2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 74 saylı Masallı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Məşhur Məmmədovun Masallı rayonu, Viləş və Şıxlar kəndlərinin seçiciləri ilə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Masallı rayon seçki qərargahının üzvü Cəlal Əliyev bildirib ki, postmüharibə dövründə zamanın tələbinə uyğun olaraq inkişafın yeni mərhələsinə qədəm qoyan Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi yeni reallıqlardan doğan zərurətdir.
Seçki hüququ olan hər bir vətəndaşı seçkilərdə fəal iştiraka çağıran C.Əliyev YAP-ın hər zaman verdiyi sözlərə əməl etməsi ilə etimadı doğruldaraq xalqın partiyasına çevrildiyini diqqətə çatdırıb.
Çıxış edən deputatlığa namizəd Məşhur Məmmədov budəfəki parlament seçkilərinin müstəqilliyimizi bərpa etdikdən sonra ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsini tarixi və əlamətdar hadisə adlandırıb. Qeyd edib ki, bu uğurların kökündə YAP-ın və müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin davam etdirdiyi müdrik siyasət dayanır.
M.Məmmədov hazırkı reallıqların fonunda YAP-ın qarşısında duran hədəflər barədə görüş iştirakçılarına ətraflı məlumat verib. O, regionların sosial-iqtisadi inkişafından, Masallı rayonunun istər Vətən müharibəsi dövründə, istərsə də hazırda dövlətin rifahı naminə hər zaman fəallıq göstərdiyini diqqətə çatdırıb. M.Məmmədov seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.
Görüşdə çıxış edən seçicilər Bayram Əsgərov, Allahverdi Ağayev, Əlisa Qədiyev, Tahir Əzizov, Subhan Babayev və Miryəhya Bədirov Prezident İlham Əliyevin həyata keçirdiyi milli maraqlara xidmət edən çoxşaxəli islahatların bəhrəsini gördüklərini, YAP-ın hər zaman etimadlarını doğrultduğunu bildiriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.