Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” ASC-də içməli sudan səmərəli və qənaətlə istifadənin təmin olunması, sudan qanunsuz istifadə hallarının aradan qaldırılması, bu sahədə qanunvericiliyin tələbləri və maarifləndirmə tədbirlərinə həsr olunmuş brifinq keçirilib.
Azadmedia.az-ın verdiyi məlumata görə “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bildirib ki, qlobal iqlim dəyişiklikləri və quraqlıq son illər dünyada su ehtiyatlarının azalması tendensiyası Azərbaycanda da müşahidə olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər Planına uyğun olaraq su itkilərinin və israfçılığın qarşısının alınması mühüm tədbirlər həyata keçirilir.
Su təsərrüfatı və meliorasiya sahələrində idarəetməni təkmilləşdirmək, su ehtiyatlarından səmərəli istifadə etmək, torpaqların meliorasiyası və irriqasiyası işlərinin təşkilini yaxşılaşdırmaq məqsədilə yaradılmış Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən su itkilərinin, israfçılığın aradan qaldırılması istiqamətində ciddi tədbirlər həyata keçirilir. ADSEA sədrinin əmrinə əsasən, Bakı şəhərinin rayonları, Sumqayıt şəhəri, Abşeron rayonu və Bağlar massivi üzrə işçi qrupları yaradılıb və yerli icra hakimiyyəti orqanları ilə birgə iş aparılır. İçməli su təchizatı sisteminə qanunsuz və nəzarətdənkənar qoşulmaların aradan qaldırılması məqsədilə Fəaliyyət Planı təsdiq edilib və may ayının 1-dən işlərə başlanılıb. İlk növbədə sənaye müəssisələri, ictimai-iaşə obyektləri, yaşıllıqlar, parklar, avtoyuyucu məntəqələr, bir sözlə, iri su istehlakçılarının su sərfi təhlil olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.