Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən 2021-ci il iyunun 15-də Cənubi Qafqazın bənzərsiz incisi olan Şuşada imzaladıqları Bəyannamə iki dost və qardaş ölkə arasında formalaşan münasibətlərin yeni inkişaf mərhələsi barədə xəbər verdi. Ölkələrimiz arasında 300-dən çox razılaşmanın bağlanmasına baxmayaraq, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin fövqəladə xarakteri heç bir şübhə doğurmur.
Beynəlxalq hüququn fundamental prinsiplərinə - ərazi bütövlüyü, suverenlik, sərhədlərin toxunulmazlığına əsaslanan Bəyannamədə göstərilir ki, onun Tərəfləri olan dövlətlərin siyası müstəqilliyinə, suverenliyinə və ya təhlükəsizliyinə qarşı yarana biləcək istənilən təhdidlərin qarşısının alınması üçün biri-birinə yardım göstəriləcəkdir.
Mühüm məqamlardan biri də ondan ibarətdir ki, Bəyannamə sistemli, kompleks xarakteri daşıyır, Azərbaycan və Türkiyə arasında təşəkkül tapan müttəfiqlik münasibətlərinin bütün sahələrini özündə ehtiva edir. Bunların sırasında iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələr yer almışdır. Diqqəti çəkən əhəmiyyətli məqamlardan birini də transmilli cinayətkarlıqla – terrorçuluq, onun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması, narkotik vasitələrin qanunsuz dövriyyəsi, insan alveri ilə mübarizədə sahəsində Azərbaycan və Türkiyə əməkdaşlığının inkişaf etdirilməsi təşkil edir.
Şuşa Bəyannaməsi beynəlxalq hüquq baxımından mühüm çərçıvə sənədidir və iki dövlət arasında bütün sahələrdə səmərəli əməkdaşlığın perspektivlərini müəyyən etmişdir.
Bəyyanəmin qəbulundan ötən müddət əyani formada nümayiş etdirdi ki, onun qəbul edilməsi zamanın tələbi idi və ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyəyə çatmasında onun müstəsna rolu olmuşdur. Bu siyasi-hüquqi sənəd Azərbaycanın və Türkiyənin sarsılmaz dostluğunu nümayiş etdirərək, hər iki dövlətin beynəlxalq arenada ciddi söz sahibi olmasını təsdiq etdi.
Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.