Paytaxt məktəbliləri arasında keçirilən "Nizami dünyası” adlı intellektual müsabiqənin məktəbdaxili mərhələsi başa çatıb.
Bu barədə Azadmedia.az-a Bakı Şəhər Baş Təhsil İdarəsindən məlumat verilib. Məlumata görə onlayn qaydada keçirilən müsabiqənin I mərhələsində hər məktəbdən ən yüksək nəticə əldə etmiş şagird seçilərək müsabiqənin II mərhələsinə təqdim olunub. II mərhələ Bakı şəhərinin inzibati rayonlarında "Kiçik akademiya" üzrə mərkəz olaraq müəyyən edilən məktəblər tərəfindən təşkil olunacaq.
Hər inzibati rayon üzrə ilk 3 yerin sahibi olan şagirdlər müsabiqənin final mərhələsində iştirak etmək hüququ qazanacaq.
Müsabiqənin final mərhələsində Təşkilat Komitəsi tərəfindən ümumilikdə qalib kimi 9 şagird (2 nəfər I yer, 2 nəfər II yer, 2 nəfər III yer, 3 nəfər həvənləndirici yer) müəyyənləşdiriləcək.
Qaliblərə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən diplom və hədiyyələr təqdim olunacaq.
Qeyd edək ki, ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqənin əsas məqsədi BŞTİ-nin əmri ilə təsdiq edilmiş “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər Planı”nın icrasını təmin etmək, şagirdlərə dahi Nizami Gəncəvi sənətinin öyrədilməsi və tanıdılması, habelə xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq və şagirdlərdə araşdırmaq, təhlil aparmaq bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.