AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əmanətlər artır, amma pul kimlərin əlində cəmlənib?

  • + A
  • - A
  • Bu gün, 16:54

    Əmanətlər artır, amma pul kimlərin əlində cəmlənib?

    Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, 2026-cı il aprelin 1-nə Azərbaycanda fiziki şəxslərin bank əmanətlərinin həcmi 16 milyard 960 milyon manata çatıb. Azadmedia.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,5 faiz artım deməkdir.

    Diqqət çəkən məqam odur ki, əmanətlərdə artım əsasən milli valyuta hesabına baş verir. Manatla yerləşdirilən əmanətlər bir ildə 17 faiz artaraq 11,8 milyard manata yüksəlib. Xarici valyutada olan əmanətlər isə cəmi 3,5 faiz artaraq 5,2 milyard manat təşkil edib.

    Bu dinamika bir tərəfdən əhalinin bank sisteminə etimadının gücləndiyini, digər tərəfdən isə yüksək faizlərin və məzənnə sabitliyinin manata marağı artırdığını göstərir. Lakin açıqlanan rəqəmlər yalnız ümumi mənzərəni göstərir. Ən vacib sual isə cavabsız qalır: bu pullar neçə nəfərin əlində cəmlənib?

    Məsələn, əgər əmanətlərin böyük hissəsi on minlərlə və ya yüz minlərlə manatlıq depozitlərdə cəmləşibsə, bu halda ümumi artım əhalinin geniş təbəqələrinin varlanması deyil, daha çox imkanlı qrupların vəsaitlərinin böyüməsi anlamına gələ bilər. Əksinə, əgər artım əsasən kiçik əmanətlər hesabına baş verirsə, bu, əhalinin maliyyə dayanıqlığının yüksəlməsinin göstəricisi sayıla bilər.

    Təəssüf ki, Azərbaycan Mərkəzi Bankı depozitlərin məbləğ qrupları üzrə bölgüsünü açıqlamır. Halbuki bir sıra ölkələrdə belə statistika mütəmadi dərc edilir. Məsələn, Rusiyada 2022-ci ilə qədər bank əmanətlərinin 10 min rubla qədər, 10–100 min rubl, 100 min–1 milyon rubl və daha böyük məbləğlər üzrə bölgüsü ictimaiyyətə təqdim olunurdu. Bu məlumatlar ekspertlərə və iqtisadçılara əhalinin yığım imkanlarını, sərvətin bölüşdürülməsini və orta təbəqənin maliyyə vəziyyətini daha dəqiq qiymətləndirməyə imkan verirdi.

    Azərbaycanda da oxşar statistikanın açıqlanması vacib olardı. Çünki 17 milyard manata yaxın əmanətin mövcudluğu özlüyündə yaxşı göstəricidir, amma bu vəsaitin neçə milyon vətəndaş arasında bölüşdürüldüyünü bilmədən sosial-iqtisadi vəziyyət barədə tam nəticə çıxarmaq mümkün deyil.

    Əslində, əmanətlərin strukturuna dair məlumatlar ölkədə sərvət bərabərsizliyinin səviyyəsini, orta təbəqənin gücünü və əhalinin maliyyə təhlükəsizlik yastığının nə qədər olduğunu göstərən ən mühüm indikatorlardan biridir. Məhz buna görə də təkcə əmanətlərin ümumi həcmi deyil, onların hansı məbləğ qruplarında cəmləşdiyi barədə məlumatların da ictimaiyyətə açıqlanması günün tələbi kimi görünür.

    17 milyard manatlıq əmanət rəqəmi diqqətçəkicidir. Ancaq əsas sual hələ də açıq qalır: bu pullar neçə nəfərin və hansı gəlir qruplarının əlindədir?

    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR