində Türkiyə Respublikasının SES-ləri fəaliyyət göstərir. Söhbət Naxçıvan Muxtar Respublikasının gələcək inkişafından gedirsə, fikrimcə, Arazın potensialı bundan sonra yalnız Naxçıvan üçün istifadə edilməlidir.
Naxçıvanda ziyarət etdiyimiz müqəddəs məkanlar və muzeylər barədə hissə-hissə yazacam. İstəmirəm ki, zəngin təəssüratlarımı qısa reportaja sığışdırım.
Məşhur Naxçıvan bazarına da getdik. Saat 2-yə qədər fəaliyyət göstərir. Naxçıvan nemətləri bazarda da baha idi. Bəlkə də bələdçi bizi bazarın bahalı yerinə apardı. Meyvə quruları 20 manatdan başlayırdı, üzümlər 30 manat, sucuk 5 manat...
Qonaqlara xidmət göstərən kifayət qədər hotellər var. Əksəri səhər yeməyi daxil 1 nəfər üçün 80, iki nəfər üçün 100 manat təklif olunur.
Naxçıvan şəhərinin özündə də kifayət qədər gəzməli, görməli yerlər, tarixi abidələr, muzeylər var. Yəni, otel xidmətindən istifadə etməsəniz də, səhər Naxçıvana gəlib gəzib, axşam geri qayıda bilərsiniz. 1 günlük səfərdə Heydər Əliyevin şəxsi əşyaları saxlanan Muzeyi, Baş meydanı, Cavid Məqbərəsini, Mömünə Xatun türbəsini, Kəngərli Muzeyini, Əcəmi seyrangahını və digər maraqlı yerləri gəzmək imkanınız var.
Taksi sürücüləri günlük evlər verənləri tanıyır. 30 manatdan başlayan qiymətlərə evlərdə də qala bilərsiz.
Muxtar Respublikada bizi yol boyu müşayiət edən və muzeylərdə xidmət göstərən bələdçilər mükəmməl idilər. Məlumat bazaları bol olan bələdçilər bizi çox təəccübləndirdi. Bəlkə də Naxçıvanda hər bir kəsin işinə necə məsuliyyətlə yanaşmasının bariz nümunəsi idi bələdçilər.
Naxçıvan barədə ümumi təəssüratlar bu qədər. Növbəti yazılarda muzeylər və abidələr, müqəddəs məkanlar barədə yazacam.
Elnurə Abuşova,
Bakı-Naxçıvan-Bakı