AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tibbi maskalar hansı halda bizi təhlükələrdən qoruyur?

  • + A
  • - A
  • 9-06-2020, 14:40

    Tibbi maskalar hansı halda bizi təhlükələrdən qoruyur?

    Azərbaycan da daxil olmaqla, dünyanın bir çox ölkələri koronavirus pandemiyası ilə mübarizə aparır. Mübarizə çərçivəsində bir çox ölkələr müxtəlif qərarlar qəbul edib, səhiyyə sistemi qabaqlayıcı tədbirlər görüb. Lakin bu gün müşahidə edilən nəticə odur ki, İran da daxil olmaqla, 30-dan artıq ölkədə COVID-19-a yoluxma sayı artmaqda davam edir.

    Qonşu ölkələrlə yanaşı, digər dünya ölkələrində pandemiya ilə mübarizə tədbirlərinə nəzər salsaq görərik ki, atılan addımlar həmin ölkələrdə yaşayan əhalinin sayına görə hesablanmayıb. Yoluxma sayının artması bir çox ölkələrin səhiyyə sistemində ciddi problemlərin yaranmasına səbəb olub.

    İtaliya daxil olmaqla, bəzi ölkələrin xəstəxanalarında artıq yerlər dolub. Xəstələrin müalicə və müayinəsi üçün çətinliklər yaranıb. Bütün bunlarla müqayisədə, Azərbaycanda pandemiya ilə mübarizə çərçivəsində görülən işlər yüksək səviyyədə nəticələr verib. Digər ölkələrlə müqayisədə, Azərbaycanda əhali arasında yoluxma, eləcə də, ölüm faktları 2-3 dəfə azdır.

    Təəssüf ki, pandemiya dövründə qeydə alınan hadisələrin fonunda əhali arasında koronavirus infeksiyasının mövcud olmadığını iddia edən, tibbi maskalardan və digər qoruyucu vasitələrdən istifadə etməyən vətəndaşlar da var.

    Onların bəziləri paytaxtda tibbi maskaların tapılmamasından və ya qiymət artımından şikayətlənsələr də, bu gün ölkədə gündəlik tibbi maska istehsalı 200-300 minə yaxındır.

    Bununla yanaşı, ölkədə 15 milyona qədər maska ehtiyatı da var. Bu səbəbdən vətəndaşlar arasında bənzər ajiotajların yaranmasına ehtiyac yoxdur.

    Bəs maskalar lazımdırmı və onların effektivliyi necədir?

    Bu gün Azərbaycanda fəaliyyətə başlayan tibbi maska fabrikində birdəfəlik istifadə üçün üçqat maskalar istehsal olunur. Maskaların orta qatı xüsusi süzgəc funksiyasını yerinə yetirən toxunmamış parçadan ibarətdir.

    Bu maskalar müxtəlif kateqoriyalı virus və infeksiyalara qarşı davamlıdır. Praktiki istifadə qaydalarına gəldikdə, tibbi maskaların qapalı məkanlarda, insanların çoxluq təşkil etdiyi mühitlərdə istifadə edilməsi tövsiyə olunur.

    Ölkənin tanınmış, peşəkar həkimləri dəfələrlə vətəndaşlara müraciət edərək, infeksiyadan qorunmaq üçün tibbi maskalardan istifadə etmələrinin zəruriliyini vurğulayıblar.

    Bəzən tibbi maskanı ard-arda bir neçə gün istifadə edirlər. Bu isə gigiyenik cəhətdən doğru deyil. Həkimlər birdəfəlik istifadə üçün nəzərdə tutulan tibbi maskaların təkrarən istifadəsini dəstəkləmir.

    Maska nəm olarsa, onu mütləq şəkildə dəyişmək lazımdır. İstifadə olunan maskanı arxa tərəfdən çıxarmaq lazımdır. Maskanın ön hissəsinə toxunmaq doğru deyil. Həkimlərin tövsiyələrinə görə, maskanı asqıran və ya öskürən şəxslər mütləq qaydada taxmalıdır. Xüsusilə diqqətli olunmalı məqam maska taxılan zaman əllərin dezinfeksiya edilməsidir.

    Xüsusilə qeyd olunmalı məqamlardan biri də vətəndaşların taxdığı maskaların ağız və burun nahiyəsini tam şəkildə örtməsidir. Digər halda maska üz nahiyəsinə tam oturmadığı üçün boşluqdan keçən infeksiya tənəffüs yollarına düşə bilər.

    Ümumilikdə, pandemiya ilə mübarizə çərçivəsində dövlətin atdığı addımlar öz müsbət nəticəsini verir. Belə ki, bu gün qonşu dövlət olan İranda koronavirusa yoluxanların sayı 173 mini keçdiyi halda, Azərbaycanda bu virusa yoluxanların sayı 7 min 876 nəfərdir.

    Eyni zamanda, ölüm halları da İranda daha yüksəkdir. Belə ki, İranda səkkiz min nəfərdən çox insan koronovirusdan öldüyü halda, Azərbaycanda görülən qabaqlayıcı tədbirlər nəticəsində bu virusdan ümumi ölənlərin sayı 93 nəfərdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR