Paytaxt məktəbliləri beynəlxalq bilik yarışlarında ölkəmizi uğurla təmsil ediblər. Bu barədə Azadmedia.az-a BŞTİ-dən məlumat verilib. Qeyd olunub ki, Rumıniyada təşkil olunan 37-ci Balkan Riyaziyyat Olimpiadasında Bakı şəhəri 2 nömrəli texniki-humanitar liseyin şagirdi Elçin Musazadə və 220 nömrəli məktəb-liseyin şagirdi Yusif Qasımov bürünc medal qazanıblar.
Sankt-Peterburqda keçirilən 61-ci Beynəlxalq Riyaziyyat Olimpiadasında 220 nömrəli məktəb-liseyin şagirdi Yusif Qasımov həvəsləndirici sertifikata layiq görülüb.
Qazaxıstanın Almatı şəhərində fizika, riyaziyyat və informatika fənləri üzrə onlayn XVII Beynəlxalq Jautıkov olimpiadasında (IZhO) paytaxt məktəbliləri ölkəmizi uğurla təmsil ediblər. Belə ki, Riyaziyyat fənni üzrə 220 nömrəli məktəb-liseyin XI sinif şagirdi Yusif Qasımov gümüş medal, 72 nömrəli məktəb-liseyin X sinif şagirdi Cavad İsmayılzadə, 117 nömrəli tam orta məktəbin XI sinif şagirdi Rüstəm Təhməzov bürünc medal qazanıb. İnformatika fənni üzrə isə 269 nömrəli tam orta məktəbin XI sinif şagirdi Amin Cəlilov bürünc medal qazanıb.
Bakı şəhəri 249 nömrəli tam orta məktəbin şagirdi Aydın Süleymanlı Monteneqronun Nikşiç şəhərində keçirilən “Vladimir Bato Kontiç” turnirində 9 turdan 6,5 xal toplayaraq yarışın qalibi olub. İstedadlı məktəbli bu nəticə ilə həm də qrossmeyster balını toplayıb.
BŞTİ-nin tabeliyindəki 82 nömrəli tam orta məktəbin IX sinif şagirdi Selcan Əbdürəhmanlı Latviyanın paytaxtı Riqa şəhərində üzgüçülük idman növü üzrə keçirilən "Tokio 2021" Yay Olimpiya Oyunlarına lisenziya xarakterli beynəlxalq yarışda II yeri tutub və gümüş medala layiq görülüb.
“Microsoft” şirkəti tərəfindən təşkil olunmuş “Imagine Cup Junior” virtual süni intellekt hakatonunda ölkəmizi Bakı şəhəri 267 nömrəli məktəb-liseyin informatika müəllimi Sənubər Məmmədovanın rəhbərliyi ilə 5 nəfərlik komanda - Bakı şəhəri 27 nömrəli tam orta məktəbdən Elnur Məmmədli, Fizika, riyaziyyat və informatika təmayüllü liseydən Rza Hüseynov və Səid Süleymanov, 287 “Zəkalar liseyi”ndən Fərid Əzizov və Şahmar Ağayev təmsil ediblər. Yunanıstan, Xorvatiya, Bolqarıstan, Rusiya və Rumıniyadan olan şagirdlərin də iştirak etdiyi tədbirdə komandamız II yerə layiq görülüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.