Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun məhkəməsi keçirilir.
“Qafqazinfo”nun əməkdaşı açıq məhkəmə iclasında iştirak etmək üçün hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesə qatılıb.
Lakin hakim zala daxil olduqdan bir neçə dəqiqə sonra heç bir hüquqi əsas olmadan jurnalistlərin zaldan çıxarılmasına göstəriş verib.
Məhkəmə icraçıları hakimin göstərişinə uyğun olaraq jurnalistləri zorla zaldan çıxarıblar. Lakin R.Bayramovun qohumları zala buraxılıb. Hazırda proses davam edir.
Bugünkü baxış iclasında prokuror çıxış edərək Rafiq Bayramovun hansı cinayətlərdə ittiham olunduğunu elan edəcək və sabiq nazir müavininə ifadə vermək təklif olunacaqdı.
Rəsmi açıqlamaya görə, Rafiq Bayramov tərəfindən Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsilə rayonlarda fəaliyyət göstərən musiqi məktəblərində müəllimlərin adına artıq tədris saatlarının rəsmiləşdirilərək bunun müqabilində onların əməkhaqlarından tutulan vəsaitlərin, habelə müxtəlif qanunsuz yollarla əldə edilən digər vəsaitlərin hər ay toplanaraq ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilib.
Rafiq Bayramov istintaqa ifadəsində özü də bunu etiraf edib: “Nazirliyə tabe olan 15 idarədən ümumilikdə hər ay 60 min manat pul yığılıb mənə verilirdi”.