Yeni il sürprizi: Bakıda araq ucuzlaşıb
Marketlərdə araq məhsullarında ucuzlaşma müşahidə edilir, bir çox məhsullarda 1-2,5 manat arası endirimlər müşahidə olunur.
Bir neçə gündür ki, marketlərdə arağın qiymətində endirimlər müşahidə olunur.
Sputnik Azərbaycan mağazalardakı arağın qiymətini öyrənib: bir çox məhsullarda 1-2,5 manatadək endirim olub. 8 manat 20 qəpiyə olan araq 6 manat 56 qəpiyə, 9 manat 20 qəpiyə olan belə məhsul isə 7 manat 20 qəpiyə satılır.
Endirimlər nə ilə əlaqədar ola bilər?
İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında arağın ucuzlaşmasının səbəbini növbəti ildə qiymət artımının olması ehtimalı ilə əlaqələndirib. N.Cəfərli bildirib ki, rəsmi statistikaya görə, bu sahədə qiymətlər öncədən artmışdı, hazırda isə bayramqabağı tələbatın yüksək olduğu nəzərə alınaraq qiymətlərdə müəyyən endirimlər olur: "Çünki yeni ildə onsuz da yeni qiymətlər olacaq və aksiz markalarının da qiymətinin artması gözlənilir. Bu səbəbdən də sahibkarlar, yəqin ki, əllərində olan məhsulların bayram ərəfəsində satışının daha da sürətlənməsinə çalışırlar".
Ekspert deyir ki, ənənəvi olaraq bayramdan sonra alkoqollu içkilər və araqların alışında müəyyən durğunluq olacaq: "15-20 günlük durğunluğu nəzərə alaraq sahibkarlar həm də məhsulların satışını sürətləndirmək üçün, ehtimal ki, belə bir addım atıblar".
Spirtli içkilərə görə aksiz vergisi artırılır
Spirt, tündləşdirilmiş içkilər və konyak üçün aksiz vergisi hər litrə görə 80 qəpik artırılacaq. Bu məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Hazırda qüvvədə olan Məcəlləyə əsasən, içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturatlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturatlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likör və likör məmulatları, konyak və konyak materiallarının hər litri 3 manat 20 qəpik təşkil edir. Artımdan sonra bu məbləğ 4 manat təşkil edəcək.
Qeyd edək ki, Azərbaycanda cari ilin ilk 8 ayında 21938 min dkl alkoqollu içki istehsalı artıb. Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, 2019-cu ildə ölkədə 26827.9 min dkl alkoqollu içki istehsal olunub. Məlumatda bildirilir ki, 2020-ci ildə 28619.3 min dkl alkoqollu içki istehsal olunub.
Cari ilin ilk 8 ayında 21938 min dkl alkaqollu içki istehsal olunub.
Qeyd edək ki, ötən ilin yanvar-avqust aylarında ölkədə alkoqollu içkilərin istehsalı 18923.1 min dkl olub.