“Oxunacaq ən böyük kitab insandır”
Böyük sufi şeyxi, övliya Hacı Bektaş Vəli
YOL: “Tanrım, yaxşılara tən gətir məni” diləyi ilə uzun bir yolçuluğa çıxan Qənirə xanım Paşayeva yoruldum demədən təkcə Odlar yurdumuzun deyil, həm də bütün türk xalqlarının pərvanəsinə dönüb, böyük ÜMİDLƏRİN qanadlarında dünyanı dolanır. Eramızdan əvvəl yaşamış çin filosofu Lao Szı “Min kilometr uzunluğunda olan yol sadəcə bir addımla başlayır” - demişdi. Amma müasirimiz Qənirə xanımın yozumuna görə Böyük Yol ilk öncə özünə yolçuluqdan başlayır. Fikrimcə, İNSANI dünyanın o başına aparıb çıxaran Yol(lar) həm də onun özünə uzaqdan boylanmasıdır. Bəlkə ona görədir ki, məsafəsindən asılı olmayaraq dünyanın hansı qütbünə getsə də Qənirə xanım oradan işğal altında qalan yurd yerlərimizə sarı boylanır. Axı bizim Vətən pərvanəsinin qibləsi Qarabağdır:
Harda olsaq fərqi yoxdur
Qibləmizsən, xan Qarabağ!
Harda olsaq fərqi yoxdur,
Səninləyik, can Qarabağ!
Sən canımız, sən qanımız,
Sən ən qutsal amalımız,
Sən ən böyük sevdamızsan, can Qarabağ!
Müqəddəs DUA kimi səslənən bu misralar Qənirə xanımın kövrək duyğularından cilalansa da, zamanın üst qatında Azərbaycan qadınının əqidəsini, Vətən məhəbbətini, milli ləyaqət çalarlarını obrazlı şəkildə özündə əks etdirir.
AMAL: Ali məqsədinə, amalına körpü salan YOL(lar)la dünyaya Azərbaycan havası aparan Qənirə xanımı həmisə VƏTƏN sevgisi əsgər kimi müşayiət edir. Qürbətdə ən yüksək kürsülərdən Vətənimizin Qarabağ dərdini, XX əsrin ən dəhşətli bəşəri faciəsinin - Xocalı soyqırımının iztirablarını dilə gətirir. O, “dünyanı” kəşf etdikcə onun köhnəlməyən “yeni-yeni” Azərbaycan sevgisinə yaxından bələd olur. Görüb, duyur, bilir ki, öz işığını, nurunu dünyadan əsirgəməyən Azərbaycanın başına dünya da elə pərvanə kimi fırlanır. Və bu həqiqətin işığına qərq olan yorulmaz könlü ona belə misraları pıçıldayır:
Yoruldum deməyi sevməyən könül,
Artıq anlayır ki, bu dünya nədir.
Hərlənir, fırlanır, dönür başıma,
Dünyanın özü də bir pərvanədir!
Burada lirik MƏN Azərbaycanın özüdür. Dünya Azərbaycanın başına nəyə görə dönür məlumdur. Amma sanki Odlar yurdunun yeraltı sərvətlərini santimetrinəcən görən dünya onun yer üstündəki Qarabağ boyda ağrısını “görmür.” Şairlik iddiasıyla şeir yazmasa da Qənirə xanım Tanrıdan gələn işığı şövqlə səsə, sözə çevirir. Onun poetik fikirlərin yiyəsi kimi kürsülərdən bəlağətli nitqi adamda xüsusi bir fərəh, iftixar hissi oyadır. O, harda türk görürsə, ona qürurla, ərklə ucadan “Biz Yunis İmrənin nəvələriyik” - deyir, qəlbindəki sevgi dolu fikirləri, duyğuları türkün döyüş atı kimi şahə qalxır. İçindən şölələnən türkçülük məşəli dünyanın ən soyuq güşəsində də qədim oğuz boylarından olan adamın içini qızdırır. O, haqsızlıq və ədalətsizliklərin daha da artdığı bir dünyada özümüzü qoruya bilməyin tək yolu güclü olmaqdan, birlik və bərabərlikdən keçdiyini bəyan edir... Qənirə xanım Türk dünyası gənclərini birliyə, bərabərliyə, bir-birinə daha çox sahiblənməyə və işbirliyini artırmağa çağırır. Türkçülüyün "Böyük şərə qarşı böyük xeyir" düsturunun məntiqini izah edir. Kitabları qardaş Türkiyədə, Özbəkistanda, Azərbaycanın qədim paytaxtı Təbrizdə nəşr olunub. Səsi İsraildən, Amerikadan, Qərbi Avropadan, qədim türk ellərindən, oymaqlarından gəlir. Bir də baxıb görürsən ki, o, əsgər qiyafəsində Tovuzdadı... İstər-istəməz bu xanım millət vəkilinin daxili enerjisinə mat qalırsan! Düşünürsən, onda bu qədər enerji hardandı? Görəsən bu gün ölkəmizi onun hüdudlarından kənarda Qənirə xanım kimi təmsil edən və ölkə daxilində öz seçicilərinin (hətta seçicisi olmayanların) maraqlarını nəzərə alıb onlar üçün çalışan neçə millət vəkili var? Əgər bunu o, bacarırsa, onda başqası niyə bacarmasın?!
SEVGİ: Deyirlər, sevgi və mərhəmət duyğusu Tanrıdan, kin və ədavət isə şeytandan qaynaqlanır. Yer üzünü Bəni-Adəm üçün beşik halına gətirən uca Yaradanı hamımız eyni cür sevirikmi? Axı dünyada Yaradanı, eləcə də yaradılanı sevməyənlər şeytan xislətli, faşist ruhu daşıyan adamcığazlar həmişə olub. Bu gün də var! “Dəmir xanım” ləqəbi qazanmış Qənirə Paşayeva belələrinə qarşı partizancasına mübarizə aparan ictimai –siyasi xadimlərdən biridir. O, tarixi dəlillərlə Türkiyənin tanınmış Show TV kanalının “Siyasət meydanı” proqramında erməni araşdırmaçı Harutyun Filyanı təkbətək “döyüşdə” susdurmuşdu. Eləcə də Azərbaycan nümayəndə heyətinin üzvü kimi AŞPA-da Zori Balayanın ermənilərin Xocalıda törətdikləri soyqırımından bəhs edən "Ruhumuzun dirçəlişi" kitabı barədə çıxışı terrorçu erməni müəllifin kürkünə möhkəm birə salmışdı...
"İztirab insanı yaşlandırır"- deyirlər. Bəlkə də, İZTİRAB insanda mübarizlik ruhunu dirçəldir, deyilsəydi daha doğru olardı. Uşaqlıq çağlarında Janna Darkı
özünə ideal seçən Qanirə xanımla söhbət edən adam öz aləmindən ani uzaqlaşır, bir növü sufiləşir:
Mən Yunusu, Mevlananı anladım,
Mən Şəms adlı o günəşdən od aldım.
Səni bulan Aşiqlərdən yol aldım,
Qapını aç bu quluna, ey Rəbbim!.
İlk dəfə mən bu incə ruhlu xanımın “Hər nə ararsan özündə ara...” essesini oxuyanda daxilində çağlayan sufilik çeşməsini hiss etmişdim. Bir müsahibəsində Şəms Təbrizinin aşiqi olduğunu dilə gətirən Qənirə xanım etiraf edir ki, içində bir dərvişlik, sufilik var...
Qənirə xanımın yazır: "Sevgilərin ən alilərindən olan Vətən sevgisi hər bir şəxsə kiçik yaşlarından aşılanmalı, kimliyi, özünüdərki, dünyaya, olaylara, insanlığa baxışı bu sevginin fonunda təcəlla etməli, formalaşmalıdır." Ona görə, ruh hər şeydən yuxarıdı, eşq ağıldan üstündür, dünyaya gərək eşqin gözüylə baxasan... Eləcə də bütün dünya Yaradanın sevgisidirsə, demək, bundan böyük sevgi yoxdur... Bu gün daha çox sevgidən yazmağın vacibliyini izhar edən Qənirə xanım “Onun Sevgi məktubları” kitabında özünün də qeyd etdiyi kimi, sevginin insanı necə ucaltdığını göstərmək istəyib. “Çox istərdim ki, gənclər bu kitabı iki insanın bir-birinə olan sevgisi kimi yox, onun içərisindəki daha dərin mənaları kəşf edərək oxusunlar.” Qənirə xanım ücün bəşəri müstəvidə sevgi öz aktuallığını qoruyub saxlayır, təravətini itirmir.
Volter deyirdi ki: Yaxşı kitabı ilk dəfə oxuyanda bizə elə gəlir ki, yeni dost qazanmışıq. Həmin kitabı təkrar oxumaq köhnə dostu yenidən görməkdir. Millət vəkili Qənirə Paşayevanın “Dünyanın itirdiyi böyük insan” kitabı Türk dünyasının qüdrətli dövlət xadimi Mustafa Kamal Paşaya heyranlıq hissləri ilə qələmə alınıb... Qardaş Türkiyə xalqının sevgisini qazanmaq nə taleyin işidir, nə də qismətin... Bu sevgini, bu məhəbbəti Qənirə xanım öz zəhməti sayəsində, yorulmaz fəaliyyəti ilə qazanıb!
İSTƏK: Hər birimiz layiq olduq, ya olmadıq, çox qazanc əldə etmək, gəzmək, yaxşı istirahət, gözəl geyinmək, bir sözlə firavan yaşamaq istəyirik… Amma əlimizdə olan aza qane olub, Allaha şükür etmirik. Və möcüzə gözləyə-gözləyə əlçatmaz xəyallara düşürük. Qənirə xanım “İnsan nə istəyir?..” essesində belə bir insanın obrazını yaradır. Çörəyi daşdan çıxan kasıbı göydən gələn mələk hər arzusuna çatdırır. Hətta onu kral edir. Kral özündən də güclü Günəşə dönür, amma yerlə onun arasını bulud kəsir. Mələk onu arzuladığı kimi, bu dəfə də bulud edir, bulud yağışa çevrilir, yağışlar torpağa axır, evləri, tarlaları sel basır. İnsanlar pərişan olur. Amma suların qayalara gücü ərişmir. Bu dəfə bulud qaya olmaq
istəyir, mələk dərhal onu arzusuna çatdırır. Bu zaman bir adam gəlib əlindəki çəkiclə ondan parçalar qoparmağa başlayır. Adamdan zəif olduğunu düşünən qaya peşmanlıqla hayqırır:“İnsan olmaq istəyirəm!” Mələk onun dilədiyini yerinə yetirir. İnsan yenə də qayalardan daşları qoparmağa davam edir, işi ağır, qazancı az osa da həyatı sevir və xoşbəxt olur. Müəllif oxucusuna həyatın qədrini bilməyi, hər saniyənin, hər dəqiqənin, hər anın dəyərini bilərək yaşamağı və hər zaman Allaha şükr etməyi tövsiyə edir. “Şükr et! İstədiyini əldə edincə şükr etmək asandır. Sufi, diləyi həyata keçməyəndə də şükr edə biləndir.” (Ş.Təbrizi)
XEYİRXAHLIQ: Millət vəkili Qənirə Paşayeva "Səni Allaha Eşq götürür" kitabının imza günündə əldə olunan bütün gəliri imkansız bir ailənin ağır cərrahiyə əməliyyatına ehtiyacı olan 11 yaşlı xəstə qızına bağışladı. Qeyd edək ki, kitabda Qənirə xanımın müxtəlif vaxtlarda yazdığı məqalələr, üzləşdiyi, yaşadığı, şahidi olduğu, duyduğu bir sıra həyat hekayələri, esselər, bəzi şeirləri və paylaşdığı fikirləri (seçmə deyimlər) toplanıb. Kitabda müəllifin məqsədi maddi dəyərlərə marağın getdikcə artdığı bir dünyada insanları mənəviyyata, həyatın mənasını daha geniş düşünməyə, anlamağa, paylaşmağa çağırmaqdır. Ön söz yazdığı və "Regional hüquqi və iqtisadi maarifləndirmə" İctimai Birliyinin sədri Arzu Bağırovanın rəhbərliyi ilə ərsəyə gələn “Vətən, Bayraq, Millət” şeirlər antologiyası da Qənirə xanımın xeyirxahlığının bariz nümünəsidir. Gənclərimizə vətənpərvərlik ruhu aşılayan - Vətən andı, torpaq məhəbbəti, həyat-tale və başqa ictimai mövzularda yazılmış ən gözəl 100 şeirin toplandığı kitab diaspor təşkilatlarına, universitetlərə, kitabxanalara və gənclər mərkəzlərinə hədiyyə edilmişdir. Mən hələ onun həyat yolundan yazmaq, imkanı az olan ailənin uşağını mənəvi övladlığa qəbul edib, atasız-anasız uşaqları qəyyumluğa götürdüyündən söz açmaq istəmirəm. Çünki büsbütün sosial İNSAN olan bu xanım özü barəsində deyir:
Yoruldum deməyi sevməyən məni,
Həyat elə yordu, yorğun yolçuyam.
Nə yaxşı içimdə heç yorulmayan,
İnsanlıq adında İNSANLIQ qalıb!..
MÖCÜZƏ: Həyatımız Tanrının möcüzələri ilə zənginləşir. Qənirə xanımın “Möcüzələrə inanırsınızmı?” adlı bədii - publisistik, həm də sufiyana ovqatla qələmə aldığı gerçək həyat hekayəsi əslində, böyük romanın mövzusudur. “Dünya qəlbində sabaha ümidi bol olanlarındı… Dünya qara gələn qaranlığa şam ola bilənlərindi” deyən müəllif əlil arabasına möhtac olan Aybəniz adlı bir xanımın həyatına, iztirabları, nisgili və iç dünyasına işıq salır: “Taleyi ona bəxş etdiyi gözəlliyi, həyat sevgisini, inamı, inadı ayaqlarında saxlamışdı. Elə bil sonsuz göylərin əngin dərinliklərində uçmaq həvəsiylə dünyaya göz açan quşcuğaz qanadlarından vurulmuşdu; cəhd edirdi, çabalayırdı, bütün iradəsini, qüvvəsini toparlayırdı, ancaq heysiz qanadları hər dəfə onu yenidən məyus edirdi. Geniş qanadları uçmağa həsrət bir quş taleyini yaşayırdı balaca Aybəniz.” Övladının “yeriyən ayaqları” olmağı azru edən ana, “buxovlu ayaqlarının xəcalətini çəkən” qızcığaz, Sınıqçı Nəriman kişi, boğazından qıpqırmızı qan fışqıran at, “o yazıq atın qanını ləzzətlə yalayıb, sümüyünü gəmirən kənd itlərinin “bayram etməsi” , Aybənizin yeriyən ayaqları, gülən gözləri olmaq istəyən Bəynəzər və sairə epizodlar qəmli bir filmin epizodları kimi göz önündə canlanır. Özü də müəllifin düşündüyü müsiqinin müşayiətilə: “Burada, məhz bu məqamda mən bir neçə sətrin, cümlənin yerini boş qoymaq istəyirəm. Çünki o sətrin, cümlənin yerini sözlə yox, səslə – məhz İlahidən gələn səslə, tar mizrabı, kaman qələmçəsi ilə demək, söyləmək olar. Bu boş cümlənin, sətrin yeri qoy “Bayatı-Şiraz”a, “Bayatı-İsfahan”a, “Zabul-Segah”a qalsın.” Nəhayət, Aybənizin gözlərində “Yusif peyğəmbərin düşdüyü quyuya dönmüş dünya”da möcüzə baş verir. Bəynəzərlə ailə quran Aybənizin hamiləliyinin dördüncü ayında ayaqları açılır. Qısası, bu gerçək həyat hekayəsi kreativ film üçün mükəmməl ssenari mənbəyidir.
Tanınmış türk şairi Tofiq Fikrətin sözüdür: "Qadınlar bəşəriyyətin tərbiyəsinə filosoflardan daha çox xidmət göstərmişlər." Mən bu fikri həm Qənirə xanıma, həm də onun qəhrəmanı - sarsılmaz iradə sahibi olan Aybəniz xanıma şamil edirəm. İlahi eşq yolçularının mükafatı elə İlahi sevgidir...
VAXT: O, canına-iliyinə uşaqlıq çağlarından hopmuş vaxtı idarə etməyi məharətlə bacarır. Bəlkə elə ona görə də bir kitabına “Hesab vaxtı" adı verib. Vaxtilə tele –jurnalist kimi qaynar nöqtələrə getdiyi vədələrdə “Dünyanı yalnız bir əl idarə edir, o da Tanrının əlidir” deyiminə inam hissi onu dəfələrlə ölümdən qurtarmışdı. Dünayanın qan çanağı, hər tərəfi ölüm qorxulu Əfqanstanda olmuşdu, Bağdadda qaldığı oteli tərk edəndən yarım saat sonra ora bombalanmışdı, “Röyter”in jurnalisti Qənirənin gözü qabağında öldürülmüşdü. Millət vəkili kimi fəaliyyəti çoxsahəli olan Qənirə xanım həkim işləməsə də, bu ixtisas üzrə aldığı bilik 2012-ci ildə Somalidə onun köməyinə çatmışdı.
Dörd çağırış ardbard Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilən Qənirə xanımla ən dar məqamda – qısa vaxt çərçivəsində kəlmə kəsmək Allahın hər adama lütf eləmədiyi əsl sadəliklə tanış olmaq imkanıdı... Belələri həm Tanrının, həm də bəndələrin seçdiyi İNSAN taleyini yaşayırlar. Haqsızlıq görməkdən yorulan insanlarla həmsöhbət olmaq üçün görəsən bir millət vəkilində daha hansı insani keyfiyyətlər olmalıdır? Qənirə xanımla söhbət edən adamın daxilində sabaha İNAM hissi baş qaldırır. Mənə elə gəlir Qənirə xanım həmsöhbət olduğu adamın həm də ruhunu görür. Kövrək qəlblərin musiqisini eşidir.
Axı o, düz yeddi il musiqi təhsili alıb. Musiqi ruha qida verir, vaxt isə ekranda-efirdə, divar saatının çıqqıltısında, meşin qapılar arxasında əriyir...
QAPI: Qənirə Paşayevanın özbək dilində “Aç qapını” adlı kitabı çap olunub. Mən ötən il Özbəkistanda təqdimatı keçirilən o kitab haqqında yox, bu ilin martından Milli Məclisdə Mədəniyyət komitəsinin sədri missiyasını yerinə yetirən Qənirə Paşayevanın hamının üzünə açıq olan qapısından söhbət açmaq istərdim. Günlərin bir günü bu qapıya təşrif gətirən balaca rəssamla Qənirə xanımın söhbətinə qulaq müsafiri oldum. “Biləsuvarda sərgini təşkil eldəndən sonra mənə zəng elə, o sərgiyə deputat həmkarlarımı da dəvət edəcəyəm, bəyəndikləri şəkillərindən alacaqlar.” Sonra mən o balaca rəssamın daxilinə dolan işığı gördüm. O işığın zərrələrindən tuta-tuta çəkdiyi rəsm əsərlərindən birini Qənirə xanıma “hədiyyə” gətirmişdi. O balaca rəssamın içində vurnuxan ilahi musiqi fırçasında “gül” açmışdı.
O gün illərlə meşin qapılar arxasında VAXT itirən, həmin qapılardan içəriyə nə özü, nə sözü keçən yaradıcı adamları göz önünə gətirdim. Sevindim ki, o balaca rəssamın üzünə açılan QAPI onun istedadına qol-qanad verəcək. O gündən içimdə yorulmadan qaçan atın ayaq səslərini eşidirəm. Oğuz elinin əfşar boyundan Böyük Yola çıxan atlı keçmişdən gələcəyə -Turan elinə gedirdi...
SON SÖZ YERİNƏ DUA: İlahi, “Allah, sevən qəlblərdədir” deyən bizim Vətən pərvanəsinin - qənirsiz Qənirənin yorulmaz və mübariz ruhuna güc-qüvvət ver, əzmkarlığına əzm qat, ona “tonqala atılan Jannadan, Vətən ugrunda Kirin başını kəsən Tomrisdən, İsgəndərə ədalət dərsi keçən Nüşabədən, sevgi şəhidi Leylidən çox yaşadığına”, amma onlardan heç biri ola bilmədiyinə, “gəncliyini, sevdanın dadını savaşlarda itirdiyinə” görə tükənməz SƏBR əta elə!.. İlahi, ondan və onun timsalında bütün qeyrətli, fədakar, vətənpərvər Azərbaycan qadınlarından anamız Tomrisə bəxş etdiyin zəfər sevincini əsirgəmə!.. Yarəb, belə bir günü xalqımıza tezliklə nəsib et, Sən haqlını-haqsızı görən, hər şeyi bilən, hər şeyə qadir güc və qüdrət sahibisən!..
Nurəddin ƏDİLOĞLU.