AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənilər təkcə Qarabağdan yox, Ermənistandan da qaçırlar... - GƏLİŞMƏ

  • + A
  • - A
  • 31-03-2021, 09:05

    Ermənilər təkcə Qarabağdan yox, Ermənistandan da qaçırlar... - GƏLİŞMƏ

    Qarabağ müharibəsindən sonra Xankəndinə və ətraf rayonlara qayıtmış sadə ermənilər bir tikə çörək hayında ikən, yerli siyasətbazlar dinc dayanmır. Məlumdur ki, ötən həftə Xankəndində hələ də ağıllanmayan “parlamentin” 27 “deputatı” rus dilinin ikinci “dövlət dili” olması barədə “qərar” verib. “Yeni qanuna görə” zərurət olduğu halda sənədlər və yazışmalar rus dilində də aparıla bilər.

    Məlum olub ki, bu qondarma qərarı vermək o qədər də asan olmayıb. Belə ki, Daşnaksütyun Partiyası “qərarı” erməni dilinin sıxışdırılması kimi izah edib və bu səbəbdən rus dilinə “işçi dil statusu” verilməsini təklif edib. Lakin digər “deputatlar” rus dilinə daha yüksək status verilməsinə razılaşıblar. Maraqlıdır ki, qondama qərar layihənin həmmüəllifi olan “Ardarutyun” (“Ədalət”) Partiyasından olan deputat Metaxe Hakobyan küsdürüb, “sənəddən” imzasını geri götürüb və səsvermədə isə iştirak etməyib.

    Hakobyan bildirib ki, onun təklif etdiyi dəyişikliklər nəzərə alınmayıb və bu səbəbdən imzasını geri götürüb. “Artsax Demokratik Partiyası”ndan olan “deputat” da “rus dili qərarını” boykot edib.

    Ermənistanda da qərara birmənalı qiymət yoxdur, amma belə görünür ki, bu, Rusiyaya münasibətdə yeni bir siyasi oyundur, ermənilər Moskva ilə yıxılmış münasibətlərini yenidən bərpa etmək istəyirlər.

    “”Çiçəklənən Ermənistan" Partiyası yaxın vaxtlarda Rusiya ilə yeni hərbi-siyasi ittifaq yaradılması barədə qanun layihəsini parlamentə təqdim edəcək". Bunu partiyanın deputatı Naira Zöhrabyan bəyan edib. Erməni deputat rus dilinə “rəsmi dil statusu” verilməsini məntiqi adlandırıb və eyni zamanda Rusiya Federasiyası ilə münasibətlərə yenidən baxmağı təklif edib.

    Deputat deyib ki, müharibədən sonra “Ermənistan və Dağlıq Qarabağ sərhədlərinin təhlükəsizliyinin qarantı Rusiyadır və bu səbəbdən ölkələrarası münasibətlərə yenidən baxmaq lazımdır: ”İnanırıq ki, Rusiya ilə yeni hərbi-siyasi ittifaq qurmağın vaxtı gəlib və bu yaxınlarda detallı bir layihə təqdim edəcəyik".

    Xankəndi və ətraf bölgələrdə məskunlaşmış erməniləri isə Rusiya və rus dili məsələsi yox, gələcəkləri düşündürür. Məlumdur ki, bir neçə gün əvvəl Xankəndində etiraz aksiyası keçirilib. Etirazçılar separatçı rəhbərlər və sülhməramlı kontingentin yüksək rütbəli şəxsləri ilə görüş tələb ediblər. Müxalif “Mənim haqqım” hərəkatının fəalları Azərbaycan dövlətinin nəzarətinə keçən ərazilərdən köçmüş ermənilərin yerləşdirilməsi məsələsinin həll olunmasını tələb edərək Xankəndində yolları bağlayıblar. Bunun üçün etirazçılar separatçı oliqarxların “korrupsiya gəlirləri” ilə qurulmuş malikanələrindən istifadə olunmasını təklif ediblər. Aksiyaçılar qanunsuz yolla əldə edilmiş əmlakın müsadirə edilməsinə dair bir “qanun” qəbul edilməsi tələbini də qoyublar. Onlar separatçı rejimin qanunsuz “ədliyyə nazirliyi”nin tələb olunan “qanun” layihəsini hazırlamaq üçün son tarix elan edənə qədər yolları açmaqdan imtina ediblər. Axşam saatlarında hərəkat fəalları “rəsmi”lərlə görüşdən sonra mərkəzi prospektin açılması ilə razılaşıblar. Etirazçılar “hakimiyyət”ə tələbləri yerinə yetirmək üçün iki həftə vaxt verdiklərini, lakin məmurların hərəkətlərinin onlara uyğun görünmədiyi təqdirdə etiraz aksiyalarının növbəti günlərdə də davam edəcəyini istisna etmədiklərini söyləyiblər.

    Baş verənlərdən sonra separatçı dəstə başçısı Araik Arutyunyanın qəfil Ermənistana getməsinin səbəbi də üzə çıxıb. Çünki Araik Arutyunyan keçirdiyi görüşlərdə ermənilərin sosial vəziyyətinin ağır olduğunu ön plana çıxarıb. Məlumdur ki, Nikol Paşinyanın rəhbərlik etdiyi iclasda qərara alınıb ki, Qarabağdakı ermənilərə ev tikmək üçün 200 milyon dollar (110 milyard dram) maddi yardım ayrılıb. Bu maddi vəsaitin yarısını isə “Hayastan” ümumerməni fondu verəcək.

    Bu vəsaitin hələ də siyasi oyunların alətinə çevrilən sadə ermənilərə kömək edəcəyi isə sual altındadır. Görünən budur ki, ağır iqtisadi şərtlər Qarabağdakı “hayların”- ermənilərin vəziyyətini hər ötən gün daha çıxılmaz edir. Bu səbəbdən Qarabağdan qaçış gözləniləndir və zəlil Ermənistan hakimiyyətinin tələsik vəsait ayırması bu cür təhlükəni önləmək məqsədi daşıyır. Amma ermənilər təkcə Qarabağdan yox, Ermənistandan da qaçırlar...
    “Yeni Müsavat”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR