AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat Məşhur Məmmədov: "2026-cı ilin büdcəsi sosial-iqtisadi inkişafı və davamlı artımı təmin edəcək"

  • + A
  • - A
  • Bu gün, 09:30

    Deputat Məşhur Məmmədov: "2026-cı ilin büdcəsi sosial-iqtisadi inkişafı və davamlı artımı təmin edəcək"


    Noyabrın 19-da spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin 2025-ci ilin payız sessiyasında növbəti plenar iclası keçirilib.
    İclasın gündəliyinə 8 məsələ daxil edilib. Onlardan 6-sı "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsi və Büdcə zərfinə daxil olan sənədlər olub.
    Azadmedia.az millət vəkili Məşhur Məmmədovun "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsi və Büdcə zərfinə daxil olan sənədlər barədə fikirlərini öyrənib.

    "Milli Məclisdə növbəti ilin dövlət büdcəsi layihəsinin müzakirələri ölkəmizin iqtisadi siyasətində əldə edilən uğurların davamlılığını, fiskal dayanıqlığın gücləndirilməsi istiqamətində atılan ardıcıl addımları bir daha nümayiş etdirir. 2026-cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi həm iqtisadi prioritetlərə, həm də sosial yönümlü inkişaf kursuna uyğun şəkildə hazırlanıb və bu sənəd dövlətimizin strateji hədəflərinə xidmət edən mühüm yol xəritəsidir".

    Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov Azadmedia.az-a açıqlamasında bildirərək qeyd edib ki, gələn ilin dövlət büdcəsi ölkənin artan iqtisadi potensialını, qeyri-neft-qaz sektorunun yüksələn payını və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin nəticələrini əks etdirir.

    “Gəlirlərin 57,4 faizinin qeyri-neft-qaz sektorunun payına düşməsi iqtisadi şaxələndirmənin real göstəricisidir”, - deyən deputat qeyd edib ki, 2025-ci illə müqayisədə qeyri-neft-qaz sektorunun gəlirlərinin təqribən 11 faiz artacağı proqnozlaşdırılır. Bu, son illər həyata keçirilən iqtisadi islahatların, xüsusilə vergi-gömrük sistemində şəffaflaşmanın, əmək bazarında rəsmiləşmə proseslərinin və biznes mühitinin yaxşılaşdırılmasının məntiqi nəticəsidir.

    Millət vəkili vurğulayıb ki, büdcənin prioritet xəttini hər zaman olduğu kimi, milli təhlükəsizliyin təminatı, müdafiə potensialının gücləndirilməsi, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, sosial müdafiə tədbirləri, təhsil sahəsinin dəstəklənməsi və işğaldan azad olunmuş ərazilərin bərpası təşkil edir:

    “Böyük Qayıdış proqramının icrası, Qarabağ və Şərqi Zəngəzurun bərpası dövlət büdcəsinin əsas strateji istiqamətidir və bu istiqamətdə bütün maliyyə təminatı qarşıdakı illər üçün də davam etdirilir.”

    Deputat xatırladıb ki, Azərbaycan iqtisadiyyatı 2018-ci ildən sonra yeni keyfiyyət mərhələsinə qədəm qoyub. 2019–2025-ci illərdə qeyri-neft-qaz sektorunun ÜDM-də payı 58 faizdən 70 faizə yüksəlib, qeyri-neft ümumi daxili məhsul real ifadədə 1,4 dəfə, nominal ifadədə isə 2 dəfə artıb. Qeyri-neft ixracının 3,4 milyard dollara qədər yüksəlməsi də bu uğurlu dinamikaya daxildir:
    Deputat qeyd edib ki, Prezident İlham Əliyevin "İqtisadiyyatımız nə qədər güclü olsa, siyasi addımlarımız da o qədər cəsarətli olacaq" fikri dövlət siyasətinin əsas fəlsəfəsini təşkil edir. Son 20 ildə ölkəmiz yalnız daxili resurslar hesabına inkişaf edib və heç bir donor asılılığına yol verilməyib.

    Millət vəkili Hesablama Palatasının təqdim etdiyi rəylərə toxunaraq bildirib ki, gələn il Dövlət Neft Fondundan transfertlərin 11,4 faiz azalması ölkənin fiskal dayanıqlılığını artıran vacib amildir:

    “Bu, həm neftdən asılılığın azalması, həm də strateji valyuta ehtiyatlarının qorunması baxımından müsbət qiymətləndirilir. Gələn il 12 gəlir mənbəyi üzrə artım proqnozu da büdcənin dayanıqlılığını gücləndirən əsas faktorlardandır.”

    Bundan əlavə, növbəti il üçün borca xidmət xərclərinin gəlirlərin cəmi 6,4 faizi həcmində olması Azərbaycanın borclanma siyasətinin nə qədər sağlam və optimal olduğunu göstərir.

    M. Məmmədov diqqətə çatdırıb ki, dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində növbəti ildə 194 layihənin maliyyələşdirilməsi planlaşdırılır. Onların ümumi dəyəri 17,7 milyard manat təşkil edir və bu layihələrin 99,1 faizi keçid layihələridir:

    “Bu, regionların inkişafı, infrastrukturun yenilənməsi, yeni istehsal sahələrinin yaradılması, nəqliyyat, logistika və sosial obyektlərin tikintisi baxımından müstəsna əhəmiyyət daşıyır”.

    “2026-cı ilin büdcəsi ölkənin sosial-iqtisadi inkişafının davamlılığını təmin edəcək” - deyən deputat bildirib ki, komitə sədrləri və millət vəkillərinin geniş müzakirələrdə səsləndirdiyi təkliflər, rəylər büdcənin daha dolğun və səmərəli icrasına xidmət edir:

    “Gələn ilin büdcə layihəsinin əsas hədəfi sosial-iqtisadi prioritetlərə uyğun xərclərin həyata keçirilməsi, qeyri-neft sektorunda davamlı artımın təmin olunması və fiskal möhkəmliyin daha da gücləndirilməsidir”.

    Sonda Məşhur Məmmədov qeyd edib ki, parlamentdə aparılan müzakirələr dövlət büdcəsinin şəffaflığının, effektivliyinin və sosial-iqtisadi inkişaf modellərinin dayanıqlığının təmin olunmasına mühüm töhfə verir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR