Ölkə Prezidenti cənab İlham Əliyevin yeni çağırışlara uyğun həyata keçirdiyi hərtərəfli, o cümlədən struktur və kadr islahatları çərçivəsində savadlı, müasir dünyagörüşlü gənclər dövlət idarəçiliyinə irəli çəkilir, onların ictimai-siyasi həyatda fəallığı, təşəbbüskarlığı artır, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi daha da möhkəmlənir. Respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəal iştirakı ilə istedadlı gənclərin dəstəklənməsi, onların innovativ potensiallarının və bacarıqlarının üzə çıxarılması istiqamətində mühüm tədbirlər görülür.
Cəmiyyətimizin aparıcı qüvvəsinə çevrilən gənclər ədliyyə sahəsində də geniş təmsil olunurlar. Ölkə başçısının tapşırıqlarına uyğun olaraq ədliyyə orqanlarında kadrlarla işin səmərəli təşkilinə, gənclərin işlə təminatına xüsusi önəm verilərək qulluğa qəbulla bağlı mütəmadi müsabiqələr keçirilir, ədliyyə orqanlarının kadr korpusu zəruri peşə keyfiyyətlərinə malik hüquqşünaslarla komplektləşdirilir.
Bununla əlaqədar nazirliyin bölgələrdə yerləşən icra və probasiya, həmçinin qeydiyyat qurumlarında vakant ştat vahidləri üzrə keçirilən növbəti müsabiqəyə yekun vurulub.
Uğur qazanmış namizədlər Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunub, o cümlədən müvafiq ədliyyə sahələri üzrə yerli qurumlarda təcrübə keçiblər.
Tam əksəriyyəti gənclər olan 49 hüquqşünas Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yenilməz sərkərdəliyi ilə Vətən müharibəsində qazanılmış Böyük Qələbənin sevincini yaşadığımız bu günlərdə ədliyyə orqanlarına qulluğa qəbul olunaraq barələrində müvafiq təyinatlar aparılıb.
Yeni əməkdaşlarla Ədliyyə Nazirliyi rəhbərliyinin və aidiyyəti baş idarə rəislərinin görüşləri keçirilib.
Tədbirlərdən əvvəl onlar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək, abidəsi önünə əklil qoyub, əziz xatirəsini dərin ehtiramla yad ediblər. Sonra Şəhidlər və II Fəxri xiyabanlarda xalqımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman övladlarımızın, o cümlədən Vətən müharibəsində şəhid olmuş ədliyyə işçisi Ruhin Xəlilovun xatirəsi anılıb, məzarları önünə tər çiçəklər qoyulub.
Nazirlikdə keçirilən tədbirlərdə dövlətimizin gənc nəslin hərtərəfli inkişafına qayğısından bəhs edilib, ölkə başçısı cənab İlham Əliyevin hüquq-mühafizə orqanları işçiləri qarşısında qoyduğu tələblər diqqətə çatdırılıb, qanunun aliliyi və dövlətçiliyə sədaqət prinsiplərini hər şeydən üstün tutmaları və xidməti vəzifələrinin icrası ilə bağlı gənclərə zəruri tapşırıqlar verilib.
Yeni qulluğa qəbul olunanlar Vətən müharibəsinin zəfər günlərində qulluğa qəbul olunmalarından yüksək qürur hissi keçirdiklərini bildirib, ədliyyə qulluqçusu kimi dövlət başçısının ətrafında sıx birləşərək ölkəmizin hərtərəfli tərəqqisinə və qüdrətlənməsinə sədaqətlə xidmət edəcəklərini vurğulayıb, onlara göstərilən yüksək etimadı fəaliyyətləri ilə doğruldacaqlarına, vəzifələrini vicdanla yerinə yetirəcəklərinə, ədliyyə işçisi adını şərəflə daşıyacaqlarına söz veriblər.
Sonra gənc hüquqşünaslar Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə təntənəli qaydada and içiblər, onlara xidməti vəsiqələr verilib.
Eyni zamanda nazirliyin Müsabiqə Komissiyası bildirir ki, bölgələrdə yerləşən icra və probasiya, həmçinin qeydiyyat qurumlarında işləmək arzusunda olan ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşlarının ərizələrinin qəbulu davam edir və onlar müsabiqədə iştiraka dəvət olunurlar (elektron müraciət ünvanı: www.exidmet.justice.gov.az
www.exidmet.justice.gov.az, əlaqə telefonları: (012) 538-01-62, 538-08-85).