İranın Qarabağ seçimi: Ermənistan...
May ayının Azərbaycan üçün potensial təhlükəsi
“İran prezidentliyinə namizədlər arasında Azərbaycan üçün ən əlverişli namizəd elə indiki prezident Həsən Ruhanidir”.
İstiPress-ə bu barədə politoloq Elxan Şahinoğlu mayın 19-da İranda keçiriləcək prezident seçkilərini şərh edərkən bildirib:
“Altı nəfər namizəd içində bizim ən yaxından tanıdığımız namizəd Həsən Ruhanidir. Onun fəaliyyəti dövründə Azərbaycan - İran münasibətləri xeyli mülayimləşib. O biri namizədlərin Azərbaycan üçün hansı “sürprizlər” bəxş edəcəyi bəlli deyil”.
İranın ali dini lideri Seyid Əli Xameneyi prezident seçkilərində 6 nəfərin iştrakına icazə verib. Bunların sırasında Seyid İbrahim Rəisi Sadati, Həsən Ruhani, Məhəmməd Bakır Qalibaf, İshaq Cahangiri Kuhşahi, Seyid Mustafa Ağa Mirsəlim və Seyid Mustafa Haşimi Tebanın adları gəlir. KİV-lərin yazdığına görə, bu namizədlərin içində Azərbaycanla hər hansı bağlılığı olanı yoxdur - 5-i fars və 1-i kürddür.
İranın ali dini lideri Seyid Əli Xameneyinin bu namizədlərin içində Seyid İbrahim Rəisini dəstəklədiyi deyilir. Mühafizəkarların lideri olan bu siyasətçi keçən seçkidə Xameneyi tərəfindən dəstəklənmədi, ali dini lider dəstəyini Həsən Ruhaniyə verdi. Amma KİV-lərin yazdığına görə, ali dini lider hazırda Ruhanini dəstəkləmir.
Elxan Şahinoğlu bu namizədlərdən hakimiyyətə ən çox şanslı kimi Həsən Ruhanini göstərir: “Əsas sözü xalq deyəcək. Hər halda, Xameneyi artıq Həsən Ruhaninin namizədliyini təsdiq edib. Rəisini dəstəkləsə idi, Ruhanini seçkiyə buraxmazdı”.
Lakin politoloqun sözlərinə görə, istənilən halda İranın Qarabağ münaqişəsi ilə bağlı son aylarda Ermənistanın xeyrinə daha da güclənmiş mövqeyi dəyişməyəcək: “İran prezidenti hətta azərbaycanlı olsa belə, Qarabağ münaqişəsində Ermənistanı dəstəkləyəcək. Məqsəd aydındır - Azərbaycanın zəif olmasını istəyirlər. Buna görə də, Azərbaycanla nə qədər birgə layihələr həyata keçirsələr də, iqtisadi əlaqələrə getsələr də, Qarabağın Ermənistanda qalmasını istəyəcəklər”.
Təbii ki, yeni prezidentin kim olmasından asılı olmayaraq, Azərbaycan İranla əlaqələrində bu nüansı nəzərə almaqla iqtisadi və mədəni sahələrdə inteqrasiyanı davam etdirməlidir. Hər halda, İran bizim ortaq tarixi keçmişə və ortaq mədəni müstəviyə malik olduğumuz ən yaxın qonşumuzdur.