Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Ukraynaya işgüzar səfər edib. Səfər çərçivəsində rektor Ukraynanın aparıcı ali təhsil müəssisələrində bir sıra görüşlər keçirib. Görüşlər zamanı AzTU-da aparılan islahatlar, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində Avropa və Türkiyə universitetləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən işlər Ukrayna nümayəndə heyətinin diqqətinə çatdırılıb.
Xarkov Milli Radioelektronika Universitetinin rektoru, professor Valeri Semeneslə görüşdə ikitərəfli əməkdaşlığın prioritet istiqamətləri müəyyənləşdirilib, kompüter və informasiya texnologiyaları sahəsində yüksək ixtisaslı kadrların hazırlanması məsələləri müzakirə edilib. Görüşdən sonra universitetlər arasında mövcud əməkdaşlıq haqqında memoranduma əlavə olaraq, AzTU-da “Rəqəmsal təhsil texnologiyaları” təhsil mərkəzinin yaradılması ilə bağlı protokol imzalanıb. Qeyd olunub ki, mərkəz rəqəmsal təhsil texnologiyaları sahəsində universitetin professor-müəllim heyətinin və tələbələrinin, həmçinin sənaye müəssisələrinin əməkdaşlarının müasir biliklərə yiyələnmələri istiqamətində fəaliyyət göstərəcək. Daha sonra hər iki universitet arasında kompüter sistemləri və şəbəkələri və sistem proqramlaşdırılması ixtisasları üzrə ikili diplom proqramı haqqında müqavilə imzalanıb.
Ukrayna Dövlət Dəmir Yolu Nəqliyyatı Universitetinin rektoru, professor Sergey Pançenko ilə görüşdə dəmir yolu nəqliyyatı sahəsində kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi müzakirə olunub. Müzakirələrdən sonra universitetlər arasında mövcud əməkdaşlıq haqqında memoranduma əlavə olaraq, vaqonlar və vaqon təsərrüfatı ixtisası üzrə ikili diplom proqramı haqqında müqavilə imzalanıb. Daha sonra tədbir iştirakçıları və qonaqlar “Ukrayna dəmir yolları” ASC-nin “Cənub dəmir yolu” regional filialı ilə tanış olub, ən müasir avtomatlaşdırılmış dispetçer idarəetmə sisteminə baxış keçirib.
Xarkov Milli Texniki Universitetinin prorektoru, professor Gennadi Xripunovla görüşdə universitetlər arasında faydalı əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Dövlət İnfrastruktur və Texnologiya Universitetinin rektoru, professor Nadia Braykovska ilə görüşdə isə yeni Erasmus+ proqramı çərçivəsində həyata keçirilən layihələrdən bəhs olunub. Görüşdən sonra iki universitet arasında əməkdaşlıq memorandumu imzalanıb.
Səfər çərçivəsində AzTU-nun rektoru Ukrayna Milli Aviasiya Universitetinin rektoru, professor Maksim Luçki ilə də görüşüb. Görüşdə Ukrayna Milli Aviasiya Universitetinin nəqliyyat və logistika sahələrində böyük təcrübəsi nəzərə alınaraq, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi və ikili diplom proqramlarının həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Görüşdən sonra universitetlər arasında əməkdaşlıq memorandumu imzalanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.