13 sentyabr 2021-ci il tarixində Bakı Olimpiya Stadionunda Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Qarabağ Dirçəliş Fondu arasında əməkdaşlığa dair “Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirildi.
Memorandumu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla imazaladıq.
Anlaşma Memorandumuna əsasən, AFFA 2022-ci ildə Qətərdə keçiriləcək Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandasının bütün ev oyunlarında bilet satışı zamanı əldə olunan gəlirin 10 (on) faizini QDF-ə ianə edəcək.
Bundan başqa, AFFA tərəfindən Azərbaycan milli komandasının oyunları zamanı ictimaiyyət arasında ianəçilik mədəniyyətinin təbliğinə geniş yer veriləcək.
Memorandumun şərtlərinə uyğun olaraq, AFFA-nın dəstəyi ilə keçirilən digər peşəkar və həvəskar futbol turnirləri çərçivəsində də QDF-in təşəbbüsləri dəstəklənəcək.
Qarabağ Dirçəliş Fondu isə öz növbəsində keçirəcəyi tədbirlər zamanı AFFA-nı tərəfdaş kimi qeyd edəcək və cəlb edilmiş ianələri Nizamnaməsinə uyğun olaraq Qarabağda aparılan bərpa işlərinə sərf edəcək.
Qarabağın dirçəlişi qarşımızda duran ən vacib vəzifələrdən biridir.
Möhtərəm cənab Prezident İlham Əliyev tərədinfən imzalanan “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı sənədə əsasən Böyük Qayıdış 5 milli prioritetlərdən biri kimi müəyyən edilmişdir, bu isə həmin vəzifənin sözün əsl mənasında ümummilli missiya olduğunun təsdiqidir.
Bu missiyanın iştirakçısına çevrildiyinə görə AFFA-ya və onun rəhbərliyinə minnətdarlığımı bildirirəm.
Birlikdə biz Qarabağı daha tez və daha gözəl bərpa edəcəyik.
Odur ki, bütün soydaşlarımızı bu məqsəd uğrunda həmrəy olmağa dəvət edirəm.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Müzəffər Ordumuzun qəhrəmanlığı nəticəsində azad etdiyimiz torpaqları indi həmrəy olub bərpa etmək vaxtıdır.
Siz də Qarabağ üçün ianə edib, bu missiyanın iştirakçısına çevrilə bilərsiniz.
İanə etmək imkanları haqqında daha ətraflı:
https://qdf.gov.az/iane-et/