Masallı, 13 avqust — Azadmedia.az
Masallı Rayon Statistika İdarəsindən Azadmedia.az-ın cənub bürosuna verilən məlumatda bildirilir ki, 2024-cü ilin yanvar-iyun aylarında iqtisadiyyatın əsas sahələrində ümumi məhsul buraxılışı 308272,0 min manat təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 10,0 faiz artmışdır. Məhsul buraxılışının həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 1,8 faiz, sənaye sahəsində 35,2 faiz, tikinti sahəsində 61,9 faiz, nəqliyyat və anbar təsərrüfatı sahəsində 47,7 faiz, informasiya və rabitə sahəsində 19,2 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində isə 1,1 faiz artmışdır.
Sənaye
2024-cü ilin yanvar-iyun aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi müqayisəli qiymətlərlə 35,2 faiz artaraq 57424,3 min manat təşkil etmişdir.
2024-cü ilin yanvar-iyun aylarında istehsal edilmiş və göstərilmiş xidmətlərin 83,2 faizi emal sənayesində, 15,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 1,4 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda, 0,2 faizi isə mədənçıxarma sənayesi sahələrində olmuşdur.
Qeyri-dövlət sektorunda istehsalın həcmi 47994,3 min manat olmuşdur ki, bu da ümumi sənaye istehsalının 83,6 faizini təşkil etmişdir.
Tikinti
2024-cü ilin yanvar-iyun aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6762,2 min manat və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 90,4 faiz az vəsait yönəldilmişdir. İstifadə olunmuş vəsaitlərin 1320,0 min manatı və ya 19,5 faizi yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 6637,4 min manatı və ya 98,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 90,2 faiz az olmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitin 6,1 faizini dövlət sektoru, 93,9 faizini isə qeyri-dövlət sektoru təşkil etmişdir.
Fəaliyyət göstərən tikinti müəssisələri və fərdi sahibkarlar tərəfindən yerinə yetirilmiş işlərin həcmi 7735,2 min manat təşkil etmiş və ümumi tikinti işlərinin 83,8 min manatını və ya 1,1 faizini tikinti yenidənqurma, genişləndirmə, texniki avadanlıqlarla yenidən təchiz edilmə işləri, 5998,8 min manatını və ya 77,6 faizini cari təmir, 1652,6 min manatını və ya 21,3 faizini isə sair işlər təşkil etmişdir.
Kənd təsərrüfatı
2024-cü ilin yanvar-iyun aylarında kənd təsərrüfatı üzrə məhsul buraxılışının ümumi dəyəri 2023-cü ilin müvafiq dövrünə nisbətən 1,8 faiz artaraq 145851,1 min manat olmuşdur ki, onun da 88436,0 min manatı və ya 60,6 faizi bitkiçilik məhsullarının, 57415,1 min manatı və ya 39,4 faizi isə heyvandarlıq məhsullarının payına düşür.
Nəqliyyat
2024-cü ilin yanvar-iyun aylarında avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 7331,0 min nəfər sərnişin daşınmış və 2023-cü ilin müvafiq dövrünə nisbətən 8,5 faiz artmışdır.
2024-cü ilin yanvar-iyun aylarıdə avtomobil nəqliyyatı ilə 1140,0 min ton yük daşınmış və 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,8 faiz artmışdır.
2024-cü ilin yanvar-iyun aylarında nəqliyyat və anbar təsərrüfatı xidmətlərindən əldə olunan gəlirin ümumi dəyəri 2023-cü ilin müvafiq dövrünə nisbətən 47,7 faiz artaraq 11149,8 min manat olmuşdur ki, onun da 4206,8 min manatı və ya 37,7 faizi hüquqi şəxslərin, 6943,0 min manatı və ya 62,3 faizi isə fiziki şəxslərin payına düşür.
İnformasiya və rabitə
2024-cü ilin yanvar-iyun aylarında informasiya və rabitə sahəsində göstərilmiş xidmətlərin dəyəri real ifadədə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 353,6 min manat və ya 19,2 faiz artaraq 2151,1 min manat təşkil etmişdir. Göstərilmiş xidmətlərin 1728,2 min manatı və ya 80,3 faizi dövlət sektoru, 422,9 min manatı və ya 19,7 faizi isə qeyri-dövlət sektoru tərəfindən həyata keçirilmişdir.
Əmtəə bazarı
2024-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkələrində istehlakçılara 262376,5 min manatlıq məhsul satılmış, onun 92102,8 min manatını və ya 35,1 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatları, 170273,7 min manatını və ya 64,9 faizini isə qeyri-ərzaq malları təşkil etmişdir.
2023-cü ilin müvafiq dövrünə nisbətən pərakəndə ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 1,1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 29,4 faiz artmış, qeyri-ərzaq malları üzrə isə 10,2 faiz azalmışdır.
İctimai iaşə xidmətləri
2024-cü ilin yanvar-iyun aylarında ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 7,5 faiz artaraq 7245,0 min manat olmuşdur. Göstərilən ictimai iaşə xidmətlərinin 1,8 faizi və ya 133,4 min manatı hüquqi şəxslərin, 98,2 faizi və ya 7111,6 min manatı isə fiziki şəxslərin payına düşür.
Əhaliyə göstərilən ödənişli xidmətlər
2024-cü ilin yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 6,9 faiz artaraq 57234,3 min manat təşkil etmişdir. Əhaliyə göstərilən ödənişli xidmətlərin 5112,0 min manatını və ya 8,9 faizini məişət xidmətləri təşkil etmişdir.
Mehmanxana (hotel) və mehmanxana tipli obyektlər
2024-cü ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə artaraq 1450,4 min manat olmuşdur ki, onun da 64,5 faizi yerləşdirmə xidmətlərindən (nömrələrin satışı), 34,1 faizi iaşə xidmətlərindən, 1,4 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.
2024-cü ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin xərcləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə artaraq 758,1 min manat olmuşdur ki, onun da 31,7 faizi əməkhaqqı xərcləri, 33,4 faizi içkilərin və yeməklərin hazırlanması üçün istifadə olunan ərzaq məhsullarının alınması xərcləri, 6,6 faizi yanacaq və enerji xərcləri, 28,3 faizi isə digər xərclər olmuşdur.
Qiymət indeksləri
Rayon üzrə 2024-cü ilin iyun ayında istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 99,2 faiz, 2024-cü ilin yanvar-iyun aylarında əvvəlki illin müvafiq dövrü ilə müqayisədə isə 99,9 faiz təşkil etmişdir.
2024-cü ilin iyun ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 98,6 faiz, 2024-cü ilin yanvar-iyun aylarında əvvəlki illin müvafiq dövrü ilə müqayisədə isə 99,1 faiz təşkil etmişdir.
2024-cü ilin iyun ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 99,3 faiz, 2024-cü ilin yanvar-iyun aylarında əvvəlki illin müvafiq dövrü ilə müqayisədə isə 98,3 faiz təşkil etmişdir.
2024-cü ilin iyun ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 100,0 faiz, 2024-cü ilin yanvar-iyun aylarında əvvəlki illin müvafiq dövrü ilə müqayisədə isə 103,0 faiz təşkil etmişdir.
Bələdiyyə
2024-cü ilin yanvar-iyun aylarında 36 bələdiyyə fəaliyyət göstərmişdir.
Fəaliyyət göstərən bələdiyyələrin 2024-cü ilin yanvar-iyun aylarında büdcə gəlirləri 289,9 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 27,3 faiz çox olmuşdur. Bələdiyyələrin 2024-cü ilin yanvar-iyun aylarında büdcə xərcləri isə 303,8 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 42,6 faiz çox olmuşdur.
Yeni açılmış iş yerləri
İlkin məlumatlara əsasən 2024-cü ilin yanvar-iyun aylarında hüquqi şəxslər üzrə 161 yeni iş yeri açılmışdır. İş yerlərindən 47,2 faizi mövcud, 52,8 faizi isə yeni yaradılmış müəssisə və təşkilatlarda yaradılmışdır.
Muzdla işləyənlərin sayı
Məşğul əhalinin tərkib hissəsi olan muzdla çalışan işçilərin sayı 2024-cü ilin yanvar-may aylarında 15621 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 7962 nəfər (51,0 faiz), qeyri-dövlət sektorunda isə 7659 nəfər (49,0 faiz) təşkil etmişdir.
Muzdlu işçilərin 24,0 faizi məhsul istehsalı sahələrində, 76,0 faizi isə xidmət sahələrində çalışanlar təşkil etmişdir.
Əməkhaqqı
2024-cü ilin yanvar-may aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 5,3 faiz artaraq 592,1 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqqları 723,5 manat (əvvəlki ilin müvafiq dövründən 5,3 faiz çox), özəl müəssisələrdə isə 454,7 manat (əvvəlki ilin müvafiq dövründən 7,8 faiz çox) olmuşdur.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, maliyyə və sığorta sahəsində, dövlət idarəetməsi və müdafiə; sosial təminat bölməsində, təhsil sahəsində, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində, eləcə də informasiya və rabitə sahəsində orta aylıq nominal əməkhaqqı digər sahələrdən daha yüksək olmuşdur.
Demoqrafiya
İlkin məlumatlara əsasən 2024-cü ilin iyul ayının 01-i vəziyyətinə Masallı rayonu üzrə əhalinin sayı 227,1 min nəfər olmuşdur.