Azərbaycan Texniki Universitetinin (AzTU) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi təşkilatçılığı ilə əmək yarmarkası keçirilib. Yarmarkada AzTU-nun rektoru Vilayət Vəliyev, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin baş direktorun birinci müavini Rövşən Qarayev və digər rəhbər şəxslər iştirak edib.
AzTU-nun rektoru Vilayət Vəliyev universitetdə əmək bazarının tələblərinə uyğun kadr hazırlanması istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, AzTU ölkənin bir sıra qurumları ilə əməkdaşlıq edir. Müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr sözügedən qurumlarda təcrübə proqramlarında iştirak edirlər. Bu da tələbələrin karyeralarının gələcəkdə inkişaf etdirilməsində mühüm rol oynayır. Rektor AzTU-da keçirilən növbəti əmək yarmarkasının da həm işə götürənlər, həm də məzunlar üçün uğurlu olacağına inandığını qeyd edib.
Daha sonra çıxış edən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli son illər ölkədə məşğulluq sahəsində aparılan yenilik və islahatlardan danışıb. Bildirib ki, müasir dövrdə bir çox peşələr transformasiyaya uğrayır. Bu baxımdan hər kəs əmək bazarının çağırışlarına hazır olmalıdır. Texniki peşələrin hər zaman arzuolunan olduğunu qeyd edən Mustafa Abbasbəyli AzTU məzunlarını bu baxımdan çox şanslı adlandırıb. Qeyd edib ki, Agentlik hazırda ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir və mütəmadi olaraq bu cür tematik yarmarkalar təşkil olunur.
KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin baş direktorun birinci müavini Rövşən Qarayev də əmək yarmarkasının məzunlar üçün əhəmiyyəti barədə danışıb.
Qeyd edək ki, əmək yarmarkasında 1000-ə yaxın AzTU məzunu iştirak edib. Həmçinin yarmarkada 74 dövlət və özəl müəssisəsi tərəfindən ümumilikdə 800-ə yaxın boş iş yeri və təcrübə proqramları təqdim edilib. Məzunlara Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri, gənclərə yönəlmiş layihələr barədə məlumat verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.