AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ağdam şəhər 1 nömrəli məktəbin şərəfli keçmişi

  • + A
  • - A
  • 1-02-2021, 15:30

    Ağdam şəhər 1 nömrəli məktəbin şərəfli keçmişi

    Zəngin tarixə malik olan 1 nömrəli orta məktəbin inkişaf yolu olduqca məzmunludur.

    Hamımıza yaxşı bəllidir ki, Ağdam Qarabağın bir çox sahələrində İLKƏ imza atıb. Onlardan biri də ilk məktəbin açılşı ilə bağlıdır. Araşdırmamız nəticəsində əldə etdiyimiz məlumatlardan ən önəmlisi o oldu ki, bir nömrəli orta məktəb 1883-cü ildə indiki Füzuli rayonunun Qarğabazar kəndindən olan Əsgər bəy Eyvazov tərəfindən Muradbəylidə Əbdül Zamanovun mənzilində açılıb. Qori şəhərindəki Zaqafqaziya müəllimlər seminariyasının Azərbaycan şöbəsinin bitirmiş Əsgər bəy Eyvazovun açdığı və cəmi 5 nəfər şagird olan bu məktəbə dərslər rus dilində keçilib.

    Bu addımın atılması çarizm üçün vacib sayılırdı. Belə ki, qərarın verilməsinin əsas məqsədi həm idarəçiliyə yerli kadrların cəlb edilməsi, digər tərəfdən çarizm ideologiyasının təbliği, həm də XIX əsrin 60-70-ci illərindəki məktəb islahatı və dünyəvi elmlərin tədris edilməsi tələbi ilə bağlı idi. Məlumatlardan o da bəlli oldu ki, Əbdül Zamanovun mənzildəki qısa müddətli fəaliyyətdən sonra bu məktəb Lenin küçəsindəki (sonralar Eldar Bağırovun adını daşıyırdı) rayon Xalq maarif şöbəsinin yerləşdirdiyi binanın arxa tərəfindəki evə köçürülmüşdü. Həmin binanın sahibi Xurşud Banu Natəvanın knyaz X.B Usmiyevdən olan oğlu Mehdiqulu xan Vəfanın qızı Ağabikənin əri Əkbər Mirzəyə məxsus olduğu deyilir. Məktəb həmin binada yerləşərkən onun direktoru Qazax rayonundan Əhməd bəy Abbasov olub. Şagirdlərin sayı artdığından sonralar həmin məktəb artıq knyazın mənzilinin kiçik otaqlarına sığışmayıb.

    1904-cü ildə həmin məktəb sonralar tədris istehsalat kombinatının yerləşdiyi binaya köçür. Bu zaman məktəbin direktoru Ağdamın Gülablı kəndindən olan Abbas İsmayılov olub. Abbas bəy maarifpərvər ziyalı, bacarıqlı təşkilatçı idi. Onun vaxtında məktəb iki sinifli, təhsil müddəti isə 4 il olub. Tədris planında Azərbaycan dili, A.O Çeriyayevskinin Vətən dili, rus dili, hesab, şəriət, hüsnxətt fənləri var idi. Rus dili fənni K,D.Uşinskinin ”Rodnaya reç” kitabı üzrə tədris edilib.

    Abbas bəy Ağalar oğlu İsmayılov 1885-ci ildə Ağdamın Abdal kəndində anadan olub. Dayısı Əlixan Tiflisdə dövlət qulluğunda, hərbi işdə çalışıb. Dövrünün tanınmış ziyalısı idi. Əlixan bacısı oğlu Abbası Tiflisə aparıb onun tərbiyəsi ilə yaxından məşğul olur və sonra Qori seminariyasına oxumaga göndərir. 1905-ci ildə Abbas bəy Qori seminariyasını bitirir və təyinatla Bərdənin Ləmbəran kəndinə göndərilir. İki ildən sonra, 1907-ci ildə o, əvvəlcə Qərvənd məktəbinə, 1909-10-cu dərs ilində “Bir nömrəli”yə direktor təyin edilir.

    Əldə etdiyimiz məlumatlarda qeyd edilir ki, A.İsmayılov bütün şüurlu həyatını Qarabağda maarifin çiçəklənməsinə, əhalinin savadlanmasına, təlim-tərbiyə işinə sərf edir. Abbas bəy 20 il (1909-1929) 1 nömrəli məktəbin direktoru olur. Həmin illərdə ibtidai məktəbi iki sinifli mütərəqqi məktəbə çevirmiş, təhsil müddətini beş il etdirmişdi. Sonradan məktəbi genişləndirmiş, onu əvvəlcə yeddiillik, sonra isə orta məktəb səviyyəsinə çatdırmışdır.

    Abbas bəy məktəbinin yetirmələrindən Məmməd Abdullayev, Yaqub Tağıyev, Behbud Mustafayev, Yusif Əhmədov, Vəliyəddin Əfəndiyev, Hacı Hacızadənin adları çəkilir.

    Xatırladaq ki, A.İsmayılovun xidmətləri həmin məktəbə direktorluq etməsi ilə qurtarmır. O, rayon Xalq maarifi şöbəsinin çox bacarıqlı inspektoru olub. Habelə onun təşəbbüsü ilə rayonun Muradbəyli kəndində qızlar məktəbi (sonralar 7 nömrəli rus orta məktəbinin yerləşdiyi bina) və II dərəcəli məktəb açılmışdı.

    Abbas bəyin səyi, maarifpərvərliyi, böyük qayğıkeşliyi və humanizmi nəticəsində az müddətdə rayonun Seyidli, Sarıhacılı, Ətyeməzli, Qiyaslı, Muradbəyli və başqa kəndlərindən də məktəbə təhsil almağa gələn uşaqlar şagird kontingentini xeyli artırmışdı. Məktəbin o zamanki müəllimlərindəm Mirzə Davud Ağamirzəyev ana dilini (Vətən dili), Mirzə Məhəmməd şəriət dərslərini, Sonya xanım adlı rus qadını isə rus dilini tədris edirmiş. Onlar hər biri Qori seminariyasının müdavimləri olmuşlar. O zamanlar məktəbə yerli əhali “Abbas bəyin məktəbi”də deyərmişlər.1916-17- ci illərdə Rusiyadakı inqilab abu-havası Azərbaycana da təsirsiz ötüşmür. Ölkəmizdə mütərəqqi ideyalar boğulur, xalq maarifinə və məktəbə qarşı bir-birinin ardınca təqiblər başlanır. Bu vəziyyətdən ruhanilər sui-istifadə edərək Qarabağın ilk mütərəqqi məktəbini müvəqqəti olsa da bağlatdırmağa nail olurlar. Nəticədə şagirdlər öz sənədlərini belə ala bilmirlər. Onlardan bir neçəsi, o cümlədən maarifpərvər Əli İbrahimov Qori seminariyasına oxumağa gedir. 1918-ci ildə xalqımızın tanınmış maarifçisi və publisisti F.B.Köçərlinin təşəbbüsü ilə Qori seminariyasının Azərbaycan bölməsi Qazağa gətirilir. Qarabağ əhalisnin maariflənməsində bu nəcib təşəbbüsün böyük faydası olmuşdur. Vəli Məmmədov, Kərim Kərimov, Əli Abdullayev, Məhiş Hüseynov, Həsən Həsənov,Vəli və Nəriman Axundovlar və bir çox başqaları həmin seminariyanın yetişdirmələridir.Qeyd etmək yerinə düşərdi ki, Əli İbrahimov Qori seminariyasını bitirdikdən sonra Ağdama gəlmiş və öz evində (bir nömrəli hamamın qarşısında, Əli İbrahimov küçəsində) ilk qız məktəbi açmışdı. O bununla kifayətlənməyərək, məktəb bağlandıqdan sonra təhsildən kənarda qalan Y.Əhmədov, H.Hacızadə və başqalarını toplayıb sinif təşkil etmişdi. Həmin sinifdə Abbas bəy, Mirzə Davud Ağamirzəyev və Mirzə Məhəmməd dərs demişlər. Azərbaycan Xalq Cumhuriyyəti illərində məktəb fəaliyyətini bərpa etmiş, sovet hakimiyyəti qurulduqdan sonra məktəb yeni strukturla açılmışdı.Abbas bəy və maarifpərvər, bacarıqlı təşkilatçı Mir Kazım müəllim müxtəlif illərdə məktəbə rəhbərlik edirlər.1948-49-cu dərs ilinə qədər şəhər 1 nömrəli orta məktəb şəhər tədris istehsalat kombinatının binasında qalır. Sonralar məktəb sonuncu fəaliyyət göstərdiyi binaya köçmüş və o zamandan Qarabağın ən qədim məktəbi kimi fəaliyyət göstərmişdir.

    Ağdam 1 nömrəli məktəb işğaldan əvvəl

    Yeri gəlmişkən qeyd edək ki, Ağdamın erməni işğalına məruz qaldığı illərdə məktəbdə 100 nəfərə qədər müəllim 1300 nəfər şagirdin təlim-tərbiyəsi ilə məşğul olumuşdur. Məktəbdəki müəllimlərin hamısı ali təhsilli idi. Məktəbin müasir cihazlarla təmin olunmuş labaratoriyaları, fənn kabinetləri, zəngin kitabxanası, idman zalı və hətta hər il 15 min rubl gəlir verən geniş məktəbyanı sahəsi var idi.

    Məktəbin məzunları arasında 200-dən çox elmlər namizədi, elmlər doktoru və professor var. Akademik Cəmil Quliyev, AMEA-nın müxbir üzvü, SSRİ Dovlət mükafatı laureatı, texnika elmləri doktoru Rafiq Əliyev, Azərbaycan SSR Elmlər Akademiyasının muxbir üzvü, geologiya- mineraligiya elmləri doktoru Xudu Məmmədov, keçmiş SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü , akademik, tibb elmləri doktoru Adilə Namazova, biologiya elmləri doktoru Tofiq Mikayılov, fəlsəfə elmləri doktoru Cahid Quliyev, akademiq Dilqəm Tağıyev və onlarla başqa elm xadimi məhz bu məktəbin məzunlarıdır.

    Ağdamın işğalınadək məktəbin məzunlarından 35 nəfəri həmin məktəbdə fəaliyyət göstərmişdir. Bu müdavimlərdən X.Mustafayeva, E.Cəfərova, N.Məmmədova və başqaları öz peşəsinə dərindən yiyələnmiş, savadlı və qayğıkeş müəllimlər sayılırdı. Məktəbin dərs hissə müdiri Ənvər Nəsibov, təşkilatçı Asif Abbasov, qabaqcıl maarif xadimlərindən olan təcrübəli müəllimlərdən N.Quliyeva, Q.Şirinova, Ə.Məmmədova və başqaları nəinki məktəbdə, eləcə də rayonda tanınmış pedaqoqlardan sayılırdı…Yuxarıda adları çəkilən elm xadimlərinin siyahısına, 40-cı illərin təbirincə desək “ordenli” müəllim Əli Eyvazovun, bir nömrəliyə rəhbərlik etmiş Şiraslan Abdullayevin, Səmayə İbrahimovanın və Qarabagda təhsilin inkişafında xüsusi xidmətləri olmuş Süleyman Zeynalovun adlarını əlavə etsək, görərik ki, tək bir nömrəli məktəbin verdiyi töhvələr saysız hesabsızdır. 1993-cu ilin iyul ayında Ağdam şəhərinin işğalından sonra 1 nömrəli məktəbində qismətinə köçkünçülük düşdü. Məktəbimiz 1993-94-cü tədris ilində Bərdə şəhərində öz fəaliyyətini bərpa etməklə, köçkün müəllimləri işə, şagirdləri isə tədrisə cəlb edə bildik. Mən bir pedaqoq kimi qürurluyam ona görə ki, 28 ildir ki, tarixi şöhrəti olan Ağdam şəhər 1 nömrəli orta məktəbə rəhbərlik etməklə, bu tədris ocağının ənənələrini davam etdirməyə çalışmışam. Bu illər ərzində ağır şəraitdə fəaliyyət göstərsək də, lakin hər il məzunlarımızın çox hissəsi ali və orta ixtisas məktəblərinə qəbul olaraq, tələbə adını qazanıb. Artıq 8 ildir ki, dövlətimizin qayğısı hesabına məktəbimiz müasir tipli bina ilə təmin olunub. Buda tədrisin keyfiyyətinin daha da yüksəlməsinə səbəb olub. Sevindirici haldır ki,866 yeni qəsəbənin və məktəbimizin açılışında AzərbaycaRespublikasının Prezdenti Cənab İlham Əliyev şəxsən iştirak etmişdir.

    Bir nömrəli məktəbin məzunları həm birinci Qarabağ müharibəsində, həm də 44 günlük Vətən savaşında iştirak edərək igidlik nümunəsi göstəriblər.Məktəbin məzunları olan Allahverdi Bağırov və Asif Məhərrəmov birinci Qarabağ müharibəsində göstərdikləri igidliyə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdü və 1-ci Qarabağ müharibəsində məktəbin 17 nəfər məzunu şəhidlik zirvəsinə yüksəlmişdir 2-ci Qarabağ müharibəsində məktəbin 6 nəfər məzunu iştirak etmiş 2015-2016-cı tədris ilinin məzunu olmuş Quliyev Aqil Mətləb oğlu Şuşa şəhərinin alınmasında şəhid olmuşdur.Bu şəhidlər bizim qürurumuz və fəxr yerimizdi. Son olaraq qeyd edim ki, 2023-cü ildə məktəbimizin 140 illiyi qeyd ediləcək. Bizim üçün sevindirici haldır ki, Azərbaycan təhsilinin inkişafında öz yeri və izi olan, son 28 ildə köçkün həyatı yaşamış məktəbimizin 140 illiyini doğma Ağdam şəhərində qeyd edəcəyik. Bu bizlər üçün iki qat bayram olacaq. Bu sevinci bu qələbəni bizə yaşatdığı üçün Azərbaycan Respublikasının prezdenti ali baş komandan İlham Əliyev cənablarına və vitse prezdent Mehriban Əliyeva Azərbaycan ordusuna sonsuz təşəkkürümüzü bildiririk.Bu sevinci bu qələbəni bizə yaşatdığı üçün Azərbaycan Respublikasının Prezdenti Ali baş komandan İlham Əliyev cənablarına vitse prezdent Mehriban Əliyeva Azərbaycan Respubilikasının ordusuna sonuncu təşəkkürümüzü bildiririk.


    Çimnaz Kərimova,

    Ağdam şəhər 1 nömrəli orta məktəbin direktoru, "Qabaqçıl Maarif xadimi"


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR