AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Baydenlə dəyişən Amerika və... Azərbaycan! - TƏHLİL

  • + A
  • - A
  • 12-06-2021, 16:20

    Baydenlə dəyişən Amerika və... Azərbaycan! - TƏHLİL


    ABŞ prezidenti Co Baydenin Avropa səfəri başlayıb. Ağ Evin sahibi ilk olaraq Böyük Britaniyaya səfər edib və bu ölkənin baş naziri Boris Consonla görüşüb.

    Qeyd edək ki, Amerikanın tarix boyu ən yaxın müttəfiqi Böyük Britaniya olub. Bayden görüşə oradan başlamaqla hansı mesajı verir? Ağ Ev rəhbərinin Avropa səfəri nəyə hesablanıb? Azərbaycandan o səfər necə izlənir?

    Onu da bildirək ki, Bayden-Conson görüşünün gündəliyində Avropa və ABŞ-da demokratiya və kollektiv təhlükəsizliyin təşviqinə dair yeni Atlantik Xartiyanın təsdiqlənməsi yer alır...

    AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli belə görüşlərin Azərbaycana təsirsiz ötüşmədiyini düşünür: “Bəli, Böyük Britaniya tarix boyu Amerikanın ən yaxın müttəfiqi olub. Düzdür, son dönəmlərdə iki dövlət arasında münasibətlərdə soyuqluq yaranıb. Bu təkcə Tramp dövrünə təsadüf etmir. Britaniya artıq özünü ABŞ-ın kiçik müttəfiqi kimi aparmaq istəmir. Bu ölkənin öz maraqları var və onu yenidən dünyada bərpa etmək istəyir. Amma istənilən halda bu ölkələr bir-biriləri üçün çox önəmlidir. Hər ikisi ingilis dövlətidir. Amerika vaxtı ilə Böyük Britaniyanın müstəmləkəsi olub. Azərbaycan-Türkiyə münasibətləri kimi olmasa da, Amerika-Britaniya münasibətləri də çox yaxın olub. Bu sıraya Kanadanı da əlavə etmək olar.

    Amerikanın özünün ingilisdilli dövlət olması da burada mühüm rol oynayır. Avroatlantik məkana gəlincə deyə bilərəm ki, Tramp dövründə ABŞ bu siyasətindən uzaqlaşmışdı. İndi isə Bayden ölkəsini yenidən Avroatlantik məkana lider kimi göstərmək istəyir. Bunun üçün də daha çox Rusiya və Çinə qarşı olan ittifaqlarını gücləndirməyə çalışır. Proseslər Azərbaycanda və digər ölkələrdə olduğu səviyyədə izlənilmir. Postsovet məkanında, xüsusilə Gürcüstan və Ukraynada daha çox izlənilir. Amma təbii ki, bu cür görüşlərin Azərbaycana da təsiri var. Sadəcə taleyüklü deyil. Gələcəkdə Qərbin regionumuzda özünü necə aparmasından çox şeylər asılı olacaq”.

    “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Baydenin keçirəcəyi görüşləri ayrı-ayrılıqda şərh etdi: “Baydenin səfərinə Böyük Britaniyadan başlaması obyektiv bir hadisədir. Bu ölkə uzun illərdir ki, Amerikanın strateji müttəfiqidir. Baxmayaraq ki, Britaniya Avropa İttifaqını tərk edib. Əksinə, bununla deyərdim ki, Amerikaya daha çox yaxınlaşıb, manevr imkanları artıb. Məsələn, Avropa İttifaqında yer alanda Brüsselin qərarlarını icra etmək məcburiyyətində qalırdı. Amma indi öz müstəqil siyasətini yürüdür. İstənilən ölkə münasibətlər qura, bunu genişləndirə bilər. ABŞ Böyük Britaniya ilə müttəfiqliyə böyük önəm verir. Ona görə də bəzən ABŞ rəhbərləri Avropaya səfərə başlayanda el dili ilə desək, ”bir güllə ilə iki dovşan" vurmaq istəyirlər. Uzun yol qət etdiklərinə görə ən müxtəlif mövzuları müzakirə etməyə çalışırlar. Fikir verin, Bayden Britaniyaya gedir, orada ittifaq məsələlərini müzakirə edir. Brüsselə NATO toplantısına gəlir, orada Ukrayna məsələləri müzakirə olunacaq. Sonra Rusiya prezidenti ilə ayrıca İsveçrədə görüşəcək. Ardınca NATO sammiti çərçivəsində ayrıca Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Yəni yığılıb qalmış məsələləri bir səfərlə müzakirə etməyə çalışır. Düzdür, bir görüşlə dərin məsələlərin həll olunmayacağı barədə bir status paylaşmışam. Amerikanın Rusiya və Türkiyə ilə bir çox məsələlərdə dərin fikir ayrılıqları var.

    Bu fikir ayrılıqları bir görüşlə həll olunası deyil. Amma belə görüşlər dünya üçün çox vacibdir. Amerikanın əsas mövzularından biri olan Ukrayna məsələsi gündəmdədir. Ukrayna tərəfi Baydenin Zelenski ilə görüşdən əvvəl Putinlə görüşəcəyindən narazı qalıb. Çünki Ukrayna rəhbəri əvvəl onunla görüşməyi vacib bilirdi ki, görsün, Putinlə hansı məsələlər müzakirə olunacaq. Amma Bayden siyasətində bir korrektə etdi ki, Zelenskini Vaşinqtona dəvət edəcək. Ukrayna rəhbəri bir məsələdən də narazı qalıb. Amerika Almaniyaya təzyiq etməkdən vaz keçərək “Şimal axını-2" layihəsinin reallaşmasına ”yaşıq işıq" yandırıb. Bu da Ukraynanın maraqlarına ziddir. Çünki bu boru xətti işə düşəndən sonra Rusiya Ukrayna boru xəttindən istifadə etməyəcək və rəsmi Kiyev milyardlarla itki ilə üzləşəcək. Bu yolla Rusiyanın Ukraynaya təsirləri daha da artacaq. Bir sözlə, Baydenin bu səfəri öncəliklə tanışlıq xarakteri daşıyır, digər tərəfdən də təkbətək görüşüb bütün mövzuları müzakirə etmək niyyətindədir. Amma bu, o demək deyil ki, Putin və Ərdoğanla görüşlərdə bütün gərgin məsələlər həll olunacaq. Qardaş ölkə ilə bağlı suallar çoxdur. Məsələn, “F-35" təyyarələri satılmadı, Gülən hələ Pensilvaniyadadır, onu geri təhvil vermək istəmirlər, Amerikanın PKK ilə təmasları davam edir ki, bu da Türkiyəni ciddi şəkildə narahat etməyə bilməz. Ortada çox ciddi məsələlər var. Amerikanın da Türkiyədən narazı qaldığı məsələ odur ki, rəsmi Ankara Rusiyadan ”S-400"lər alıb. Bütün bu məsələlər ətrafında müzakirələr gedəcək. Amma ortaq məxrəcə gəlinəcəyinə inanmıram".
    “Yeni Müsavat”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR