AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezident Tahir Salahovun vəfatı ilə bağlı nekroloq İMZALADI

  • + A
  • - A
  • 21-05-2021, 19:36


    Prezident İlham Əliyev Xalq rəssamı Tahir Salahovun vəfatı ilə bağlı nekroloq imzalayıb.

    Nekroloq da deyilir:

    "Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssam, SSRİ və Azərbaycan Respublikasının Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Heydər Əliyev Mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Tahir Teymur oğlu Salahov 2021-ci il mayın 21-də ömrünün 93-cü ilində vəfat etmişdir.

    Tahir Salahov 1928-ci il noyabrın 29-da Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1945–1950-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbində, 1951–1957-ci illərdə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil almışdır.

    Tahir Salahov 1963–1974-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda, 1975-ci ildən isə V.İ. Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda pedaqoji fəaliyyət göstərmiş və 1984–1992-ci illərdə həmin institutda kafedra müdiri vəzifəsində çalışmışdır.

    Tahir Salahov 1979–1983-cü illərdə UNESCO yanında Plastik Sənətlər Assosiasiyasının vitse-prezidenti, 1983-cü ildən fəxri prezidenti olmuş, 1992-ci ildə Rəssamların Beynəlxalq Federasiyasının vitse-prezidenti seçilmişdir. O, bir sıra ölkələrin mötəbər yaradıcılıq qurumlarının fəxri üzvü olmuşdur.

    Tahir Salahov zəngin yaradıcılığında milli ənənələrlə dünya incəsənətinin ən mütərəqqi dəyərlərinin ahəngdar vəhdətinə nail olmuş və Azərbaycan mədəniyyəti salnaməsinə yeni parlaq səhifələr yazmışdır. Ötən əsrin 60-cı illərinin əvvəllərində Azərbaycanda özünəməxsus milli rəngkarlıq məktəbinin formalaşmasında Tahir Salahovun müstəsna xidmətləri vardır. “Sərt üslub” adlandırılan istiqamətin liderlərindən biri olan, daim yenilik hissi ilə yaşayan novator sənətkarın qrafik lövhələrində, mənzərə və natürmortlarında yaradıcı əməyin romantikası, mənəvi gözəllik, eləcə də yüksək amallı insanın daxili aləmi rənglərin incə çalarları ilə lakonik ifadəsini tapmışdır. Rəssam tariximizin və mədəniyyətimizin unudulmaz şəxsiyyətlərinin portretlərinin geniş qalereyasını yaratmış, bununla Azərbaycan boyakarlığının kamil nümunələrini meydana gətirmişdir. Sənətkarın mövzu və janr əlvanlığı, bədii forma rəngarəngliyi və estetik kamilliyi ilə səciyyələnən, ali məqsədlər naminə humanist fikirlər təlqin edən, hər birində Vətən torpağına sonsuz məhəbbət duyulan ecazkar tabloları mədəni irsimizin qızıl fondunda özünə həmişəlik layiqli yer tutmuşdur. Tahir Salahov eyni zamanda teatr-dekorasiya sənəti sahəsində uğurlu fəaliyyət göstərmiş, məharətli teatr rəssamı kimi səhnə əsərlərinə yaddaqalan orijinal bədii tərtibatlar vermişdir.

    Tahir Salahovun dünyanın mötəbər muzeylərini, məşhur qalereyalarını bəzəyən və şəxsi kolleksiyalarda saxlanılan əsərlərinin, habelə hər biri hadisəyə çevrilən fərdi sərgilərinin Azərbaycan mədəniyyətinin ölkə hüdudlarından uzaqlarda təbliğində xüsusi əhəmiyyəti olmuşdur. Pedaqoq kimi biliyini, təcrübə və bacarığını gənc fırça ustalarının yetişdirilməsi işinə sərf etmiş Tahir Salahovun misilsiz yaradıcılıq təcrübəsi neçə-neçə yeni rəssamlar nəsli üçün bundan sonra da məktəb rolunu oynayacaqdır. Tahir Salahov, həmçinin ictimai xadim kimi tanınmış, SSRİ Ali Sovetinin və Azərbaycan Respublikası Ali Sovetinin bir neçə çağırış deputatı seçilmiş və ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edərək, mədəniyyət siyasətinin həyata keçirilməsinə töhfələr vermişdir.

    Çoxsaylı beynəlxalq mükafatlara layiq görülən Tahir Salahovun uzunmüddətli səmərəli yaradıcılığı və məhsuldar ictimai fəaliyyəti hər zaman diqqət mərkəzində olmuş və yüksək qiymətləndirilmişdir. Müstəqil respublikamızın ali mükafatlarından olan “Heydər Əliyev”, “İstiqlal” və 1-ci dərəcəli “Əmək” ordenləri ilə təltif edilməsi doğma Vətənində onun sənətinə və şəxsiyyətinə dərin ehtiramın təzahürüdür.

    Görkəmli sənətkar, böyük ictimai xadim, əsl ziyalı və səmimi insan Tahir Teymur oğlu Salahovun işıqlı xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

    Allah rəhmət eləsin!

    İlham Əliyev

    Mehriban Əliyeva

    Əli Əsədov

    Sahibə Qafarova

    Samir Nuriyev

    Eldar Əzizov

    Fərəh Əliyeva

    Anar Kərimov

    Fərhad Xəlilov

    Ömər Eldarov

    Salxab Məmmədov

    Ağəli İbrahimov

    Fuad Salayev".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR