İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) 5 baş təlim keçmiş it ianə edilib.
Bu məqsədlə Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzində keçirilən tədbirdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov və DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov iştirak edib.
Tədbirdə çıxış edən Vüqar Süleymanov göstərilən dəstəyə görə təşəkkürünü bildirib və təqdim edilən itlərin uzunmüddətli fəaliyyət göstərərək Qarabağda təhlükəsiz, dayanıqlı və sağlam yaşayış mühitinin yaradılması sahəsində töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Şahin Bağırov diqqətə çatdırıb ki, tədbir mina və partlamamış hərbi sursatlarla ən çox çirklənən rayonlarımızdan olan Füzulinin işğaldan azad olunması gününə təsadüf edir, ianə verilən xidməti itlər işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarına, bərpa və yenidənqurma proseslərində təhlükəsizliyin təmin edilməsinə əlavə dəstək olacaq.
Eyni zamanda vurğulanıb ki, ANAMA və DGK arasında partlayıcı maddələrin aşkar edilməsi istiqamətində əməkdaşlığın gücləndirilməsi, təlimlərin və təcrübə mübadiləsinin təşkili gələcək birgə əməkdaşlığa fayda verəcək.
Agentliyə ianə edilən itlər humanitar minatəmizləmə əməliyyatlarında fəaliyyət göstərmək üçün ANAMA tərəfindən müvafiq təlimlərə cəlb olunacaq. Təlimlərdən sonra Beynəlxalq Minatəmizləmə Standartları (IMAS) üzrə akkreditasiyadan keçirilərək, Qarabağda icra edilən minatəmizləmə əməliyyatlarında iştirak edəcəklər.
Sonda 5 baş təlim keçmiş it, onların qeydiyyat sertifikatları, aksesuarları və daşınması üçün zəruri olan qəfəsləri ANAMA-ya təqdim edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.