AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanlı jurnalist Fransa portalında "Xarıbülbül" festivalından yazıb

  • + A
  • - A
  • 19-05-2021, 09:36


    “Turquie News”: Ermənilər Qarabağda Azərbaycanın tarixi abidələrini dağıdıblar
    Azərbaycanın yeganə fransızdilli mətbu orqanı “Le Carrefour” (Yol qovşağı) qəzetinin təsisçisi, www.lecarrefour.az saytının rəhbəri, fransızdilli jurnalist Zeynab Kazımovanın Fransanın "Turquie-news.com” xəbər portalında “Ermənilər Qarabağda Azərbaycanın tarixi abidələrini dağıdıblar, "Xarıbülbül" - Şuşa Azərbaycan ruhunu qoruya bildi” (Les arméniens ont détruit les monuments historiques de l’Azerbaïdjan au Karabakh, « Kharybulbul » - Choucha a pu préserver l’esprit azerbaïdjanais ) sərlövhəli məqaləsi yayımlanıb.
    Məqalədə ermənilərin təxminən 30 ilə yaxın müddətdə Qarabağdakı bütün tarixi, mədəni, dini abidələri dağıtdıqları, Azərbaycan tarixini silməyə çalışdırqları bildirilir. Müəlif yazır ki, şəhərlər, kəndlər, qəbiristanlıqlar tamamilə yerlə yeksan edilib, ermənilər Azərbaycanın maddi mədəniyyət abidələrini vəhşicəsinə dağıdıblar.
    Prezident İlham Əliyevin 29 oktyabr 2020-ci il tarixli “Azərbaycan Respublikasının azad edilmiş ərazilərində xüsusi müvəqqəti idarəetmənin təşkili haqqında” fərmanına diqqət çəkən jurnalist Mədəniyyət Nazirliyinin nümayəndələrinin ərazilərdəki abidələrin və mədəniyyət müəssisələrinin monitorinqini apardıqlarını və sarsıdıcı nəticələr əldə olunduğunu yazır. Müəllif təəssüflə yazır ki, son 30 ildə beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumları tərəfindən heç bir faktaraşdırıcı missiya həyata keçirilməyib.
    Qarabağdakı məscid və ibadətgahlar nəinki dağıdılıb, əksər hallarda Azərbaycan xalqının milli mənəvi dəyərləri təhqir edilib. Müəllif dağıdılmış bir sıra məscidləri sadalayaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təsdiq etdiyi siyahıya əsasən, işğal olunmuş ərazilərdə 403-ə yaxın tarixi dini abidə olduğunu, onlardan 67-nin məscid, 144-nün məbəd və 192-nin ziyarətgah olduğunu bildirib. O, vurğulayıb ki, Ermənistan Respublikası azərbaycanlılara qarşı nifrətini ev heyvanlarını, o cümlədən donuzları məscidlərin içərisində saxlayaraq nümayiş etdirdi. “İşğal olunmuş ərazilərin zəngin mədəni irsinə, eləcə də xüsusi əhəmiyyət daşıyan misilsiz abidələrə bu cür münasibət Ümumdünya İrsi üçün təhlükə yaradır” – deyə jurnalist yazır.
    Eyni zamanda, müəllif bildirir ki, Ermənistanın vandalizmi özünü yalnız müsəlman tarixi və dini abidələrində deyil, həm də xristian tarixi və dini abidələrində büruzə verib. Kəlbəcər bölgəsindəki Xudavəng və Gəncasar monastırları da daxil olmaqla Qafqaz Albaniyasına aid bir çox məbədin ermənilər tərəfindən saxtalaşdırılaraq mənimsənilməsi və dağıdılmasına diqqət çəkən Zeynab Kazımova aparılan qanunsuz təmir işləri nəticəsində bu abidələrin qədim görünüşünün zədələndiyini qeyd edir. Jurnalist bildirir ki, ermənilərin əsas məkrli niyyətlərindən biri Azərbaycan ərazilərində olan Qafqazdakı alban irsini ələ keçirmək olub.
    “Keçən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyannaməyə görə, ermənilər Kəlbəcəri 25 noyabr tarixinə qədər təhvil verməli idilər. Ancaq bu dövrdə ermənilər tarixi abidələrə zərər verməyə davam etdilər. Xudavəng monastırı da bu vandalizmin qurbanı oldu. Beləliklə, ermənilər zəngləri, xaçları və digər qiymətli əşyaları monastırdan qanunsuz olaraq çıxarıb Ermənistana apardılar” – müəllif yazır.
    Ermənistanın Şuşadakı Gövhər Ağa məscidinin tarixini də "bərpa" adı altında saxtalaşdırdığını qeyd edən müəllif ermənilərin törətdikləri bu vəhşiliklərin “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il Protokolunun və 1992-ci il Avropa Arxeoloji İrsin Qorunması Konvensiyasının tələblərini pozduğunu diqqətə çatdırıb.
    Ermənistandan fərqli olaraq, Azərbaycanın əsrlər boyu müxtəlif mədəni və dini irs və ibadət yerlərini qoruyub saxladığını bildirən Zeynab Kazımova yazır ki, bunlar Azərbaycanın çoxmədəniyyətli və dini tərkibinin, həmçinin tarixinin ayrılmaz hissəsidir. Buraya müxtəliflik, multikulturalizm, tolerantlıq və dialoq dəyərləri daxildir.
    Azərbaycan hökumətinin azad edilmiş ərazilərdə tezliklə bütün tarixi və mədəniyyət abidələrinin bərpa ediləcəyi genişmiqyaslı tikinti işlərinə başlayacağını qeyd edən müəllif Prezident İlham Əliyevin 12-13 may tarixlərində Azərbaycanın mədəniyyət paytaxtı Şuşada, Cıdır düzündə onun təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan “Xarıbulbul” musiqi festivalında dediyi fikirlərə iqtibas edərək yazır ki, ermənilər cəhd etdilər, amma Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Şuşa Azərbaycan ruhunu qoruya bildi.
    “Dövlət başçısı Şuşanın Azərbaycan xalqının milli sərvəti olduğunu vurğulayıb. Şuşanın bu yaxınlarda Azərbaycan mədəniyyət paytaxtı elan edilməsi bunu bir daha göstərir. Şuşa qədim Azərbaycan şəhəridir. Gələn il Şuşanın 270 yaşını qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanı qurdu və o zamandan işğala qədər azərbaycanlılar həmişə bu şəhərdə yaşayırdılar. Ermənilər nə qədər çalışsalar da, Azərbaycan ruhunu Şuşadan silə bilmədilər. Bəli, binalar, məscidlər və abidələr düşmən tərəfindən dağıdıldı. Ancaq Şuşa Azərbaycan ruhunu qoruya bildi. Şuşa 28 il yarımdır işğal altındadır, amma əyilmədi, ləyaqətini, milli ruhunu, Azərbaycan ruhunu qorudu"- deyə məqalədə qeyd olunur.
    Sonda müəllif Şuşadakı musiqi festivalında Azərbaycanda yaşayan müxtəlif etnik qrupların nümayəndələrinin - ləzgilər, talışlar, ruslar, yəhudilər və digərlərinin musiqi qruplarının iştirakından söz açaraq, hamının bir ruh - milli ruh, Azərbaycan ruhu ətrafında birləşdiyini yazır. Jurnalist yazır ki, bu həm də Azərbaycanın çoxmədəniyyətli və ləyaqətli bir ölkə nümunəsi olduğunu bir daha göstərdi!








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR