2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 74 saylı Masallı şəhər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Məşhur Məmmədovun rayonun Göyəçöl kəndində seçicilərlə görüşü keçirilib.
Görüşdən öncə Göyəçöl şəhidlərinin xatirəsi yad edilib, onların şərəfinə salınan parkda ucaldılan abidənin önünə gül dəstələri düzülüb.
YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında tədbir iştirakçılarına məlumat verib. O qeyd edib ki, Heydər Əliyev siyasəti Azərbaycan xalqına ən dəyərli milli sərvətimiz olan dövlət müstəqilliyini bəxş edib, ölkəmizin demokratiya və sosial-iqtisadi inkişaf yolunda əmin addımlarla irəliləməsini, beynəlxalq münasibətlər sisteminin nüfuzlu dövlətinə çevrilməsini şərtlənib: “Ulu Öndərin siyasi varisi Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ardıcıl nailiyyətlərə imza atılıb, xalq-iqtidar birliyi daha da möhkəmlənib, Azərbaycan qalib ölkəyə çevrilib”.
Çıxış edən deputatlığa namizəd Məşhur Məmmədov seçkilərin ölkəmizin ictimai-siyasi həyatında rolundan danışıb. O bildirib ki, postmüharibə dövründə Prezident İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasət kursu yeni reallıqlar yaradıb: “Bu gün Zəfər yolunda inamla və qürurla irəliləyirik. İnanırıq ki, sentyabrın 1-də keçiriləcək seçkilər yeni, müasir və müstəqil Azərbaycanın qurucusu olan Ümummilli Lider Heydər Əliyevin ideyalarına, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasətinə xalqın dəstəyinin növbəti təzahürü olacaqdır”, - deyə deputatlığa namizəd vurğulayıb.
Görüş iştirakçılarından şəhid anası Mehriban Sultanzadə, Həsənağa Əliyev, Əntiqə Tağıyeva, Vaqif Şükürov, Xudayar Rəhimov və digərləri YAP-ın namizədini dəstəkləyəcəklərini vurğulayıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.