Azərbaycanda vergi ödəyicisi olan hər iki qeydiyyatdan keçən şəxsdən yalnız biri aktiv fəaliyyət göstərir
Azərbaycanda sahibkarlıq mühitinin inkişafı və elektron xidmətlərin genişlənməsi vergi ödəyicilərinin sayında artımı davam etdirir. Dövlət Vergi Xidmətinin açıqladığı son statistik göstəricilər göstərir ki, 2026-cı ilin 1 aprel tarixinə ölkədə qeydiyyatda olan vergi ödəyicilərinin sayı 1 milyon 696 min nəfəri ötüb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz çoxdur.
Qurumdan Azadmedia.az-a verilən məlumata görə, qeydiyyatda olan vergi ödəyicilərinin 86,8 faizi fiziki şəxslərdən, 13,2 faizi isə hüquqi şəxslər və digər təşkilatlardan ibarətdir. Son bir ildə fiziki şəxslərin sayı 4,9 faiz, hüquqi şəxslərin sayı isə 6,2 faiz artıb. Bu da hüquqi şəxslərin artım tempinin daha yüksək olduğunu göstərir.
Kommersiya qurumlarının sayı da yüksəlir2026-cı ilin aprel ayının 1-nə ölkədə qeydiyyatda olan kommersiya qurumlarının sayı 206 min 986-ya çatıb. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,8 faiz artım deməkdir.
Təkcə mart ayında 750 yeni kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onların 91,3 faizi yerli, 8,7 faizi isə xarici investisiyalı müəssisələr olub. Qeydiyyatdan keçən şirkətlərin böyük əksəriyyəti – 86,9 faizi elektron qaydada yaradılıb. Yerli investisiyalı MMC-lərin elektron qeydiyyat göstəricisi isə daha yüksək – 97,2 faiz təşkil edib.
Statistikaya əsasən, ölkədə fəaliyyət göstərən kommersiya hüquqi şəxslərinin 92,1 faizi məhdud məsuliyyətli cəmiyyət (MMC) formasında yaradılıb.
Rəqəmlərin görünməyən tərəfi: hər kəs aktiv deyilBununla belə, qeydiyyatda olan vergi ödəyicilərinin hamısı faktiki fəaliyyət göstərmir. Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı ilin 1 aprel tarixinə aktiv vergi ödəyicilərinin sayı 871 min 138 nəfər olub. Bu isə ümumi qeydiyyatda olan vergi ödəyicilərinin təxminən yarısının real iqtisadi fəaliyyətdə iştirak etdiyini göstərir.
Aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 1,4 faiz artıb. Aktiv ƏDV ödəyicilərinin sayı isə 59 min 942-yə çataraq 2,6 faiz yüksəlib. Eyni zamanda aktiv təsərrüfat subyektlərinin sayı da 2,2 faiz artaraq 237 min 896 olub.
Ekspertlər hesab edirlər ki, qeydiyyatda olan, lakin aktiv fəaliyyət göstərməyən vergi ödəyicilərinin çoxluğu müxtəlif səbəblərlə bağlıdır. Bunlara fəaliyyətini dayandıran fərdi sahibkarlar, müvəqqəti işləməyən şirkətlər və yalnız müəyyən layihələr üçün yaradılmış hüquqi şəxslər daxildir.
Elektronlaşma biznes mühitini dəyişirSon illərdə biznes qeydiyyatı prosedurlarının sadələşdirilməsi, elektron xidmətlərin genişləndirilməsi və vergi inzibatçılığında rəqəmsal həllərin tətbiqi yeni sahibkarların qeydiyyata marağını artırıb. Statistik göstəricilər də göstərir ki, yeni yaradılan şirkətlərin böyük hissəsi artıq dövlət qurumlarına getmədən elektron qaydada qeydiyyatdan keçir.
Bu tendensiya Azərbaycanda sahibkarlıq fəaliyyətinin rəsmiləşdirilməsi prosesinin sürətləndiyini və kölgə iqtisadiyyatının azaldılması istiqamətində aparılan siyasətin nəticə verdiyini göstərən əsas indikatorlardan biri kimi qiymətləndirilir.
Elnurə Abuşova