AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ölüm haqq olsa da, vaxtsız gedişlər üzücüdür...

  • + A
  • - A
  • 11-01-2026, 16:48

    Ölüm haqq olsa da, vaxtsız gedişlər üzücüdür...
    Bəzən ölüm xəbərinin özü yox, onun vaxtsızlığı insanın iç dünyasını darmadağın edir. Gedənin arxasında yarımçıq qalan sözlər, yazılmamış sətirlər, deyilməmiş xatirələr qalır. Elə insanlar var ki, cismani olaraq bu dünyadan köçsələr də, yoxluqları ilə daha çox görünürlər. Onlar yaşadıqları ömrün mənası, əməllərinin izi, dost yaddaşında qoyduqları səs-küy qədər ölümsüz olurlar.
    Ədəbiyyat və qələm adamlarının ölümü isə bir az da ağır olur. Çünki onlar yalnız bir insan deyil, həm də bir dövrün yaddaşı, bir nəslin səsi kimi gedirlər. Vaxtsız ölüm bu baxımdan həm taleyin sərt hökmü, həm də ürəyin qəbul etmədiyi bir həqiqətdir.
    Aşağıda təqdim etdiyimiz yazı da məhz belə bir yoxluğun – qələm dostu İlqar Quliyevin vaxtsız gedişinin yaratdığı ağrının, xatirələrin və sükutun içindən süzülüb gələn bir ehtiram yazısıdır. Yazıçı-publisist Nurəddin Ədiloğlunun qələmindən çıxan bu xatirə, təkcə bir dostun itkisinə deyil, bütöv bir insan ömrünə tutulmuş hesabat güzgüsüdür.
    Azadmedia.az sözügedən yazını təqdim edir:



    ÖLÜM HAQQ OLSA DA...

    Haradan gəlib çıxdı ölüm - bu qoca kaftar,
    Yaman kəmfürsətdir, görmür ki, əlimdə
    nə qədər işim var?


    ...1969 -cu ildə, ömrünün 39-cu ilində, bədii yaradıcılığının barlı-bəhərli çağında dünyasını dəyişən Azərbaycanın görkəmli şairi Əli Kərim bu misraları elə bil ki, təkcə özünə deyil, həm də bizim müasirimz olan, həmyerlisinə - qələm dostumuz İlqar Quliyevin vaxtsız ölümünə həsr eləmişdi. Ötən ilin dekabrında İlqarın da ruhu Əli Kərimun ölməz ruhuna qoşulub əbədiyyət yolçuluğuna çıxdı.
    Təbii ki, insan həyata gəldiyi kimi həyatdan getməyə də məhkumdur. “Ölüm, bir körpü ki, ondan hamı keçəcəkdir, bir badə ki, ondan bütün aləm içəcəkdir! “ (Cəfər Cabbarlı). Fəqət, yaşadığımız bu işıqlı dünyada vaxtsız ölüm xəbərlərinin ağrı yükü, dərin kədər izi betərin betərindən də betər olur. İlqarın da vaxtsız ölüm xəbərinə nəinki doğmaları, əzizləri, uşaqlıq və gənclik dostları, onu yaxından-uzaqdan tanıyan, imzasını sevən hər bir kəs çox üzüldü.
    ...Bu xəbəri eşidən günə kimi, əvvəllər İlqarın qonşusu olan, keçmiş polis zabiti Rüstəm Rüstəmovla səhərlər yürüş etdiyimiz “Gənclik” parkında hər dəfə rastlaşanda “İlqarı heç görürsənmi?” - deyə soruşardım. O da cavab verərdi ki, “Çoxadandı görmürəm, deyəsən, Göyçaya gedib...”.
    Eşitmişdim ki, İlqarın əvvəlki evində ailə həyatı qurandan sonra oğlu Məhəmməd yaşayır. İlqar da arada-sırada gənc ailəyə baş çəkməyə gəlir. Bir dəfə Rüstəmdən ona yazıçı-dramaturq Məmmədhüseyn Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi buraxılış göndərmişdim. Alanda demişdi ki, həmən günlərdə Bakıda olmayıb: “Əvvəlcədən bilsəydim, mən də həmin yubileydə mütləq iştirak edərdim... Məmmədhüseyn müəllimlə bağlı danışmağa mənim yaxşı xatirələrim vardı...”.
    ...Son dəfə İlqarla ötən il mayın əvvəlində Azərbaycan Yazıçılar Birliyinin Natavan klubunda keçirilən “Məndən sonra” kitabının təqdimat mərasimində görüşmüşdüm. Vətən müharibəsinə həsr olunmuş avtobioqrafik povestindən və müxtəlif illərdə qələmə aldığı publisistik məqalələrindən ibarət olan həmin kitabın ana xəttini hərbi- vətənpərvərlik , qəhrəmanlıq motivləri təşkil edirdi. Amma etiraf edim ki, kitabının adını niyə “Məndən sonra” qoymuşdu, bilmirəm. Bəlkə də ürəyinə nəsə dammışdı?! “Məndən sonra” İlqarın SON kitabı oldu.
    Unudulmaz qələm dostumun ölümlə qol-boyun olub Tanrı dərgahına qovuşduğu gün - səhər çağı Rüstəm çox həyəcanla, həm də verdiyi xəbərə inanmırmış kimi özü parkda mənə yaxınlaşdı: “Üç gün əvvəl İlqarı həyətdə gördüm, Məhəmmədgilə gəlmişdi, əhvalını xəbər aldım, dedi ki, hospitala gedirəm. Rəngi-ruyu heç yaxşı deyildi, bu gün eşitdim ki... “ Rüstəm qəhərlənib sözünün gerisini deyə bilmədi...
    O gün “Gənclik” parkında Əli Kərimin “qoca kaftar, kəmfürsət” dediyi vaxtsız ölümün qələm dostumun ömrünə son qoyması xəbərinin mənim iç dünyamda yaratdığı sıxıntını, acını, iztirabı indi, bu sətirləri yazanda belə olduğu kimi söz ilə ifadə edə bilmirəm. Evə dönəndən sonra qələm dostumuz Mahir Cavadlının “votçap” nömrəsinə zəng elədim, nə deyəcəyimi hiss etmişdi, dedi ki, İstanbulda həkim qəbulundayam. Amma mən də o acı xəbəri indicə eşitdim. İlqarın qızı zəng eləmişdi. Sabah mütləq gələcəyəm...
    Həssas təbiətindən irəli gələn səmimiyyəti ilə seçilən gülərüzü, incə qəlbli, həm də zarafatcıl İlqar artıq bu dünyada yox idi. Bizə həyatı, yaşayıb-yaratmağı sevdirən Uca Allah ölümə acı rəng verib. Ölüm haqq olsa da, biz - Mahir Cavadlı, Elşad Qoca, mən, İlqarın keçmiş qonşusu Rüstəm və başqaları İlqarın simasınsa vəfalı DOSTUN, etibarlı qonşunun, bir sözlə, İlqarın timsalında gözəl bir ŞƏXSİYYƏTİN ölümü ilə hələ də barışa bilmirik.
    ... Xatirələr aynasında gənclik illərimiz canlanır. Mən İlqarla ötən əsrin 80 -ci illərinin əvvəllərində Lənkəranda tanış olmuşdum. O vaxt İlqar “Yazıçı” nəşriyyatında nəsr şöbəsində redaktor vəzifəsində çalışırdı. Bir dəfə o, Azərbaycan Yazıçılar İttifaqının Lənkəran Zona Şöbəsində (o vaxt indiki AYB-nin Lənkəran bölməsi belə adlanırdı N.Ə. ) Cənub bölgəsinin yazıçı və şairlərini bir araya gətirən ədəbi məclisdə iştirak edirdi. Şöbəyə rəhbərlik edən Məmmədhüseyn müəllim məclis iştirakçlkarına Bakıdan gəlmiş qonağını - yazıçı İlqar Əhmədoğlunu təqdim edib sonra sözü bizə - ədəbi məclisin üzvlərinə verdi. Kimi şeirini, kimi də hekayəsini oxudu. Mənə növbə çatanda “Sel” adlı pritçamı oxudum. İlqar müəllim yekun çıxışında pritça haqqında müsbət fikirlərini bildirdi. Sonra mənə ilk kitabımı nəşrə hazırlamağı və qısa müddətdə “Yazıçı” nəşriyyatına təqdim etməyi tövsiyyə etdi. Beləcə Məmmədhüseyn müəllimin sayəsində İlqar Əhmədoğluyla aramızda səmimi dostluq münasibətləri yarandı. Ortaq dost-tanışlarımız da çox idi... Həmişə Bakıya yolum düşəndə İlqarla birlikdə yazıçı Tahir Kazımovla tez-tez görüşərdik. Tahir Kazımov o vaxt Bakı Metropoliteninin polis rəisi idi. Masallıda polis rəisi olanda mən “Millət” qəzetinin cənub bölgəsi üzrə müxbiri idim, tanışlığımız da elə o vaxtdan başlamışdı. İlqarın təklifi ilə üçümüz “Göyçay” kafesində oturub çay içə-içə maraqlı söhbətlər edərdik. Hər ikisi də şahidi və iştirakçısı olduqları əhvalatları lətifə kimi nəql etməyin pərgarı idi.
    ...2023-cü ildə mənim 65 illik yubleyim keçirilirdi. İlqar da Mahir Cavadlı ilə birlikdə Masallıya gəlmişdi. Rayon İcra başçısı Araz Əhmədov onları çox yaxşı tanıyırdı. Çox mehirbancasına görüşəndən sonra birlikdə Masallıda Qəhrəmanlar parkını ziyarət etdik. O gün İlqar çıxışında gərgin iş günü olmasına baxmayar icra başçısına yubiley mərasimində iştirakına görə minnətdarlığını bildirdi. Bütün varlığı ilə elinə-obasına bağlı olan hərbi jurnalist sərhədlə bağlı, sərhədçilərin həyatından bəhs edən bədii, publisistik yazılarının birini də vaxtilə Araz Əhmədova həsr etmişdi.
    Ötən ilin dekabırında qələm dostumuz Mahir Cavadlının “Hökümə”(poema) kitabının təqdimatında İlqarın qızı Aysel Qurbanovanın gözləri dolmuşdu. Çox duyğulandım, təbii ki, Aysel xanımı atasını aramızda görmək istəyi çox kövrəltmişdi... Tədbirdən sonra yaxınlaşıb ona başsağlığı verdim. Dedi ki, istərdim atam haqqında dostları xatirə yazsınlar. O gün eşitdim ki, İlqar dünyasının dəyişəndən üç gün sonra nəvəsi -Məhəmmədin qızı dünyaya gəlib.
    Çox təəssüflər olsun ki, 70 illik yubileyini qeyd etmək əziz dostumuza nəsib olmadı. Amma İlqarın yoxluğu sadəcə cismani yoxluqdur.
    Bu gün özü həyatda olmasa da, onun əziz xatirəsinə əbədi ehtiramımı bu xatirə-yazımla ifadə etmək istədim. Və son olaraq şair dostum Nurməmməd Ağanın bu misralarını İlqarın ruhuna dua kimi pıçıldayıram:

    Varlığın yaşayır yoxluğunda da,
    Səni həsrət ilə anır dostların.
    Ölüm haqq olsa da...
    Gerçək olsa da,
    Vaxtsız ölümünə yanır dostların.

    Ruhuna ehtiramla
    Nurəddin ƏDİLOĞLU,
    yazıçı- publisist.
    Şabran, Pirəbədil kəndi,
    Yazıçılar Birliyinin yaradıcılıq və istirəhət evi.
    11 yanvar 2026-cı il.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR