Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən “ASAN ödəniş” sisteminə Qarabağ Dirçəliş Fondu üzrə ödənişlər inteqrasiya olunub.
Fonda yardım etmək istəyən vətəndaşlar “ASAN ödəniş” sisteminin rəsmi veb-səhifəsi - asanpay.az-a və ya mobil tətbiqə daxil olaraq müvafiq ardıcılıqla “Yardım Fondu” və “Qarabağ Dirçəliş Fondu” bölmələrini seçməlidirlər. Fonda “ASAN ödəniş” sistemi vasitəsilə yardım etmək istəyən vətəndaşlar üçün iki identifikasiya imkanı yaradılıb: FİN (şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsi) və şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi). Müvafiq seçim və ödəniş məlumatlarını daxil etdikdən sonra vətəndaş Qarabağ Dirçəliş Fonduna yardım edə bilər.
Qeyd edək ki, hazırda mərkəzi və yerli icra hakimiyyətləri, məhkəmə orqanları, publik hüquqi şəxslər, hüquqi şəxslər, universitetlər və ödəniş xidməti təchizatçıları olmaqla “ASAN ödəniş” sisteminə ümumilikdə 310-a yaxın qurum inteqrasiya olunub. Bu qurumlar tərəfindən “ASAN ödəniş” sistemində vətəndaşlara inzibati cərimə ödənişləri, rüsum, vergi və gömrük ödənişləri, kommunal ödənişlər, rabitə ödənişləri, ədliyyə və məhkəmə ödənişləri, kredit və lizinq ödənişləri, sığorta ödənişləri, təhsil ödənişləri, yardım fondları üzrə ödənişlər, internet və kabel TV ödənişləri, həmçinin digər xidmətləri əhatə edən 678-dən çox xidmət göstərilir. Qeyd edək ki, sistemdə qeydiyyatdan keçmədən də ödənişləri həyata keçirmək mümkündür.
“ASAN ödəniş” sistemi hazırda 10 mindən çox terminal, asanpay.az veb-səhifəsi, həmçinin “iOS” və “Android” əməliyyat sistemlərindən yüklənməsi mümkün olan “ASAN ödəniş” mobil tətbiqi vasitəsilə vətəndaşlara xidmət göstərir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.