AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Labirintdən çıxış”: Regional Ekspertlər Şəbəkəsi növbəti dəfə onlayn formatda toplanıb.

  • + A
  • - A
  • 30-04-2024, 15:00

    “Labirintdən çıxış”: Regional Ekspertlər Şəbəkəsi növbəti dəfə onlayn formatda toplanıb.

    Ölkənin müxtəlif regionlarını təmsil edən 30-a yaxın ekspertdən ibarət şəbəkə bu dəfə qızların təhsili məsələsini müzakirə edib. Regional Ekspertlər Şəbəkəsinin təşəbbüskarı və əlaqələndiricisi Mehriban Zeynalova açılış nitqində bildirib ki, hazırda qarşıda duran əsas məsələ regionlarda, xüsusilə də ucqar kəndlərdə qızların təhsilə cəlb edilməsidir: “Bu istiqamətdə ən müxtəlif problemlər mövcuddur. Bizim məqsədimiz bu problemləri araşdırmaq, təkliflər almaq və sonda bu təklifləri paket halında aidiyyatı qurumlara təqdim etməkdir. Ona görə də ekspertlərdən xahişim, təmsil etdikləri bölgələrdəki vəziyyəti öyrənmək və bizə bildirməkdir”.
    Müzakirələrdə ilk çıxış edən “Labirintdən çıxış”: Regional Ekspertlər Şəbəkəsinin fəxri üzvü Novella Cəfəroğlu olub. O, qoyulan məsələnin vacibliyinə diqqət çəkib və qeyd edib ki, bu istiqamətdə ən maraqlı tədqiqatın müəllifi sosioloq Əhməd Qəşəmoğludur.
    Daha sonra söz Ə.Qəşəmoğluna verilib. Mütəxəssis qız uşaqlarının təhsildən yayındırılmasının ağrılı problem olduğunu qeyd edib. Eyni zamanda bildirib ki, bunun kökündə əsasən maddi və sosial vəziyyət dayanır: “Biz təhsildə olan repetitorluğa – qara bazara göz yumuruq. Müəllim sinifdə öyrətmədiyini sonradan pullu hazırlıqda öyrədir. 25-30 uşağı yığırlar bir yerə, nə təhlükəsizliyə qarantiya var, nə sanitar-gigiyenik normalar qorunur. Üstəlik, qiymətlər də xeyli bahadır, heç bir tənzimləmə yoxdur. Bu problem qızların təhsildən yayındırılmasında kifayət qədər böyük rol oynayır. Çünki hazırda bizdə vəziyyət belədir ki, valideyn iki uşaqdan birini oxutmaq qərarı verəndə birinci oğlanı seçir. Elə bunu qədər vacib problem də körpələrimizin kəşf edilməməsidir. Bizim təhsil sistemimiz körpələri kəşf etmək istiqamətində iş apara bilmir”.
    Ə.Qəşəmoğlu qızların peşə təhsili, bizneslə tanışlıq məsələlərinə də toxunub: “Qızlarımızda biznes təfəkkürünü inkişaf etdirməliyik. Məsələn, bir xanım vardı, ucuz yun corablar toxudub aparıb soyuq ölkədə baha qiymətə satmışdı. Bununla uğur qazanmışdı. Belə nümunələri üzə çıxarıb qızları yönləndirməliyik. Ümimiyyətlə bu sahədə ölkədə problem çoxdur, sadə həll yolları da var, amma təəssüf ki, həll etmək sahəsində fəaliyyət yoxdur”. Ə.Qəşəmoğlu məktəblərdə dərnəklərin bərpasının tərəfdarı olduğunu bildirib. Qeyd edib ki, valideynlər xüsusilə qız övladlarının dərnəklərdə təhsil almasına etiraz etməzlər, nəinki onları hansısa uzaqda yaşayan repetitorun yanına hazırlığa göndərməyə.
    Çıxış edən ekspertlər qızların təhsili sahəsində əsas problemlər kimi sosial vəziyyəti, xüsusilə kənd yerlərində yol problemini, şəraitsizliyi, din, təfəkkür amilini önə çəkiblər. Qubadan olan ekspert Eynulla Xeyrullayev bildirib ki, təmsil etdiyi rayonun dağ kəndlərində çox uşaq təhsilini başa vura bilmir: “Xüsusilə də qızlar. Buna səbəb şəraitsizlikdir, yol problemidir. Elə məktəblər var ki, 20-30 ildir bir uşaq da ali məktəbə daxil ola bilmir. Ucqarlarda isə elə kəndlər var ki, məktəb yoxdur. Elə kənd məktəbləri də var ki, iki-üç fənni bir müəllim tədris edir”.
    E.Xeyrullayev çıxışından sonra ekspert qrupu qərara gəlib ki, məktəbi olmayan kəndlərin, müəllim çatışmazlığı yaşayan, şagirdləri uğur qazana bilməyən məktəblərin də xəritəsi hazırlansın və bu ərazilərdə xüsusilə qızların təhsili üçün müəyyən addımlar atılmasına təşəbbüs göstərilsin.
    Müzakirələr zamanı Novella Cəfəroğlu bu prosesə bələdiyyələrin cəlb edilməsinin vacibliyini önə çəkib. Eyni zamanda şəbəkə üzvləri sosial problemli ailələrlə bu istiqamətdə iş aparılması haqda fikir mübadiləsi ediblər.
    Görüşdə iştirak edən regional ekspertlərin ümumi rəyi ondan ibarət olub ki, Azərbaycanın şəhər və rayon mərkəzlərində təhsil sahəsində aparılan islahatlar müsbət mənada qızların təhsilə marağını artırır. Lakin bir çox kəndlərimizə bu islahatlar çatmayıb. Belə ki, dağ rayonlarında yolların bərbad vəziyyətdə olması təhsilə də təsirsiz qalmayıb. Üstəlik, ucqar kəndlərdə stereotiplərin kəskinləşməsi, qızların təhslükəsizliyi məsələsi onların təhsildə iştirakına əngəllər yaradır.
    Əvvəlki illərə nisbətdə, dini amillərə görə qız uşaqlarının təhsildən yayındırılması məsələsi azalıb. Rəylərə görə, sosial problemlər ailədə olan uşaqların cins fərqində oğlanların təhsilinə üstünlük verilməsi ilə nəticələnir.
    İştirakçılar repititorluğu da qızların təhsildə bərabərhüquqlu iştirakına əngəl kimi görürlər. Qeyd edilib ki, repetitorluq şagirdlər arasında təbəqləşmə qismində ayrı-seçkilik yaradır. Yəni imkanlı ailələr seçim etmək məcburiyyətində qalmadan uşaqlarını repititora göndərə bilsə də, sosial həssas qruplardan olan ailələrin qız uşaqları üçün bu, əlçatan olmur. Nəticədə repititorluq qızların təhsildə bərabər imkanlardan məhrum olmasına gətirib çıxarır.
    İşirakçılar qeyd ediblər ki, əsasən yarımçıq, boşanmış və sosial həssas qrupdan olan ailələrin qızlarının təhsildən yayınması halları diqqəti daha çox cəlb edir. Ailələrdə zorakılığın mövcudluğu da daha çox qızların təhsilində öz əksini göstərir. Çıxışçıların fikrincə, ailələrdə uşaqlar arasında gender ayrı-seçkiliyi getdikcə daha qabarıq forma almağa başlayır.
    Bugünkü mənzərəyə təsir edən amillərdən birinin də Birinci Qarabağ müharibəsindən sonra yaşanan qaçqınlıq həyatı olduğu qeyd edilib.
    Ümumi müşahidələr deməyə əsas verir ki, orta və ali təhsil ocaqlarının (kolleclər, peşə məktəbləri, ali təhsil ocaqları) olduğu rayonlarda qızların təhsilə marağı daha çoxdur və həmin rayonlarda göstəricilər üstündür.
    Bəzi hallarda isə təhsilini başa vuran qızların iş yerləri tapmaması digərlərinin təhsilə marağının azalmasına səbəb ola bilir. Həmçinin regionlarda qızların daha tez ailə qurması bir sıra hallarda onların təhsillərinin əhəmiyyətini azaldır.

    Görüş zamanı aşağıdakı təkliflər səsləndirilib:

    - Ucqar kənd yerlərində istedadlı, təhsildə yüksək göstəriciləri ilə fərqlənən qızların təshilinə dəstək kampaniyalarına ehtiyac var;
    - Hər bir rayon üzrə, qızların təhsilinin zəif olduğu, stereotiplər və yolların şəraitsizliyini əks etdirən xəritə hazırlanaraq, ETN-ə təqdim edilsin;
    - Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin regionlarda olan əməkdaşlarının qız uşaqlarını təhsilə stimullaşdıran çağırışlarının təşkili ilə bağlı müraciət hazırlansın;
    - Məktəb, valideyn, sosial iş üçbucağının yaradılması və onun inkişafına dəstək verilsin;
    - Əvvəlki dönəmlərdə məktəblərdə tətbiq edilən fakultətiv dərslərin müəllimlərə əmək haqqı vermək şərtilə bərpası, bununla da repetitorluğun azaldılmasına nail olunması ilə bağlı təkliflər verilsin;
    - Həssas ailərlər tək anaların aşkarlanması və onlarla valideyn-övlad münasibətləri üzrə sosial iş aparılsın.

    Qeyd edək ki, hazırda “Labirintdən çıxış”: Regional Ekspertlər Şəbəkəsi Gəncə, Sumqayıt, Quba, Qazax, Massalı, Yardımlı, Xocalı, Göyçay, Fizuli, Cəlilabad və digər rayonları əhatə edir. Şəbəkə üzvləri arasında QHT-lərlə yanaşı, ictimai fəallar və mətbuat nümayəndələri də var.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR