Bakı, 16 oktyabr — Azadmedia.az“Londondakı turniri uğurlu çıxış etdiyim yarışlardan biri kimi xatırlayacağam”.
Azadmedia.az xəbər verir ki, bu sözləri Azərbaycanın tanınmış qrosmeysteri Şəhriyar Məmmədyarov Londonda keçirilmiş Qlobal Şahmat Liqasında çıxışı barədə sosial şəbəkə hesabında yazıb.
Həmin yazını təqdim edirik:
Londonda keçirilən növbəti turnir də yekunlaşdı və bunu mənim üçün uğurlu hesab edəcəyim yarışlardan biri kimi xatırlayacağam. Çox həyəcanlı və çətin bir turnir oldu, çünki sürətli şahmat həmişə olduğu kimi zamanın məhdudluğunda verdiyimiz ani qərarlardan asılıdır və az səhv edən qalib gəlir. Mənə dəstək olan, yazan və təbrik edən hər kəsə dərin minnətdarlığımı bildirirəm. Var olun!
Bu turnir ərəfəsində mənim üçün ən maraqlı hadisələrdən biri Bakıda keçirilən Rapid və Blitz üzrə qadınlar arasında Azərbaycan çempionatı idi. Həyəcanverici məqam isə bacılarımın uğurları oldu: Rapid üzrə Zeynəb Məmmədyarova çempion, Blitz üzrə isə Türkan Məmmədyarova çempion oldu. Zeynəbin uğuru xüsusilə təsir edicidir: Sumqayıt Olimpiya İdman Kompleksinin direktoru, AŞF-nin sosial layihələr üzrə rəhbəri və Məmmədyarovlar şahmat məktəbinin direktoru kimi, bu qədər məsuliyyətli işlərinin arasında Azərbaycan çempionu olmaq, sonra yenidən işinin başına qayıtmaq – bu, sözsüz ki, heyranedicidir. Odur ki, Idman sənin işindir və Sumqayıtda daha yüzlərlə sənin kimi idmançı olacağına və buna görə əlindən gələni etdiyinə və edəcəyinə inanıram.
Türkan isə uzun müddət şahmatdan uzaq olsa da, yenidən qayıdıb çempion olmaq gücünü göstərdi. Onların bu nailiyyətləri məni təsirsiz ötüşmədi.
Qısacası saysız hesabsız medal kolleksiyamıza daha 3 medal əlavə olundu.Biz illərdir Azərbaycan üçün fədakarlıq etmişik və dövlətimiz də bizim üçün eyni qaydada fədakarlıq edib. Heç bir xarici qüvvə, heç bir təklif bizi bu ölkədən apara bilmədi və apara bilməzdi də. Vətənimizə olan sevgimiz hər zaman daha güclü qaldı.
Gec də olsa, sizi ürəkdən təbrik edirəm, Zeynəb və Türkan. Sizinlə qürur duyuram!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.