“Qardaş dövlətin rəhbəri - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri əvvəlkilərdən fərqlidir”.
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov yazıb.
Türkiyə prezidentinin Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın incisi olan Şuşa şəhərinə gedəcəyini vurğulayan millət vəkili bildirib ki, olduqca strateji əhəmiyyət daşıyan bu səfər eyni zamanda iki ölkə arasında iqtisadi əlaqələrin də dərinləşməsinə gətirib çıxaracaq:
“Strateji əhəmiyyət daşıyan bu səfər sadəcə iki ölkə arasında ticarət dövriyyəsinin genişlənməsinə deyil, eyni zamanda qarşılıqlı sərmayə qoyuluşlarının da artmasına imkan yaradacaq. Son illər Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox investisiya yönəldən ölkələrdən birinə çevrilib. Azərbaycan Türkiyə iqtisadiyyatına 15 milyard dollardan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12,5 milyard dollar investisiya yatırıb. İmzalanmış müqavilələri nəzərə aldıqda Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayə qoyuluşu yaxın zamanlarda 20 milyard dollaradək yüksələcək. Göründüyü kimi, son illər bütün iqtisadi istiqamətlərdə iki ölkə arasında əməkdaşlığın güclənməsi müşahidə olunub”.
Vüqar Bayramov qeyd edib ki, bu il mart ayının 1-dən Azərbaycan ilə Türkiyə arasında Preferensial Ticarət Sazişi qüvvəyə minib:
“Saziş 15 mal qrupunu əhatə edir. Bu sazişdən sonra iki qardaş ölkə arasında ticarət dövriyyəsinin artacağı gözlənilir. Pandemiyanın təsirlərinə baxmayaraq ötən il də iki ölkə arasındakı ticarət dövriyyəsi əhəmiyyətli səviyyədə olub. 4,5 milyard dollarlıq ticarət dövriyyəsi ilə Türkiyə İtaliyadan sonra Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard 405 milyon dollar idi. Bütövlükdə, son illər Azərbaycan ilə Türkiyə arasındakı ticarət əlaqələrində artan tendensiya müşahidə olunub.
Belə ki, 2019-cu ildə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 33 faiz, 2017-ci il ilə müqayisədə isə 73 faiz artıb. Belə ki, ümumi ticarət dövriyyəsi 2018-ci ildə 3 milyard 403 milyon dollar, 2017-ci ildə isə 2 milyard 667 milyon olub. 2017-ci ildən etibarən Azərbaycan Türkiyə ilə xarici ticarət dövriyyəsində hər zaman müsbət saldoya malik olub. 2019-cu ildə bu saldo rekord şəkildə artaraq 1 milyard 200 milyon dollara çatıb.
2021-ci ildə Azərbaycan Türkiyəyə 8 milyard kub metr mavi qaz nəql etməyi planlaşdırır. Artıq ölkələr növbəti 3 il ərzində ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması ilə bağlı hədəf müəyyənləşdiriblər.
Eyni zamanda, Türkiyəni təmsil edən şirkətlər Qarabağın bərpa və yenidənqurmasında fəal iştirak edir. Türkiyə prezidentinin səfərindən sonra qardaş ölkə şirkətlərinin infrastruktur layihələrində daha fəal iştirak edəcəyi gözlənilir. Bütövlükdə, region üçün strateji əhəmiyyət daşıyan bu səfər ölkələr arasında iqtisadi münasibətlərin inkişafına xüsusi təkan verəcək”.