AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın qüdrətli dövlətə çevrilməsi, dünyada nüfuzunun artması Prezidentimizin müdrik və uzaqgörən siyasətinin nəticəsidir

  • + A
  • - A
  • 1-11-2020, 20:35

    Azərbaycanın qüdrətli dövlətə çevrilməsi, dünyada nüfuzunun artması Prezidentimizin müdrik və uzaqgörən siyasətinin nəticəsidir


    Hər bir xalqın, millətin xoşbəxtliyi, ilk növbədə, onun müstəqil və güclü dövlətə malik olması ilə müəyyən edilir. Bu gün hər bir Azərbaycan vətəndaşı güclü dövlətə malik olması və onun müstəqilliyi ilə fəxr edir. Azərbaycanda müstəqil dövlətçiliyin qorunması ənənəsinin yaradılması Ulu Öndərin, dövlətimizin modernləşməsi və daha da güclənməsi, milli iqtisadiyyatımızın sürətli inkişafı Prezident İlham Əliyevin adı ilə bağlıdır. Bugünkü gündə Azərbaycanın güclü və qüdrətli dövlətə çevrilməsi, dünyada nüfuzunun artması, söz sahibinə çevrilməsi dövlət başçımızın yürütdüyü müdrik və uzaqgörən siyasətin nəticəsidir. Çünki bu siyasət dünya sivilizasiyasının qəbul etdiyi bazar iqtisadiyyatı prinsiplərinə, azad sahibkarlığa, beynəlxalq iqtisadi əməkdaşlığın dərinləşməsinə, sosialyönümlü iqtisadi siyasətin həyata keçirilməsinə əsaslanır.
    Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İqbal Məmmədov bildirib.
    Prezident İlham Əliyevin qurucu Lider olduğunu diqqətə çatdıran İ.Məmmədov bildirib ki, Azərbaycan Prezidenti müasir dövlət quruculuğunu öz siyasətinin prioriteti elan edərək, ölkənin ümumi inkişaf strategiyasını müasir dövrün tələblərinə uyğunlaşdıraraq uğurla həyata keçirdi. Məhz Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin sayəsində ölkəmizin iqtisadi sistemi yenidən quruldu, güclü iqtisadi potensial yaradıldı. Təsadüfi deyil ki, ötən 17 il ərzində Azərbaycan Prezidenti Ulu Öndərin qurduğu təməl üzərində Azərbaycanın bir dövlət kimi dayaqlarını daha da möhkəmləndirdi. Dövlət başçısının məqsədyönlü, konkret hədəflərə istiqamətlənmiş fəaliyyəti ölkənin siyasi və sosial-iqtisadi həyatı ilə bağlı problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etməklə yanaşı, qarşıya qoyulan vəzifələri müvəffəqiyyətlə və səmərəli şəkildə həyata keçirməyə imkan verdi. Bu müddət ərzində ölkənin artan imkanları insan kapitalının formalaşmasına, əhalinin sosial təminatının, xalqın rifahının daha da yüksəlməsinə yönəldildi, Azərbaycan nümunəvi sosial siyasət həyata keçirən dövlətə çevrildi. Ölkəmizin güclü, qüdrətli dövlətə çevrilməsini, həm iqtisadi, həm siyasi və həm də hərb meydanında güclü olduğunu hər birimiz görürük. Nəinki biz, bütün dünya görür.
    Deputat vurğulayıb ki, dövlət müstəqilliyi və siyasi azadlıq milli iqtisadiyyatın inkişafına şərait yaratdığı kimi, milli iqtisadiyyatın inkişafı və güclənməsi də dövlət müstəqilliyinin dayaqlarını daha da möhkəmləndirir. Təbii ki, Azərbaycanın öz dövlət müstəqilliyini qoruyub saxlaya bilməsi bir dövlət kimi inkişafımızda çox mühüm amildir. Biz müstəqil olmasaydıq, nə neft strategiyasını, nə də təşəbbüskarı olduğumuz digər strateji və transmilli layihələri həyata keçirə bilməzdik. Azərbaycan Prezidenti İlham Əliyevin siyasəti nəticəsində müstəqilliyimizin gücləndirilməsi iqtisadiyyatımızın milli maraqlara uyğun inkişaf etdirilməsində öz əksini tapıb.
    “Son 17 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadi quruculuq prosesi geniş vüsət alıb. Azərbaycan regionun ən perspektivli ölkəsinə çevrilib. Hər bir Azərbaycan vətəndaşı ölkəmizin iqtisadi gücü və qüdrətinin ilbəil artmasının şahidi olmaqla bərabər, iqtisadi inkişafın nəticələrini özünün həyat səviyyəsinin yüksəlməsində hiss etdi. İslahatçı Prezidenti kimi sevilən İlham Əliyevin xidmətləri sayəsində ölkənin idarəetmə sistemi təkmilləşdirildi, yeni kadr siyasəti idarəetmədə nöqsanları, əyintiləri aradan qaldırdı, hakim komandanın monolitliyini daha da gücləndirdi, onun kreativliyini, operativliyini, müasirliyini təmin etdi.
    Ölkəmizdə işsizliyin aradan qaldırılması, qaçqın və köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, regionların sosial-iqtisadi inkişafı, əməkhaqqı sisteminin təkmilləşdirilməsi, pensiya sistemində və sosial sahədə islahatların sürətləndirilməsi və məşğulluğun təmin edilməsi istiqamətində müsbət nəticələr əldə edilib. Xüsusilə ordu quruculuğu sahəsində aparılan işləri qeyd etmək lazımdır. Məhz bu səbəbdən Azərbaycan Ordusu bu gün hərb meydanında düşmənə layiqli cavab verərək onu öz torpaqlarından çıxarır. 30 ilin problemini bu gün məhz Azərbaycan Ordusu yerinə yetirir. Əldə olunan uğurları, ilk növbədə, ölkə rəhbərliyinin siyasi iradəsi və qətiyyətli addımları, ictimai-siyasi sabitliyin qorunub saxlanılması, dövlət idarəçiliyinin səmərəli təşkili, vahid dövlət siyasətinin həyata keçirilməsi ilə təmin olunub”, - deyə İ.Məmmədov bildirib.
    Deputatın sözlərinə görə, güclü dövlət və güclü siyasi hakimiyyət milli iqtisadiyyatını formalaşdıran bir ölkə üçün prinsipial əhəmiyyət kəsb edir. İctimai-siyasi sabitliyin qorunub saxlanılması ölkəmiz üçün bu gün də imkanlar pəncərəsi kimi çıxış edir. Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir. Balanslaşdırılmış uğurlu xarici siyasət iki və çoxtərəfli iqtisadi əlaqələri genişləndirməyə əlverişli şərait yaradır. O deyib ki, istənilən dövlətdə siyasi sabitliyi və təhlükəsizlik mühitini şərtləndirən həlledici amil xalq-iqtidar birliyidir. Bu birliyin təmin olunması təbii ki, xalqını arxasınca aparmağı bacaran güclü, müdrik və uzaqgörən liderin zəhməti hesabına başa gəlir. Dövlətimizin başçısı müasir Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursu uğurla davam etdirərək son 17 il ərzində respublikamızın dayanıqlı inkişafını təmin edib, onun dünyada nüfuzunu artırıb. Hər zaman siyasətində milli maraqları hər şeydən üstün tutan, müdrik təfəkkürü, aktual baxışları ilə başqalarından fərqlənən Prezident İlham Əliyevin liderlik keyfiyyətləri dünya miqyasında yüksək qiymətləndirilir.
    Dünya ictimaiyyəti onun necə lider olduğunu bu günlərdə nüfuzlu kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrdən aydın görür. İstənilən hazırlıqlı jurnalist Azərbaycan Prezidentinin siyasi savadı, dərin təfəkkürü, tarixi faktları yaxşı bilməsi qarşısında dayan bilmir. Prezident İlham Əliyev qərəzli suallarla ona müraciət edən media işçisinin səviyyəsinə enmir, əksinə, verdiyi sualları təmkinlə cavablayır.
    “Vətən müharibəsində bütün çətinliklərə, xarici qüvvələrin təzyiqinə cəsarətlə sinə gərən və onları qətiyyətlə dəf edən Prezident İlham Əliyev Azərbaycan xalqının haqq işi uğrunda əsl fədakarlıq nümunəsi ortaya qoydu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev son 500 ildə tarixi torpaqlarını ardıcıl şəkildə itirməyə məhkum olmuş Azərbaycan xalqının milli mənliyini, gücünü özünə qaytardı, tarixi ədaləti bərpa etdi. Prezident İlham Əliyev qurucu lider, müzəffər sərkərdə və xalqımızın ən böyük arzularını gerçəkləşdirən şəxsiyyət kimi adını əbədi olaraq tarixə yazdı”, - deyə deputat fikirlərini yekunlaşdırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR