İqtisadçı Natiq Cəfərli “BakuBus” MMC-yə ayrılan dövlət subsidiyaları ilə bağlı diqqətçəkən hesablamalar apararaq bir sıra haqlı və suallar qaldırıb.
Onun paylaşdığı rəsmi məlumatlara görə, “BakuBus” ötən il dövlət büdcəsindən ümumilikdə 100 milyon manat dotasiya alıb. Bu vəsaitin 50,7 milyon manatı Bakıda sərnişindaşıma sahəsində yaranmış zərərin qarşılanmasına, 49,3 milyon manatı isə Xankəndi, Cəbrayıl, Ağdam və Laçında elektrik doldurma stansiyaları ilə təchiz edilmiş qarajların, həmçinin Şuşa, Cəbrayıl və Laçında avtostansiyaların tikintisinə, eləcə də elektrik və yüksək ekoloji standartlara cavab verən dizel avtobuslarının alınmasına yönəldilib.
Natiq Cəfərli bildirir ki, qarajların tikintisi və avtobusların alınması üçün ayrılan 49,3 milyon manat anlaşılandır. Çünki bu, müəssisənin maddi-texniki bazasının yaradılması və genişləndirilməsi məqsədi daşıyır. Lakin sərnişindaşıma fəaliyyətinə görə ödənilən 50,7 milyon manatlıq dotasiya suallar yaradır.
İqtisadçının hesablamalarına görə, rəsmi statistikaya əsasən “BakuBus” hər gün təxminən 557 min sərnişin daşıyır. Gedişhaqqı marşrutdan asılı olaraq 60 qəpikdən başlayaraq 1 manat 30 qəpiyə qədər dəyişir, yalnız Hava Limanı istiqamətində ödəniş 1 manat 50 qəpikdir. Orta hesabla gedişhaqqını 65 qəpik götürdükdə, gündəlik dövriyyə 362 min manata yaxın olur. Bu isə aylıq təxminən 10 milyon 861 min manat, illik isə 130 milyon manatdan çox gəlir deməkdir.
Cəfərlinin fikrincə, bu hesablamalara əsasən “BakuBus” öz illik dövriyyəsinin təxminən 40 faizinə yaxın hissəsini əlavə olaraq dövlət büdcəsindən subsidiya şəklində alır.
İqtisadçı diqqəti daha bir məqama yönəldir. Onun sözlərinə görə, “BakuBus” gün ərzində paytaxtın marşrut şəbəkəsinə orta hesabla 280-320 avtobus buraxır. Orta göstərici kimi 300 avtobus götürüldükdə, hər avtobusun gün ərzində təxminən 1200 manat gəlir topladığı ortaya çıxır. Bu isə bir avtobus üçün aylıq təxminən 36 min 200 manat vəsait deməkdir.
“Yaxşı, ayda 36 min 200 manat yığan avtobus niyə ziyanla işləyir ki, hələ bir dotasiya da alırlar? Nədir xərcləri, nə qədər xərcləyirlər, hara xərcləyirlər? Bununla bağlı “BakuBus”un hesabatı varmı? Sürücünün maaşı, yanacaq və ya elektrik enerjisi, təmir və digər xərclər ayda nə qədərdir ki, belə bir gəlir əldə edən avtobus öz xərcini ödəyə bilmir?” – deyə iqtisadçı sual edir.
Natiq Cəfərli hesab edir ki, dövlət büdcəsindən ayrılan vəsaitlərin səmərəliliyi və şirkətin maliyyə göstəriciləri ilə bağlı daha şəffaf hesabatlığa ehtiyac var.
Azadmedia.az xatırladır ki, illər əvvəl Hesablama Palatasının “BakuBus” MMC-də apardığı yoxlamaların nəticələri də bu istiqamətdə ciddi problemlərin mövcudluğunu ortaya qoymuşdu. İllər əvvəl yayılan audit hesabatı geniş rezonans doğurmuşdu.
Hesabata əsasən, şirkətin balansında olan 303 ədəd “Iveco” markalı sərnişin avtobusundan 198 ədədinin istismarı dayandırılıb. Səbəb isə avtobusların vaxtında təmir edilməməsi olub. Məlumata görə, “BakuBus” sıradan çıxmış avtobusların cari və əsaslı təmirini həyata keçirmək əvəzinə, onların 80-dən istifadəyə yararlı müxtəlif ehtiyat hissələrini sökərək digər avtobuslara quraşdırıb.
Hesablama Palatasının 1 yanvar 2019-cu ildən 1 yanvar 2021-ci ilədək olan dövrü əhatə edən maliyyə fəaliyyətinə dair dövlət maliyyə nəzarəti tədbiri zamanı başqa maraqlı məqamlar da üzə çıxıb. Audit nəticələrinə görə, dövlət vəsaiti hesabına alınmış və ümumi dəyəri 80 milyon manat təşkil edən avtobusların 25 faizi ümumiyyətlə xəttə buraxılmayıb. Şirkətin həmin avtobusları ehtiyat hissələri mənbəyi kimi saxladığı müəyyən edilib.
Elnurə Abuşova