AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yeni siyasi və iqtisadi yaxınlaşma... - TƏHLİL

  • + A
  • - A
  • 4-07-2020, 10:24

    Yeni siyasi və iqtisadi yaxınlaşma... - TƏHLİL

    Əfqanıstan tərəfinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev, Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani və Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun videokonfrans vasitəsilə görüşü keçirilib. Görüş zamanı tərəflər arasındakı əməkdaşlığın inkişafı, nəqliyyat-tranzit əlaqələrinin genişləndirilməsi və koronavirus pandemiyasına qarşı mübarizədə həmrəylik məsələləri müzakirə olunub.

    Azərbaycan Prezidenti çıxışında bildirib ki, Azərbaycanın xarici siyasətində ikitərəfli əməkdaşlıqla yanaşı, üçtərəfli əməkdaşlıq konsepsiyası da mühüm yer tutur. Dövlət başçısı vurğulayıb ki, Şərq-Qərb nəqliyyat dəhlizinin imkanlarının daha da artırılması üçün səylər davam etdirilməlidir:

    “Yükdaşımaların optimallaşdırılması üçün tariflərin unifikasiyasının həyata keçirilməsi vacibdir. Bugünkü görüşümüzün nəticələrinin və gələcək addımların müzakirəsi üçün ölkələrimizin nəqliyyat strukturlarının işçi görüşünün keçirilməsini təklif edirəm”.

    Videokonfransı və dövlət başçısının diqqət çəkdiyi məqamları “Sherg.az”a analiz edən Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov bildirib ki, üçtərəfli görüş yeni siyasi və iqtisadi yaxınlaşmanı özündə ehtiva edir.
    Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan, Türkmənistan və Əfqanıstan mühüm regional tranzit və enerji layihələrini reallaşdırır:

    “Üç ölkənin birgə əməkdaşlığın inkişafı birbaşa dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə bağlıdır. Hər üç dövlət coğrafi baxımdan önəmli bölgələrdə, strateji nöqtələrdə yerləşir. Azərbaycan, Türkmənistan və Əfqanıstan arasında iqtisadiyyatın inkişafı üçün vacib yükdaşımalar həyata keçirilir. Əfqanıstana xam neft ixrac edirik. Rəsmi Kabil Azərbaycanla iqtisadi əməkdaşlıqda maraqlıdır. Ümumiyyətlə, Əfqanıstanın müasir siyasi-iqtisadi fəaliyyətində Azərbaycan mühüm rol oynayır. Bu reallığı həmin ölkənin başçısı öz çıxışında dəfələrlə bəyan edib”.

    Analitik vurğulayıb ki, Prezident İlham Əliyevin vurğuladığı “Şərq-Qərb nəqliyyat dəhlizi” önəmli və perspektivli layihədir:

    “Məhz bu səbəbdən Avropa İttifaqı layihəyə böyük maraq göstərir. Bu layihə də ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə reallaşıb. Maraqlı məqam odur ki, layihə gündəmə gələndə bir sıra Qərb ölkələri və beynəlxalq təşkilatlar bunun reallaşmasına inanmır, maliyyə dəstəyindən qaçırdılar. Ancaq indi özləri “Şərq-Qərb” nəqliyyat dəhlizində yer almağa səy göstərirlər. Nəqliyyat dəhlizi Mərkəzi Asiya və Hindistan istiqamətindən yükdaşımaların Qərbə yönəlməsində əvəzsiz rol oynaya bilər. Azərbaycan həmçinin, “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin də əsas iştirakçılarından biridir. Ölkəmiz Hind okeanından Avropaya və Rusiyaya yükdaşımalarda aparıcı rol oynayır. Düşünürəm ki, gələcəkdə üç ölkə arasında münasibətlər daha da inkişaf edəcək. İstənilən ölkə üçün Azərbaycan ən etibarlı tərəfdaşdır. Rəsmi Bakı işğalçı Ermənistan istisna olmaqla, bütün qonşu və digər ölkələrlə mehriban dostluq siyasətini həyata keçirir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR