Aytən Tunay (Qurbanova)
ADMİU nəzdində Humanitar Kollecin müəllimi Səhərçağı pəncərədən günəş içəri süzüləndə Mila artıq oyanmışdı. O, həmişə belə idi, yuxudan oyananda bir neçə dəqiqəlik sükutla gün ərzində görəcəyi işləri düşünərək özünü dinləməyi sevirdi. Mila bilirdi ki, insan gördüyü işi necə edirsə, həyat da ona elə görünür.
Mila adi bir işdə çalışırdı. Nə məşhur idi, nə də böyük uğurların sahibiydi. Amma onun böyük fərqi vardı, - o, işini gözəl görürdü.
Ofisə daxil olanda onun ilk görəcəyi iş, stolunu səliqəyə salmaq olurdu. Sənədlər, qələmlər... masanın üstünə Novruz xonçası kimi ahənglə düzülürdü. Bu, sanki onun daxili harmoniyasının əksi idi.
Bir gün ofisdə yeni işə başlayan işçilərdən biri Milanın masasına yaxınlaşdı. Mila onu xoş təəssüratla gülümsəyərək başı ilə salamladı.
Mehriban gülümsəyərək, masanın üzərindəki tüklü qələmi götürdü:
- Mila xanım, bir şey soruşa bilərəmmi?
Mila başını qaldırıb sakitcə gülümsədi.
- Buyur, əzizim.
Mehriban tərəddüdlə davam etdi:
-Mila xanım, siz işinizə niyə bu qədər diqqət edirsiniz? Siz işinizə çox can qoyursunuz. Axı hamı sadəcə işi bitirmək üçün çalışır.
Mila gülümsədi. O, cavab verməzdən əvvəl, bir anlıq düşünməyə başladı. Əvvəlcə pəncərəyə baxdı, sonra əli ilə masanın üzərindəki vərəqi kənara qoyub, sakit bir tonla davam etdi:
— Sən bir şeyin necə başladığını görmürsənmi heç?
Mehriban çaşqın halda, gözləmədiyi bir sualla qarşılaşmışdı, başını bulayaraq Milaya işarət etdi.
Mila dərin bir nəfəs aldı.
— Mən də sənin kimi düşünürdüm... İki il əvvəl...
Sözləri ilə birlikdə sanki başqa bir zamana keçdi.
— İlk iş yerimdə hər kəsin uğuruna sevinirdim. Düşünürdüm ki, insanlar da mənim sevincimi bölüşəcək. Amma bir gün... mənim haqqımda elə sözlər danışdılar ki, sanki məni heç tanımırdılar.
Mehribana baxaraq gülümsədi və sakit bir tonla:
— Dedilər ki, hazırladığım proqramlar mənə aid deyil. Guya onların yazdığı proqramı öz adıma çıxarmışam. Halbuki hər sətri özüm yazmışdım və heç gözləmədiyim bir situasiya ilə qarşılaşmışdım...
Milanın sözlərində ağır bir sakitlik vardı. Davam etdi:
— Sadəcə bu deyildi. Adımı başqa layihələrdən də çıxardılar. Sanki heç olmamışam kimi...
Ofisdə qısa bir sükut yarandı. Mila pəncərəyə yaxınlaşıb gülümsəyərək :
— Əzizim, məsələ işi bitirmək deyil... məsələ onu necə etdiyindir.
Mehriban asta səslə soruşdu:
— Bəs siz nə etdiniz?
Mila bu dəfə onun gözlərinə baxaraq:
— Heç nə. Sadəcə işimi davam etdirdim.
Bir anlıq dayandı, sonra əlavə etdi:
— Amma fərqli şəkildə təbii ki, kiməsə nəyisə sübut etmək üçün yox... özüm üçün işlədim.
Mehriban susdu. Bu sözlər onun içində sanki bir iz qoymuşdu.
Günlər keçdiBir dəfə müştərilərdən biri qeydiyyat şöbəsinə yaxınlaşıb:
- Mən Mila xanımla işləmək istəyirəm.
- Xüsusi səbəb var? - deyə orada soruşdular.
Sevinc xanım ofisimizlə yeni əməkdaşlıq edən müştərilərdən biri idi.
O, gülümsədi:
-Mila xanım işini elə görür ki, insan özünü dəyərli hiss edir. Mila xanımın gördüyü işə heyran oluram bir sözlə..
Mila bu sözləri eşidəndə başını aşağı salıb gülümsədi. Çünki, Mila təbiətcə sakit və təvazökar insan idi, heç vaxt tərif üçün işləmirdi. O sadəcə içindəki gözəlliyi, gördüyü işə daşıyırdı.
Axşamüstü Mila evə qayıdıb özü üçün hazırladığı türk qəhvəsindən bir udum içib pəncərəyə yaxınlaşdı. Gün batımı göy üzünə ayrıca bir gözəllik qatmışdı-narıncı rənglər səmaya sanki boya kimi yayılmışdı.
Mila öz-özünə pıçıldadı:
-Həyat... sən də gözəlsən, - gözlərini yumaraq davam etdi "çünki mən səni gözəl görməyi seçdim" .
O an Mila başa düşdü.
İşini gözəl görmək sadəcə bir məsuliyyət deyil, həm də bu onun ruhunun dünyaya verdiyi ən səssiz, amma ən təsirli cavabıdır.