""Azəriqaz" İstehsalat Birliyi paytaxtla yanaşı, bölgələrdə də yeni yaşayış massivlərinin, kəndlərin, qəsəbələrin təbii qazla təmin edilməsi istiqamətində konkret addımlar atır və bu işlər bundan sonra da davam edəcək". Bu sözləri SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev "Açıq mikrofon" aksiyası çərçivəsində Quba rayonunda keçirilən görüş zamanı bildirib. Birliyin Xaçmaz Regional qaz istismarı İdarəsinin rəisi Azər Abasov daxil olan çox saylı müraciətlərin "Açıq mikrofon" aksiyasının bu ünvanda təşkil olunduğunu bildirərək, vətəndaşları yaradılan bu şəraitdən yararlanmağa çağırıb. Quba rayonunun Bağçalı, Qalagah, Məçkə-xacə, Fırıq, Yekdar, İdrisqışlaq kəndlərinin sakinləri problem və təkliflərini səsləndiriblər. Sakinlər mavi yanacaq olmaması səbəbindən üzləşdikləri çətinliklərdən söz açıblar. Alternativ yanacaq mənbəyi kimi odunla bağlı da problemlərinin olduğunu bildirərək təbii qazla təmin olunmalarını xahiş ediblər. Aksiyaya Quba sakinləri ilə yanaşı, Xaçmaz rayonunun Əhmədoba, Hacıəhmədoba və digər kəndlərinin sakinləri də üz tutublar. Onlar da bir sıra kəndlərin, yeni yaşayış massivlərinin qazlaşdırılmasını xahiş ediblər. "Səyyar qəbul otağı"nın imkanlarından, həmçinin sahibkarlar da yararlanıblar. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Famil Mikayılov və Qulu Rzayev istehlak edilən təbii qaza görə yaranan debitor borcun ödənilməsi üçün müəyyən qədər vaxt verilməsini xahiş ediblər. Daxil olan bir sıra müraciətin yerindəcə həllinə dair tapşırıq verilib. Məlumat üçün bildirək ki, görüşdə "Azəriqaz" İB-nin məsul şəxsləri ilə yanaşı, müvafiq qurumların rəsmiləri də iştirak ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.