“Ekspertizalar nəticəsində məlum olub ki, azərbaycanlılar Rusiyanın Yekaterinburq şəhərində işgəncələr, döyülmələr, ağır bədən xəsarətləri nəticəsində həyatlarını itiriblər”.
Bunu AZƏRTAC-a açıqlamasında Türkiyənin paytaxtı Ankara şəhərində səfərdə olan Azərbaycan baş prokuroru Kamran Əliyev bildirib.
Azərbaycanın prokurorluq orqanlarında Yekaterinburqda baş verənlərlə bağlı cinayət işinin başlandığını xatırladan Kamran Əliyev deyib ki, Rusiyanın İstintaq Komitəsi və Baş Prokurorluğu ilə mütəmadi əlaqə saxlanılır.
“Hərçənd ki, Rusiya tərəfi onların öz vətəndaşları olduğunu bildirir, amma ölkəmiz ikili vətəndaşlığı tanımadığı üçün onlar bizim vətəndaşlarımızdır. Həmin işlərlə bağlı da istintaq hərəkətləri aparırıq, əldə olunmuş bütün sübutları Rusiya İstintaq Komitəsinə təqdim etmişik. Rusiya tərəfindən mənə deyilib ki, İstintaq Komitəsi həmin zorakılıq faktları ilə bağlı ayrıca araşdırma aparır. Ümid edirik ki, məsələ ilə bağlı istintaq hərəkətlərinin və cinayət işinin konkret nəticələri olacaq”, - deyə baş prokuror vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.